...

Enerji siyasətinin hüquqi tənzimlənməsindən bəhs edən kitab

İqtisadiyyat Materials 27 Dekabr 2018 12:30 (UTC +04:00)
Enerji daşıyıcılarının tranzit nəqli zamanı meydana çıxa biləcək mübahisələrin həllini nəzərdə tutan beynəlxalq hüquqi mexanizmlər olmadan onların təhlükəsizlik tranziti də həyata keçirilə bilməz.
Enerji siyasətinin hüquqi tənzimlənməsindən bəhs edən kitab

Bakı. Trend:

Enerji daşıyıcılarının tranzit nəqli zamanı meydana çıxa biləcək mübahisələrin həllini nəzərdə tutan beynəlxalq hüquqi mexanizmlər olmadan onların təhlükəsizlik tranziti də həyata keçirilə bilməz. Bu baxımdan enerji daşıyıcılarının tranzitinin tənzimlənməsinin hüquqi aspektlərinin elmi-nəzəri və praktiki baxımından araşdırılması və bu sahədə daha təkmil tədbirlərin görülməsi vacib məsəslələrdən hesab edilir.

​Hüquq üzrə fəlsəfə doktoru Razim Camal oğlu İsayevin “Müasir Beynəlxalq və Milli Hüquqda Enerji Daşıyıcılarının Tranzitinin Hüquqi Tənzimlənməsinin Nəzəri və Praktiki Problemləri” adlı monoqrafiyası məhz yuxarıda qeyd edilən problemlərin araşdırılmasına həsr edildiyi üçün olduqca aktual və dəyərli bir monoqrafiyadır.

​Bütövlükdə müasir dövrdə enerji daşıyıcıları ölkələrin və regionların iqtisadiyyatına, ictimai təhlükəsizliyinə ciddi təsir göstərir, eləcə də insanların sabitliyə etimadının minimuma endirilməsinə gətirib çıxara bilər. Bu isə enerji daşıyıcılarının nə dərəcədə əhəmiyyətli olmasını və onların hüquqi tənzimi problemlərinin həllinin labüdlüyünü bir daha sübut edir.

​Monoqrafiyada beynəlxalq hüquqda və dövlətdaxili qanunvericilikdə enerji daşıyıcılarının anlayışı müəyyən edilir, enerji daşıyıcılarının nəqli vasitələri kimi dəmiryol daşımaları, ticarət gəmiçiliyi, beynəlxalq boru kəmərləri və elektrik nəqletmə, ötürülmə xətləri ilə enerji resurslarının nəqli məsələləri elmi cəhətdən araşdırılaraq ətraflı və dolğun şəkildə şərh edilmişdir.

Əsərdə enerji daşıyıcılarının beynəlxalq tranzitinə dair hüquq münasibətinin qurulmasının prinsipləri və məhdud sayda iştirakçılar arasında həyata keçirilən tranzitin beynəlxalq-hüquqi tənzimlənməsi öyrənilmiş və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müqayisəli şəkildə təhlil edilmişdir. Enerji daşıyıcılarının tranziti sahəsində müasir normativ-hüquqi sənədlər, qabaqcıl beynəlxalq-hüquqi təcrübə və Azərbaycan Respublikasının müvafiq hüquqi aktlarından irəli gələn təcrübənin nəzərə almaqla hazırlanmış bu əsər ölkəmizin enerji siyasətinin hüquqi tənzimlənməsində və beynəlxalq enerji hüquqi elmində mövcud olan boşluqların aradan qaldırılmasına əhəmiyyətli rol oynayır.

​Monoqrafiyanın əsas xüsusiyyətlərindən biri də enerji resurslarının tranzit nəqli zamanı ətraf mühitin mühafizəsinin hüquqi tənzimlənməsi məsələlərinin aydınlaşdırılmasıdır. Bu mənada enerji daşıyıcılarının tranzit nəqli zamanı ətraf mühitin mühafizəsi məsələlərini nəzərdə tutan universal və regional xarakterli beynəlxalq müqavilələr geniş şəkildə təhlil edilmişdir. Yekun olaraq müəllif tərəfindən monoqrafiyada aparılmış hərtərəfli təhlillərlə əlaqədar nəzəri-praktiki baxımdan mühüm əhəmiyyət kəsb edən təklif və nəticələr göstərilmişdir ki, bunlar da hüquqi praktikada (Azərbaycan Respublikası da daxil olmaqla) və hüquq ədəbiyyatında kifayət qədər əsaslandırılmış elmi konsepsiyalara əsaslanır. İrəli sürülən əsas müddəa və təkliflər praktiki baxımdan da xüsusi əhəmiyyətə malikdir.

Beləliklə, rəy üçün təqdim edilən monoqrafiya özünün elmi əsaslandırılmış arqumentləri və müvafiq praktik əhəmiyyəti ilə də aktuallıq kəsb edir.

Enerji daşıyıcılarının tranzit nəqli ilə əlaqədar hüquqi tənzimetmənin rolunu, həcmini müəyyən etmək istər nəzəri, istərsə də praktiki baxımdan mühüm əhəmiyyət kəsb edir. Müəllifin müraciət etdiyi mövzunun aktuallığı da məhz bunula izah edilə bilər. Yuxarıda qeyd edilənlər monoqrafiya tədqiqatının aktuallığını bir daha təsdiq edir. Monoqrafiya struktur baxımından giriş, 3 fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatdan ibarətdir. Tədqiqatın planı məntiqi ardıcıllıqla tutulmuşdur, paraqraflar və fəsillər bir-birini tamamilə və dolğun şəkildə tamamlayır.

​Bütövlükdə müraciət edilən elmi tədqiqat əsəri kifayət qədər əhəmiyyətli, geniş, mürəkkəb və sistemli bir problemə həsr edilmişdir. Monoqrafiyanın ətraflı təhlili ilə əlaqədar müəllif tərəfindən mürəkkəb, aktual beynəlxalq–hüquqi problemlərə və hüquq ədəbiyyatındakı mövcud fikir müxtəlifliyinə geniş sürətdə müraciət edilməsi müsbət amillər kimi qiymətləndirilməlidir.

​Tədqiqatın yazılmasında müəllif tərəfindən hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi ilə, müxtəlif dövlətlərin qanunvericilik və beynəlxalq müqavilə (universal, regional və ikitərəfli) təcrübəsinə yaradıcı və geniş sürətdə müraciət edilmişdir. Monoqrafiyanın yazılmasında kifayət qədər geniş ədəbiyyatlardan, o cümlədən son dövr Azərbaycan və xarici ədəbiyyatlarINdan istifadə edilmişdir.

​Hüquqşünaslar, ali məktəb tələbələri, müəllimlər enerji daşıyıcılarının nəqli və tranziti ilə birbaşa əlaqədar olan şəxslər üçün nəzərdə tutulan bu əsər Azərbaycan Respublikasında və beynəlxalq arenada enerji daşıyıcılarının tranzit nəqli sahəsində daha böyük inkişafa nail olmağa, eləcə də tranzitin keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsinə böyük təkan verə bilər. Müasir beynəlxalq və milli hüquqda enerji daşıyıcılarının tranziti sahəsində hüquqi tənzimetmənin aktual nəzəri və praktiki problemlərini əhatə edən belə bir monoqrafiyanı ərsəyə gətirib oxuculara təqdim etdiyi üçün müəllifə dərin təşəkkürümüzü bildirir və R.C.İsayevin gələcək elmi fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti