Bakı. Trend:
Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının təqribən 60 faizi MDB ölkələrinin payına düşür, lakin əsas məqsəd kənd təsərrüfatı və emal məhsulları ixracının diversifikasiyasından ibarətdir.
Trend xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı II Türk Dövlətləri Aqrobiznes Forumunda deyib.
"Agentlik ixracın genişləndirilməsi üçün Avropa bazarı, Fars körfəzi və Şərqi Asiya ölkələrinə yönəlib. Mümkün diversifikasiya üçün bir sıra yeni mexanizmlər hazırlıq mərhələsindədir", - o deyib.
T.Hacılı Azərbaycandan 326 adda kənd təsərrüfatı məhsulunun ixrac olunduğunu, ixrac bazarlarının sayının isə 88 olduğunu vurğulayıb.
"Son üç il ərzində Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında mütəmadi artım müşahidə olunur", - o deyib.
Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısı keçirilib. Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və TDT Baş katbi Kubanıçbek Ömüralıyevin sədrlik etdiyi toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri və nazir müavinləri qatılıblar.
(Tərcümə: Rəna Əbdürəhmanova)