Bakı. Trend:
1993-ci ildə Azərbaycan və Ermənistan arasında olan münaqişə səbəbindən Türkiyə Azərbaycana olan dəstəyi çərçivəsində Ermənistanla sərhədlərini bağladı və bununla da Qars-Gümrü-Tbilisi dəmir yolu bağlandı. Bu isə Azərbaycanla Türkiyə arasında Gürcüstan üzərindən dəmir yolu xəttinin çəkilişini zərurətə çevirdi.
Bu barədə Trend-in suallarını cavablayarkən iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, buna görə də gecikdirilmədən 1993-cü ilin yay aylarından müzakirələrə başlanıldı.
"Lakin uzun müddət layihəyə start verilməsinə dair praktik nəticələr əldə edilmədi.
Yalnız 2005-ci ilin yanvar ayında Azərbaycan, Türkiyə və Gürcüstan arasında dəmir yol xəttinin tikintisinə aid üçlü razılaşma sənədi imzalandı. Amma layihənin maliyyələşdirilməsinə dair vahid razılıq olmadığı üçün proses daha bir müddət donmuş vəziyyətdə qaldı.
Bu hadisədən 4 ay sonra - 2005-ci ilin may ayında
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılışı oldu. Ölkə prezidentləri
bu ölkələr arasında dəmir yolu xəttinin tikintisində maraqlı
olduqlarını bir daha ifadə etdilər.
Lakin yenə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını
ləngitdi. Arxası ABŞ və Avropaya bağlı olan əksər beynəlxalq
maliyyə qurumları Ermənistandan kənar keçdiyinə görə layihəyə qarşı
çıxaraq, tikintinin maliyyələşdirilməsindən imtina etdilər. Əksinə,
tərəflərdən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikilməsi
əvəzinə, Qars-Gümrü-Tbilisi dəmir yolu xəttinin açılmasını tələb
edirdilər.
Bütün bu təzyiqlərə baxmayaraq, birmənalı olaraq Azərbaycan bu tələbləri rədd edərək, dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsini öz üzərinə götürdü və 2007-ci il fevralın 7-də Tbilisi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Gürcüstanın Prezidenti Mixail Saakaşvilinin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında” üçtərəfli Saziş imzalandı".
Ekspert qeyd edib ki, daha sonra “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında” Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında ikitərəfli Saziş bağlanıldı.
"Eyni zamanda, layihə xərclərinin maliyyələşdirilməsi üçün kreditor kimi Azərbaycan tərəfi çıxış etdi. Bundan sonra proseslər sürətləndirildi və bunun da məntiqi nəticəsi olaraq 2007-ci ilin noyabr ayının 21-də Gürcüstanın Marabda kəndində BTQ dəmir yolu xəttinin tikintisinin təməli qoyuldu. 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə BTQ dəmir yolunun Türkiyə hissəsinin təməlqoyma mərasimi keçirildi.
Qərbin təzyiqinə baxmayaraq, Azərbaycan Ermənistanı marşrutdan kənar saxlayaraq, nəticə əldə etdi. Nəhayət, 30 sentyabr 2017-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin, Mərkəzi Asiya Respublikalarının hökümət rəhbərlərinin və digər rəsmi qonaqların iştirakı ilə keçirilən təntənəli mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən BTQ dəmir yolunun açılışı elan edildi.
Ümumi uzunluğu 846 kilometr olan BTQ dəmir yolunun Azərbaycandan keçən hissəsi 504 kilometrdir. Marşrut boyunca 263 kilometrlik məsafə Gürcüstandan, 79 kilometrlik məsafə isə Türkiyə ərazisini əhatə edir. Buna görə də anlaşma sənədlərinin imzalanması, təməlqoyma mərasimlərinin və açılış mərasiminin hər biri bir ölkədə keçirildi və hər üç ölkə vahid mövqe sərgiləyərək, Orta Dəhliz layihəsinin ən önəmli mərhələsini başa vurmuş oldular. Ermənistan isə Azərbaycan Prezidentinin qəti mövqeyi nəticəsində digər layihələrdə olduğu kimi, bu layihədən də kənarda saxlanıldı.
2017-ci il oktyabrın 30-dan fəaliyyətə başlayan BTQ dəmir yolu Avrasiyanın mərkəzində qərarlaşaraq, Asiya və Avropanın dəmir yol şəbəkələrini birləşdirir. Bu dəmir yolu təkcə fiziki anlamda keçdiyi üç ölkə arasında deyil, eyni zamanda, öz nəqliyyat növü üzrə Asiya ilə Avropa arasındakı ən qısa yol olması və zamana böyük ölçüdə qənaət etməsi baxımından diqqəti cəlb edir. Xəzərdən keçməklə Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına yüklərinin çatdırılmasını təmin edəcək.
İşə düşdükdən sonra 2017–2022-ci illərdə bu xətlə 1 milyon 347 min 585 ton daşınıb. Lakin layihə çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması işləri aparıldıqca, eyni zamanda, texniki imkanlar genişləndirildikcə, modernləşdirmə işləri aparıldıqca bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton yüklərin daşınması nəzərdə tutulur.
Uzaq perspektivdə isə texniki imkanların artırılması, iqtisadi əməkdaşlıqların yüksəldilməsi, yeni texnoji və innovativ yanaşmaların tətbiq edilməsi daşınan yüklərin həcminin daha da artmasına imkan verəcək.
Eyni zamanda, BTQ dəmir yolu regionun və ölkənin artan turizm potensialının gerçək iqtisadi faydaya çevrilməsində, dinamik inteqrasiyanı və təhcizatı sürətləndirməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafında və s. istiqamətlərdə önəmli rol oynayacaq. BTQ-nin digər yarada biləcəyi üstünlükləri yada salmaq üçün dünyanın inkişaf etmiş iqtisadiyyatlarında dəmir yolları şəbəkəsinin yaratdığı imkanları xatırlamaq yetərlidir", - deyə o qeyd edib.