...

Abşeronda 23 küçə və yol təmir olunur (FOTO)

İqtisadiyyat Materials 21 Aprel 2020 10:44 (UTC +04:00)
Abşeronda 23 küçə və yol təmir olunur (FOTO)

Bakı. Trend:

Abşeron rayonunda uzunluğu 29.2 km olan 23 küçə və yol təmir olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, sözügedən rayon ərazisində kompleks tədbirlərin icrası davam etdirilir.

Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19.7 milyon (on doqquz milyon yeddi yüz min) manatı ayrılıb.

Sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29.2 kilometr olan 23 küçə və yolda təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 240 min kv.m-dir.

Artıq sözügedən işlər çərçivəsində Mehdiabad qəsəbəsində uzunluğu 2 km, sahəsi 16 min kv.m olan Qara Qarayev,, həmçinin Masazır kəndində uzunluğu 0.7 km, sahəsi 4500 kv.m olan Şıxəli Qurbanov küçələri əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

Masazır kəndində uzunluğu 1.8 km, sahəsi 11 min kv.m olan Akim Abbasov və Ceyranbatan qəsəbəsində uzunluğu 1.2 km, sahəsi 11 min kv.m olan Heydər Əliyev küçələrində, həmçinin Saray qəsəbəsində ümumi uzunluqları 1 km, sahəsi isə 10 min kv.m olan 2 və 3 saylı orta məktəblərə gedən yollarda, bundan əlavə Aşıq İmran küçəsində aparılan əsaslı təmir işləri isə bitmək üzrədir. Hazırda sözügedən küçə və yollarda yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.

Qobu qəsəbəsində isə hazırda 2 küçədə təmir-tikinti işləri həyata keçirilir. Bu uzunluğu 1.5 km, sahəsi isə 15 min kv.m olan Aşur Həsənbalayev və uzunluğu 2.6 km, sahəsi isə 24 min kv.m olan Sona Salmanova küçələridir. Sözügedən küçələrdə yol əsasının tikintisi işləri aparılır. Torpaq işləri yaxın günlərdə yekunlaşacaq və küçələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start veriləcək.

Yaxın günlərdə təmir-tikinti işlərinə start veriləcək daha 2 küçə Mehdiabad qəsəbəsində, 1 prospekt isə Saray qəsəbəsində yerləşir. Bu ümumi uzunluqları 3 km-dən artıq olan Mehdiabad qəsəbəsinin Cəfər Cabbarlı və Əhməd Cavad küçələri, həmçinin uzunluğu 2.4 km olan Saray qəsəbəsinin Heydər Əliyev prospektidir. Sözügedən prospekt və küçələrdə təmir işlərinin aparılacağı ümumi sahə 55 min kv.m-ə yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti