...

Böyük Britaniya Azərbaycanın Avropaya yaşıl enerji ixracatını dəstəkləməyə hazırdır - Səfir (MÜSAHİBƏ) (FOTO)

İqtisadiyyat Interview 31 Yanvar 2023 16:37 (UTC +04:00)
Böyük Britaniya Azərbaycanın Avropaya yaşıl enerji ixracatını dəstəkləməyə hazırdır - Səfir (MÜSAHİBƏ) (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İkitərəfli ticarətin və investisiyaların təşviqi, beynəlxalq biznes üçün ən uyğun şəraitin yaradılması Azərbaycanla əməkdaşlıqda strateji prioritet kəsb edir.

Bu barədə Trend-ə eksklüziv müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old deyib.

Prioritet əməkdaşlığın qiymətləndirilməsi

"Böyük Britaniya və Azərbaycanın ticari-iqtisadi dialoq üzrə birgə hökumətlərarası illik komissiyası bütünlükdə Azərbaycan iqtisadiyyatının diversifikasiyasının dəstəklənməsinə fokuslanıb", - səfir deyib.

Onun sözlərinə görə, 2022-ci ildə səhiyyə, informasiya-kommunikasiya texnologiyaları (İKT) və kənd təsərrüfatı kimi prioritet sahələr müəyyən edilib.

Böyük Britaniya həyat elmləri, klinik tədqiqatlar, genomka, dərmanların hazırlanması, həmçinin, tibbi təhsil və ilkin tibbi yardım üzrə peşəkar təlim sahələrində əməkdaşlığa fokuslanıb", - səfir deyib.

"Biz, həmçinin, ikili diplomlar təqdim etmək üsullarını, eləcə də Britaniya universitetləri və tibb bacısı məktəbləri ilə tərəfdaşlıq məsələlərini öyrənməkdəyik", - Old qeyd edib.

"İKT sektoruna gəlincə, Böyük Britaniya elektron kommersiya, kibertəhlükəsizlik, "ağıllı" şəhər və kəndlər sahəsində, həmçinin, TheCityUK ilə Azərbaycanın Mərkəzi Bankı (AMB) arasında ötən il reallaşdırılmış Fintex layihəsinin inkişafı üzrə əməkdaşlığı nəzərdən keçirir", - diplomat əlavə edib.

"Biz kənd təsərrüfatı sahəsinin hazırkı modernizasiyasını, o cümlədən, aqrotexnologiyanı və bio və nanotexnologiyanın tətbiqini dəstəkləməyə çalışırıq", - səfi deyib.

"İnfrastrukturun, yaradıcı sənaye və rəqəmsal inşaatın inkişafı potensial əməkdaşlıq imkanlarının mövcud olduğu və geniş miqyasda öyrənməli olduğumuz daha bir sahədir. Ötən il bir sıra yeni uğurlu birgə layihələrin, o cümlədən, Bakı şəhərində Britaniya dizaynına məxsus hava yastığı üzərində ultra müasir barjanın inşasının, britaniyalı mütəxəssislərin Qarabağda yenidənqurma proseslərini dəstəklədiyini və tibbi tullantıların idarə olunmasının təkmilləşdirilməsi üzrə konsultasiya verən britaniyalı ekspertlərin dəstəyinin şahidi olduq", - Old əlavə edib.

İkitərəfli ticarətin və qarşılıqlı investisiyaların gücləndirilməsi

"Böyük Britaniya və Azərbaycan arasında qarşılıqlı ticarətin 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında artdığını görmək xoşdur. Böyük Britaniyadan Azərbaycana idxal olunan əsas məhsullar elektrik generatorları və sənaye avadanlığı, avtomobil və zərgərlik məmulatları kimi kapital və aralıq məhsulları olub. Azərbaycandan Böyük Britaniyaya ixrac olunan əsas məhsullar xam neft və mexaniki enerji generatorları və xüsusi avadanlıqlar kimi aralıq məhsulları olub", - o deyib.

Səfirin sözlərinə görə, Böyük Britaniya Azərbaycanla bzines mühitini yaxşılaşdırma yollarının müzakirəsinə imkan yaratmaq üçün iqtisadi və gömrük işçi qrupları təsis edib.

"Britaniya şirkətlərinin çağırışlarına cavab veriləndə və tədbirlər görüləndə bu, investorların etimadını artırmağa kömək edir. İctimaiyyətlə, özəl sektorla mütəmadi konsultasiyalar və biznes tərəfdaşlarla aydın kommunikasiya investisiya mühitinin təkmilləşdirilməsi üçün çox vacibdir", - o deyib.

Onun sözlərinə görə, Böyük Britaniya son 30 il ərzində Azərbaycanda yerlərdə 400-dən çox britaniyalı şirkətlə ən iri xarici investor olub.

"Britaniya şirkətləri iş yerləri yaratmaqla, təlimə və yerli istedadların inkişafına investisiyalarla, icmanın maariflənməsinə və inkişafına investisiyalarla Azərbaycan iqtisadiyyatına öz töhfələrini verməkdədir. Əhəmiyyətli sayda azərbaycanlı mütəxəssis Böyük Britaniya şirkətlərində rəqabətqabiliyyətli vəzifələr tuturlar, yüksək ixtisaslaşmış işçi qüvvəsinin bacarıqlarından isə beynəlxalq müştərilərə xidmət göstərilməsində istifadə olunur. Bütün bunlar təlim və inkişafın keyfiyyətindən, habelə azərbaycanlı peşəkarların nail olduğu rəqabət qabiliyyətindən xəbər verir", - o deyib.

"Bu gün Böyük Britaniyanın investisiyalarının böyük hissəsi enerji sektorunun payına düşsə də, əsas diqqət Azərbaycan iqtisadiyyatının diversifikasiyasına yetirilir", - deyən səfir əlavə olaraq Azərbaycanın biznes mühitinə etimadın Böyük Britaniya investisiyalarının digər sektorlara da cəlb olunacağına imkan yaradacağını bildirib.

"Hüquqi və məhkəmə-hüquq islahatlarında effektiv icra sayəsində əldə olunmuş davamlı tərəqqi, həmçinin, birbaşa xarici investisiyaların cəlb olunmasında həlledici rol oynayır. Görürük ki, dövlət müəssisələrinin effektivliyinin artırılması hakimiyyətin həlledici prioritetini təşkil edir. Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaradılması islahatları sürətləndirə bilər. Dövlət müəssisələrində islahatlar özəl sektora yönəlmiş artımı dəstəkləyə, özəl sektorun dövlət müəssisələrinin üstünlük təşkil etdiyi sektorlarda effektiv rəqabət aparmasına imkan verə və Azərbaycanda yeni investisiya imkanları aça bilər", - səfir qeyd edib.

Enerji tərəfdaşlığının parlaq perspektivləri

"Azərbaycan Cənub Qaz Dəhlizi ilə təbii qaz tədarükü sayəsində Avropanın enerji təhlükəsizliyinə artıq mühüm töhfə verməkdədir. "Yaşıl" enerji ixracı Azərbaycanın Avropanın enerji bazarında rolunu daha da möhkəmləndirəcək və ölkənin Avropanın elektrik enerjisi bazarına çıxışına imkan yaradacaq", - o deyib.

Onun sözlərinə görə, Böyük Britaniya Azərbaycanın bu istiqamətdə gördüyü bütün tədbirləri, o cümlədən, Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizdə sualtı enerji kabelinin çəkilməsi haqqında imzalanmış sazişi müsbət qarşılayır.

"Bu baxımdan, Böyük Britaniya Qara dənizdə şəbəkə təhlükəsizliyi tədarükçüsü olaraq bunun üçün əlverişli şərait yarada bilər", - Old deyib.

O, Böyük Britaniyanın Azərbaycanın perspektiv təmiz enerji sektorunun inkişafına kömək etmək üçün aktiv şəkildə öz təcrübəsini paylaşdığını vurğulayıb. Bu isə Azərbaycanın Avropaya "yaşıl" enerji ixracı üzrə planlarını əhəmiyyətli dərəcədə dəstəkləyəcək. Təmiz enerjiyə keçid üzrə hökumətlərarası işçi qrup və bu sahədə imzalanmış Anlaşma Memorandumu bu prosesi sürətləndirəcək.

Məsələn, səfirin qeyd etdiyi kimi, ötən ay yaşıl enerjiyə keçidlə bağlı konfrans keçirildi. Konfransda Azərbaycan tərəflə ölkədə təmiz enerji sektorunun inkişafına dair fikir mübadiləsi aparmaq üçün təmiz enerji sahəsində güclü imkanlara malik aparıcı Britaniya şirkətləri iştirak edirdi.

"Biz, həmçinin, "offshore" külək enerjisi, hidrogen, fərqli müqavilələr, bərpa olunan enerji mənbələrinin və enerji innovasiyaları sahələrinin inteqrasiyası sahəsində Energetika Nazirliyi və digər enerji tərəfdaşları ilə fikir mübadiləsi üzrə bir sıra vebinar keçirdik. Böyük Britaniyanın enerji bazarının tənzimləyicisi olan Ofgem Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə şəbəkələrin tənzimlənməsi, enerji islahatları və yaşıl tariflər üzrə qabaqcıl təcrübəsini paylaşıb.

"Azərbaycan bərpa olunan enerji mənbələri baxımından böyük potensiala malikdir. Ölkə quruda 27 GVt gücündə külək və günəş enerjisinə, Xəzər dənizinin Azərbaycan sektorunda isə və 157 GVt gücündə günəş enerjisinə malikdir. Dünyada dənizdə külək enerjisinin gücünə görə Çindən sonra ikinci yerdə duran, Avropada bir sıra iri layihələrə imza atmış Böyük Britaniya Azərbaycanın bu böyük potensialı reallaşdırmasına kömək etmək üçün sahə üzrə təcrübəsini ölkə ilə paylaşmağa hazırdır", - o deyib.

Səfirin sözlərinə görə, Böyük Britaniya ötən il Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə birgə işə salınmış, Azərbaycanda külək enerjisinin "offshore" yol xəritəsinin maliyyələşdirilməsinə köməklik göstərib.

"Biz, həmçinin, energetika naziri Pərviz Şahbazovun dünyada şəbəkəyə qoşulmuş ən böyük külək elektrik stansiyası (KES) olan Şimal dənizindəki KES-ə səfərini təşkil etdik. Şadam ki, bp Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində iştirakını artırmaqdadır və Cəbrayılda 240 MVt gücə malik günəş elektrik stansiyası (GES) haqqında razılaşmanın tamamlanmasını səbirsizliklə gözləyirəm", - o qeyd edib.

Old, həmçinin, Azərbaycan hökumətinin bp-nin köməyi ilə "yaşıl" artım islahatları proqramını dəstəkləmək məqsədilə hazırlanmış dekarbonizasiya üzrə baş plandan ən səmərəli şəkildə istifadə edəcəyinə ümid etdiyini bildirib.

"Böyük Britaniya 2050-ci ilədək ölkə daxilində tullantıların sıfır səviyyəsinə nail olmağa çalışır. Biz bu çalışmalar çərçivəsində bərpa olunan enerji mənbələrindən istifadə texnologiyalarının geniş diapazonu üzrə imkanlarımızı artırmışıq", - səfir əlavə edib.

Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üzrə fəaliyyətə dəstək

"Böyük Britaniya uzun illər ərzində Azərbaycanın məcburi köçkün icmalarına dəstək göstərməkdədir. İndi isə məcburi köçkünlərin nəhayət evlərinə qayıtmasına köməklik göstərilməsində iştirak etmək istəyirik. Bunun üçün ərazilər minalardan təmizlənməlidir. Biz Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) davamlı minatəmizləmə əməliyyatlarında ilk beynəlxalq tərəfdaşlarından biri olmaq qərarına gəldik və bu istiqamətdə çalışmağa davam edirik", - o deyib.

Səfirin sözlərinə görə, hazırda Böyük Britaniya hökuməti BMT-nin İnkişaf Proqramı (BMTİP) vasitəsilə ANAMA ilə üç müxtəlif layihənin reallaşdırılmasını maliyyələşdirməkdədir.

"Bu tədbirlərdən birinin əsas məqsədi ANAMA-nın Partlayıcı Hərbi Sursatlar Riskinə dair Maarifləndirmə (EORE) şöbəsinə milli "Böyük Qayıdış" planının hazırlanmasında və dəstəklənməsində köməklik göstərməkdən ibarətdir. Minatəmizləmə üzrə işlərin miqyasının böyüklüyünü və on ildən çox çəkəcəyini nəzərə alaraq, biz ANAMA və digər dövlət strukturlarına effektiv birgə fəaliyyətdə dəstək göstəririk. Biz Azərbaycanın unikal təcrübəsi sayəsində yerüstü minalarla mübarizə üzrə beynəlxalq səviyyədə qabaqcıl rola malik olmasını istəyirik", - Old deyib.

Səfir ANAMA-nın minatəmizləmə əməliyyatlarına yardım qismində Böyük Britaniya hökumətinin, həmçinin, UNICEF ilə yeni layihə həyata keçirdiyini əlavə edib.

"Əməkdaşlıq faktiki məlumatlar əsasında münaqişədən zərər çəkmiş ailələrə, uşaqlara və inşaat işçilərinə yüksək keyfiyyətli və həyatqurtaran təxirəsalınmaz yardım göstərilməsinə yönəlib. Fəaliyyət müharibənin partlayıcı qalıqları nəticəsində həlak olan və xəsarət alan şəxslərin sayının azaldılmasına yönəlmiş Partlayıcı Hərbi Sursatlar Riskinə dair Maarifləndirmə (EORE) proqramına yönələcək", - səfir aydınlıq gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti