...

Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilib (FOTO)

İqtisadiyyat Materials 28 İyun 2024 09:25 (UTC +04:00)
Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilib (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirin məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının və biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl əməkdaşlığı modeli üzrə müzakirələrin təşkili olub.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov və digərləri iştirak edib.

Tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan güzəşt və azadolmalar, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpa və iqtisadi reinteqrasiyasında sahibkarların rolu mövzularında panel müzakirələr təşkil olunub.

Bundan başqa, sahibkarlara bu ərazilərdə həyata keçirilməsi təklif edilən investisiya layihələri, məhsulların ixrac potensialı, logistika imkanları təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin, G2B (dövlət-biznes) formatında görüşlər keçirilib.

Qeyd edək ki, Qarabağa səfər çərçivəsində sahibkarlar iqtisadi fəaliyyəti canlandırmaq və dayanıqlı məskunlaşmanı təmin etmək məqsədilə artıq Ağdam Sənaye Parkında yaradılan şərait, rezident müəssisələr, eləcə də Şuşa və Xankəndi şəhərlərində həyata keçirilən yenidənqurma və infrastruktur işlərinin gedişatı ilə yaxından tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, bu ilin sonunadək Xocavəndə 53 ailənin köçürülməsi planlaşdırılır.

"Bu gün böyük dəyişikliklərin və tarixi torpaqlarımızın bərpasının astanasındayıq. Qarabağ uzun illər ərzində işğaldan sonra yenidən ümumi evimizin bir hissəsinə çevrilir. Füzuli, Ağdam və bir çox digər rayonların tədricən necə canlandığını görürük.

İnsanlar öz evlərinə qayıdır, məktəblərin və digər ictimai obyektlərin tikintisi başlayır. Misal üçün, Füzulidə artıq 3132-dən çox insan yaşayır, 450 şagird isə Özbəkistanın bizə hədiyyə etdiyi yeni məktəbdə təhsil alır", - o deyib.

E.Hüseynov yenidənqurma işlərinin həm Azərbaycan dövləti, həm də beynəlxalq tərəfdaşların dəstəyi ilə aparıldığını qeyd edib.

O bildirib ki, bu ilin sentyabrında Füzulidə dördüncü yaşayış məhəlləsinin tikintisi başlayacaq.

"Bugünədək ölkənin işğaldan azad edilmiş rayonları arasında ən çox məskunlaşan Füzuli rayonuna ümumilikdə 3132 nəfərdən ibarət 822 ailə qayıdıb. Onlardan 450 şagird artıq məktəbdə təhsil alır", - o deyib.

O, həmçinin, Füzuli şəhərində mərkəzi parkın tikintisi üzrə aktiv işlərin görüldüyünü əlavə edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, hazırda Azərbaycanda sahibkarların biznes aparması üçün ən yaxşı şərait yaradılır.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin tabeliyində olan strukturlar əvvəlki kimi sahibkarlar üçün maliyyələləşdirməyə çıxış təmin edir.

"Hazırda Azərbaycanda sahibkarların bizneslə aparması üçün ən yaxşı şərait yaradılır. İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarının rezidentləri mühüm vergi güzəştləri əldə edəcəklər: onlar qeydiyyatdan keçdikləri andan etibarən 10 il müddətində gəlir, əmlak və torpaq vergilərindən azaddırlar. Dövlət zəruri infrastrukturun yaradılmasını, o cümlədən, elektrik enerjisi, təbii qaz, içməli və texniki su, eləcə də, yüksəksürətli internetlə təminatı öz üzərinə götürür", - o deyib.

Qeyd etmək lazımdır ki, sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarında əlverişli yerləşməsi yüklərin daşınmasını əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

O vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minlərlə iş yeri açılıb və bunların böyük bir hissəsi özəl sektora aiddir.

Onun sözlərinə görə, həm nazirliyin, həm də bütünlükdə ölkənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasıdır.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, Azərbaycan Şuşa şəhərinin bərpasında xarici tərəfdaşların fəal iştirakına ümid edir.

O, Şuşada şəhər infrastrukturunun dirçəldilməsi, sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılması istiqamətində aktiv şəkildə işlərin görüldüyünü vurğulayıb.

"Şuşa şəhərinin bərpası üzrə işlər sürətlə davam etdirilir. Bu tarixi əhəmiyyətə malik şəhərdə vətəndaşlarımız üçün rahat şəraitin yaradılması və sahibkarlığın inkişafı üçün bütün səyləri göstəririk", - deyə A.Kərimov qeyd edib.

O bildirib ki, bərpa işlərinə təkcə binaların və küçələrin yenidən qurulması deyil, həm də yeni iş yerlərinin açılması, investorların cəlb edilməsi və turizm infrastrukturunun inkişafı daxildir.

Onun sözlərinə görə, hökumət Şuşanın biznes və turizm üçün cəlbedici məkana çevrilməsi istiqamətində fəal iş aparır.

A.Kərimov, həmçinin, şəhərin bərpa prosesində beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib.

"Xarici tərəfdaşlarla əməkdaşlığa açığıq və onların Şuşa şəhərinin bərpasında və inkişafında fəal iştirakına ümid edirik", - deyə o əlavə edib.

O qeyd edib ki, yaxın zamanda Şuşa rayonunun Daşaltı kəndində daşınmaz əmlak əldə etmək istəyənlər üçün özəl evlərin tikintisinə başlanacaq.

"Ayrıca qeyd etmək istəyirəm ki, Şuşa şəhərinin yaxınlığında yerləşən Daşaltı kəndində ilkin turizm infrastrukturunun tikintisinə başlanılıb. Həmçinin investisiya qoymaqda maraqlı olan sahibkarlar üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Tezliklə vətəndaşlar üçün fərdi evlərin sərbəst tikintisi prosesinə başlanılacaq", - o deyib.

Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov qeyd edib ki, Xankəndi, Xocalı və Ağdərədə 43 obyekt fəaliyyətə başlayıb, 350 nəfər işlə təmin olunub.

O bildirib ki, bu il bu obyektlərin sayının 80-ə çatdırılması planlaşdırılır.

"Burada ticarət, turizm, qida sənayesi, balıqçılıq, kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün geniş imkanlar var. İndiyədək Xocalıya 50 ailə köçürülüb, bu ilin sonuna kimi daha 50 ailənin köçürülməsi nəzərdə tutulub. Hazırda Xankəndində 3 minə yaxın insan yaşayır. Həmçinin bu ilin sentyabrında Qarabağ Universitetinin açılması planlaşdırılıb", - o deyib.

E.Yusubovun sözlərinə görə, bu ilin sonunadək Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Malıbəyli kəndinə, həmçinin Ağdərə rayonunun Umudlu kəndinə 228 ailənin köçürülməsi planlaşdırılır.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı üzrə fəal iş aparılır, yeni iş yerlərinin açılması, sosial infrastrukturun inkişafı və investorların cəlb edilməsinə xüsusi diqqət yetirilir.

E.Yusubov qeyd edib ki, işğaldan azad edilmiş əraziləridə müxtəlif sahələrdə, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, tikinti sahələrində bir çox layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu tədbirlər dayanıqlı iqtisadi artımın təmin edilməsinə və yerli əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.

Elçin Yusubov həmçinin vurğulayıb ki, hökumət biznesin aparılması və investisiya qoyuluşu üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə lazımi bütün addımları atır.

O qeyd edib ki, bu ilin sentyabr və oktyabr aylarında Ağdərə rayonunun Suqovuşan qəsəbəsinə 190 ailənin köçürülməsi nəzərdə tutulur.

"Sonrakı illərdə bu rəqəm dəfələrlə artacaq. Artıq Ağdərə rayonunun Talış kəndində 20 ailə köçürülüb. Azad edilmiş ərazilərin məskunlaşdırılması yüksək sürətlə həyata keçirilir", - deyə o qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, bu il ərzində sakinlərin yenidən qurulan Cəbrayıl şəhərinin mərkəzi hissəsinə, eləcə də, Cəbrayıl rayonunun bir neçə kəndinə köçürülməsi planlaşdırılır.

"Sakinlərin yeni yaşayış məntəqələrinə hər köçürülməsi ilə yeni sahibkarlıq imkanları yaranır. Nümunə olaraq Cəbrayılda yaşayış binalarının qeyri-yaşayış sahələrində həm köçürülən sakinlər, həm də sahibkarlar üçün müxtəlif sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə şərait yaradılmasını göstərmək olar və artıq bu istiqamətdə işlər görülür", - o deyib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, 2025-ci ilin aprelində Bakıda investisiya forumu keçiriləcək.

"Forumda həm yerli, həm də xarici şirkətlərin nümayəndələri iştirak edəcəklər. Tədbir çərçivəsində Azərbaycan, o cümlədən, Qarabağ məhsullarının İslam ölkələrinə ixracı məsələləri müzakirə olunacaq", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti