Bakı. Trend:
Azərbaycan uzun illər ərzində sərt monetar siyasət aparmaqdadır və bunun sayəsində inflyasiyanın qarşısını ala bilir.
Bunu Trend-ə müsahibəsində beynəlxalq audit şirkəti “PricewaterhouseCoopers (PwC) Azerbaijan”ın İdarəedici Partnyoru Mövlan Paşayev deyib.
Onun sözlərinə görə, hazırda dünyada, o cümlədən Azərbaycanda mövcud olan inflyasiya müxtəlif faktorlarla, xüsusən pandemiya tədbirlərinin gücləndirildiyi müddətdə əhalidə yığılan vəsaitlərin birdən xərclənməsi ilə bağlıdır ki, bunun nəticəsində bir çox ölkədə iqtisadiyyatın "isinməsi" başlayıb.
"Dünyada inflyasiyanın digər artım faktoru olaraq enerji daşıyıcıları və məişət mallarının təchizat zəncirində və qiymət artımında böyük "şok"lara səbəb olan Rusiya-Ukrayna müharibəsini hesab etmək olar. Azərbaycanın müstəqil iqtisadi siyasət yeritdiyini nəzərə alsaq, biz müəyyən dərəcədə inflyasiyanın qarşısını almağa nail oluruq. Əmək haqları, pensiya, təqaüd və digər sosial müavinətlərin artırılması, həmçinin maliyyə və monetar intizam siyasətinin davam etdirilməsi inflyasiyanı müvafiq çərçivədə saxlamağa və məişət mallarının qiymətlərindəki artımı müəyyən səviyyədə kompensasiya etməyə imkan verir. Bundan başqa, biz antiinhisar xidmətinin də aktiv fəaliyyət göstərərək istehlak bazarına nəzarət etdiyini və süni qiymət artımının qarşısını aldığını müşahidə edirik", - o deyib.
M.Paşayev Azərbaycanda vergi islahatlarının iqtisadiyyatın inkişafına təkan verəcəyini və ölkəyə xarici kapital cəlb edəcəyini bildirib.
"Vergidən azadolmalar və güzəştlər ilk növbədə biznesin və investisiyaların idarə olunması məqsədilə əlverişli şərait yaratmaqla ölkənin imicini qoruyub saxlamaq üçün lazımdır. Lakin vergi güzəştləri Panaseya deyil, onları biznes fəaliyyətinin əsas təşviq faktoru hesab etmək olmaz. Biznesə ilk növbədə stabil iqtisadiyyat və onu tənzimləyəcək, iş adamlarını və onların investisiyalarını qoruyacaq stabil iqtisadiyyat lazımdır. Həmçinin əqli mülkiyyətin qorunmasının da mühüm rol oynadığını hesab edirəm. İqtisadi və sosial stabillik baxımından investisiyaların cəlb edilməsi və ölkədə biznesin yaradılması üçün Azərbaycan bir neçə mühüm sənəd qəbul edib (məsələn, 2022-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənmiş Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası). İndi isə növbə bu tədbirlərin əsaslı icrasındadır. Həmçinin qeyd etmək istəyirəm ki, Azərbaycanda vergi sistemində transformasiya prosesi gedir və yaxın gələcəkdə iqtisadiyyatın inkişafını təşviq edəcək və Azərbaycana əlavə investisiyalar cəlb edəcək bütün mühüm və zəruri tədbirləri ehtiva edən yeni vergi strategiyasının qəbul ediləcəyi gözlənilir", - İdarəedici Partnyor deyib.
M.Paşayev həmçinin Azərbaycan iqtisadiyyatının gələcək inkişafına nikbin baxdığını deyib.
"Bir çox rəhbərlər hazırkı islahatlar prizmasında öz inkişafları üçün böyük perspektivlər görür. Biz Azərbaycanda PwC-nin qlobal sorğusu çərçivəsində şirkət rəhbərlərinin 6-cı sorğusunu tamamladıq. Sorğu həm özəl, həm də dövlət təşkilatlarından olmaqla iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən 100-dən çox şirkətin rəhbəri arasında keçirilmişdi. Hazırda məlumatlar emal olunmaqdadır və cari ilin mart ayının ortalarına qədər tam hesabatın artıq hazır olacağını gözləyirik. Əvvəlcədən onu deyə bilərəm ki, 2022-ci ildə Azərbaycanda iqtisadiyyatın və şirkətlərin inkişafı ilə bağlı nikbinlik səviyyəsi yetərincə yüksək olaraq qalmaqdadır. Əlbəttə biznesin idarə olunmasının müxtəlif aspektlərində problemlər də mövcuddur. Bu, ilk növbədə iqtisadiyyatın regional və qlobal səviyyədə dəyişkənliyi ilə bağlıdır. Keçirilmiş qlobal sorğu çərçivəsində vurğulamaq istəyirəm ki, şirkət rəhbərlərinin 40 faizi yetərincə tez reformasiya edilməyə başlasalar, buna davam gətirə bilməyəcəklərini hesab edirlər. Burada söhbət ilk növbədə yeni texnologiyaların tətbiqindən və kadrların yenidən hazırlanmasından gedir. Onlar həmçinin dünyada mövcud olan müxtəlif riskləri, o cümlədən inflyasiya, makroiqtisadi qeyri-stabillik və geosiyasi münaqişələr, xüsusən Rusiya-Ukrayna müharibəsini görürlər. Sorğunun xülasəsi olaraq dünyada biznesə beş "meqatrend"in təsir göstərdiyini demək olar: iqlim dəyişiklikləri, texnologiyalar, demoqrafik dəyişikliklər, sosial qeyri-stabillik və deqlobalizasiya. Qlobal hesabatımıza əsasən bizneslər məhz bu çağırışlarla qarşılaşırlar və qarşılaşmağa davam edəcəklər. Biznes dəyişməsə, şirkətlər davam gətirməyəcək", - Mövlan Paşayev deyib.
O həmçinin Azərbaycan hökumətinin apardığı islahatların əlverişli investisiya mühiti yaradacağını qeyd edib.
"Artıq yeni strategiyalar hazırlanmaqdadır və nazirliklər, dövlət xidmətləri və agentliklər tərəfindən işə daha effektiv yanaşma müşahidə olunur. Azərbaycanın bu gün apardığı kurs iqtisadiyyatın liberalizasiyasına, müəssisələrin, o cümlədən dövlət müəssisələrinin fəaliyyətinin effektivliyinin artırılmasına, həmçinin regional və dünya bazarlarında mal və xidmətlərin rəqabət qabiliyyətinə yönəlib. Ölkəmiz dərin institusional və biznes islahatları keçirməklə qoyulmuş hədəflərə doğru mütərəqqi şəkildə irəliləyir", - İdarəedici Partnyor deyib.
Azərbaycanın iqtisadi zonalarından danışan M.Paşayev Ələt Azad İqtisadi Zonasının (AFEZ) Azərbaycan iqtisadiyyatına böyük fayda gətirəcəyini vurğulayıb.
"Azərbaycanda həm müxtəlif ölkələrin təcrübəsini, həm də şəxsi təşəbbüsləri tətbiq etməklə azad iqtisadi zonaların kombinasiya edilmiş modeli reallaşdırılmaqdadır. Dəqiq tənzimləyici sistem olmasa, investorlar onları iqtisadi zonada nələrin gözlədiyini və orada hansı güzəştlər əldə edəcəklərini bilməsələr, istənilən iqtisadi zona işləməyəcək. Qeyd edim ki, azad iqtisadi zonaların ölkəmiz üçün faydası "nou-hau" biliklərinin cəlb edilməsi, ölkənin imicinin daha da möhkəmlənməsi, həmçinin peşəkar və ixtisaslaşmış işçi qüvvəsinin yaradılması və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafının sürətləndirilməsindən ibarətdir. Xatırladım ki, Ələtdə artıq azad iqtisadi zonanın ölkənin maraqlarına cavab verən və əlavə investisiyaların cəlb edilməsinə imkan yaradacaq Azərbaycan modelinin reallaşdırılmasına artıq başlanılıb", - o deyib.
Bundan başqa, Azərbaycanın maliyyə sektorundan danışan M.Paşayev uzun illər ərzində bu sektorun texnologiyaların cəlbi və istifadəsi, həmçinin kadrların inkişafı baxımından aparıcı olduğunu bildirib.
"Maliyyə sektoru stabil inkişaf edir. Lakin dəyişən konyukturada təkcə bizim banklar deyil, həm də dünya bankları "sağ qalmaq" üçün yeni innovasiya və məhsulları, servis və xidmətləri tətbiq etməlidir", - o əlavə edib.
M.Paşayev sonda PwC-nin Azərbaycandakı strategiyasının ilk növbədə yerli səviyyədə həm özəl, həm də dövlət biznesinin uğurla transformasiya olunaraq effektiv və rəqabətqabiliyyətli olmasına köməklik göstərməyə yönəldiyini qeyd edib.
"PwC Azərbaycana sahibkarlıq və biznesin inkişafına, rəqabət qabiliyyətinin gücləndirilməsinə, strukturlarının dəyişməsinə, biznesin qarşımızda duran çağırışlara uyğun olaraq idarə olunmasına köməklik göstərmək niyyətindədir. Bu risklər ən azı 2-3 il mövcud olacaq. Qlobal iqtisadiyyatın stabilləşəcəyini gözləmirik, o dəyişməyə davam edəcək. Azərbaycan dünya iqtisadiyyatının bir hissəsi olaraq birmənalı şəkildə bu təsirə məruz qalacaq. Biz isə sürətlə dəyişən bir dövrdə cəmiyyətin dayanıqlı inkişafı üçün bizneslərə bu problemlərin həllində köməklik göstəririk", - o əlavə edib.