Əminəm ki, gələcək illərdə Azərbaycan iqtisadi inkişaf templərinə görə liderlik mövqelərini əlində saxlayacaq. Bu, artıq gözəl ənənədir. Biz son illər ərzində əldə etdiyimiz uğurlarla əlbəttə ki, fəxr edə bilərik, bunu Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabadda müalicə-diaqnostika mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
"Ancaq biz əldə edilmiş nəticələrlə heç vaxt kifayətlənməməliyik. Çünki əldə edilmiş nəticələr yeni nəticələrə çatmaq üçün stimul olmalıdır. Biz elə etməliyik ki, ölkə qarşısında duran əsas iqtisadi və sosial problemlər 2013-cü ilə qədər həll olunsun. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi 2013-cü ildə başa çatacaq və o vaxta qədər bütün əsas məsələlər öz həllini tapmalıdır. Əsas məsələlərdən biri səhiyyə sistemindəki islahatlardır və yüksək səviyyəli tibbi xidmətin göstərilməsidir. Digər əsas məsələlər təhsil sistemində həm maddi-texniki bazanın gücləndirilməsi, məktəblərin tikintisi, həm də ki, təhsilin keyfiyyətinin artırılması, elektrik enerjisi, qaz, içməli su, kanalizasiya problemlərinin tam şəkildə həll olunmasıdır. Bu planlar da vardır və əminəm ki, biz onları 2013-cü ilə qədər icra edəcəyik" İlham Əliyev çıxışında bildirib, məlumatı cümə günü AzərTAc dövlət agentliyi yayıb.
İctimaiyyəti təbrik edən dövlət başçısı qeyd edib ki, gözəl, müasir diaqnostika mərkəzinin açılışı doğrudan da böyük hadisədir.
"Cəlilabad rayonunun tibb müəssisələrinin arasında bu, yəqin ki, ən gözəl, ən möhtəşəm mərkəzdir. Həm müayinə, həm müalicə aparılacaq, müxtəlif əməliyyatlar keçiriləcək, ən gözəl avadanlıq quraşdırılacaqdır. Burada ən müasir səviyyə təşkil edilməlidir. Elə etməliyik ki, burada tibbi xidmət çox yüksək səviyyədə olsun. Əminəm ki, həkimlər, tibb işçiləri də burada yaxşı xidmət göstərəcəklər. Burada bütün xidmətlər - müayinə, müalicə, bütün əməliyyatlar pulsuz olacaqdır. Elə etməliyik ki, rayon sakinləri vaxtaşırı buraya gəlib sağlamlığını bərpa etsinlər, müayinədən keçsinlər. Ən azı ildə bir dəfə hər bir vətəndaş gərək diaqnostikadan keçsin. Belə olan halda insanlarımız sağlam olacaq, xəstələnməyəcək və son illər ərzində Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi uğurlar daha da əhəmiyyətli olacaqdır. Çünki bütün bu işlərin təməlində insan amili dayanır. İnsanlara xidmət, insanların ömrünün uzadılması, sağlam həyat tərzi, sağlamlıq - bütün bunlar çox vacib məsələlərdir. İndi bizdə imkanlar var ki, müxtəlif yerlərdə, böyük şəhərlərdə, rayonlarda ən müasir tibb xidməti göstərək. Bu, çox vacibdir. Təkcə Bakıda, yəni paytaxtda deyil, müxtəlif bölgələrdə müalicə-diaqnostika mərkəzləri tikilir. Vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş mərkəzi rayon xəstəxanaları əsaslı təmir olunur, yeni xəstəxanalar, tibb ocaqları tikilir. Yəni, Azərbaycanda bu proses çox geniş vüsət alıbdır. Bu, bir daha onu göstərir ki, siyasətimizin təməlində insana münasibət və qayğı durur" İlham Əliyev vurğulayıb.
Prezident bildirib ki, hər şey - həm iş yerləri, həm iqtisadi imkanlar, həm sənaye potensialının gücləndirilməsi və ilk növbədə sosial məsələlərin həlli Azərbaycan vətəndaşları üçün olmalıdır. Ona görə indi Bakıda ən müasir standartlara cavab verən bir neçə elmi tədqiqat mərkəzləri əsaslı təmir olunub və yüksək xidmət göstərir.
"Bölgələrdə - demək olar ki, bütün bölgələrdə ya Dövlət Neft Şirkətinin xətti ilə belə gözəl mərkəzlər, ya da Səhiyyə Nazirliyinin xətti ilə xəstəxanalar tikilir. Demək olar ki, bütün bölgələrdə artıq yüksək tibbi xidmət göstərilir. Elə etməliyik ki, hər bir rayonda, rayon mərkəzində belə gözəl şərait olsun. Belə olarsa, onda, biz demək olar ki, səhiyyə sahəsindəki islahatların böyük hissəsini həll edə bilərik. Bu, bizim üçün prioritet məsələdir və son illər ərzində bu sahədə böyük investisiyalar qoyulub. Bu investisiyalar insan kapitalına qoyulan investisiyalardır.
Mən çox şadam ki, Cəlilabadda bütün başqa sahələrdə də işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır. Cəlilabad Azərbaycanda inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlardan biridir.
Ölkəmizdə işlər bütövlükdə yaxşı gedir, iqtisadi imkanlarımız artır. Keçən il baxmayaraq ki, bütün dünya böhran içində idi, biz xərclərimizi azaltmadıq, sosial məsələlərə yönəldilən vəsait lazımi səviyyədə qaldı. Bütün infrastruktur layihələri icra edildi. Bu il Azərbaycanın inkişafı daha da uğurludur. İqtisadiyyatımız daha da sürətlə inkişaf edir. Mən bu gün səhərdən müxtəlif tədbirlərdə iştirak edirəm və bütün bu tədbirlər bir daha onu göstərir ki, ölkəmiz dinamik inkişaf edir. Bu inkişaf hərtərəflidir, bütün bölgələrdə görünür" İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, yeni iş yerlərinin, sənaye müəssisələrinin açılması prosesləri uğurla gedir.
"Maddi imkanlarımız artır, güc, siyasi iradə, xalqla iqtidar arasında birlik vardır. Ölkənin inkişafı, ölkə hansı istiqamətdə inkişaf etməlidir məsələsi ilə əlaqədar cəmiyyətdə fikir ayrılığı yoxdur. Biz müstəqilliyimizi gücləndirməliyik, müstəqil həyatımızı təmin etməliyik. Elə etməliyik ki, bütün dövrlərdə - bu gün, 10 ildən, 50 ildən sonra Azərbaycan xalqı Azərbaycan dövlətinin taleyini müəyyən etsin. Bunu etmək üçün biz güclü olmalıyıq. Güclü olmaq üçün biz ciddi çalışmalıyıq. Hər bir bölgədə, hər bir yerdə hər bir vətəndaş elə etməlidir ki, ölkəmizi öz zəhməti ilə gücləndirsin.
Mən bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Burada həm xəstələrə yaxşı xidmət göstəriləcək, eyni zamanda, həkimlər üçün də yaxşı iş şəraiti yaradılıb. O da çox vacibdir. Gərək həkimlərin iş şəraiti elə olsun ki, işləmək onlara zövq versin. Bir daha sizi təbrik edirəm. Sizə uğurlar arzulayıram" İlham Əliyev çıxışının sonunda deyib.