Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan son üç il ərzində sağlam iqtisadi inkişafa nail olub, bununla yanaşı, əksər sektorların inkişafında hələ də keçid dövrünün ciddi problemləri ilə qarşılaşır. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan üzrə 2010-cu ildən 2013-cü ilə qədərki dövrü əhatə edən yeni strategiyasında belə deyilir. Strategiya dekabrın 7-də AYİB Direktorlar Şurasında təsdiq olunub.
Bu strategiya ölkənin siyasi və iqtisadi sahələrdəki keçid dövründə əldə etdiyi nailiyyətləri təhlil edir və AYİB-in son üç il ərzində Azərbaycandakı prioritetlərini açıqlayır. Prioritet sahələr ölkənin qeyri-neft sektoruna investisiya qoyuluşlarının artırılmasını, eləcə də maliyyə sektorunun inkişaf etdirilməsini və kiçik müəssisələrin dəstəklənməsini əhatə edəcək. Digər başlıca prioritet isə islahatların həyata keçirilməsini və investisiya mühitini təkmilləşdirmək məqsədilə səlahiyyətli təşkilatlarla siyasətin işlənib hazırlanması məsələləri üzrə dialoqun aparılmasından ibarət olacaq.
2007-ci ildən bu yana olan müddəti əhatə edən ötən strategiya dövrü ərzində Azərbaycanın iqtisadiyyatı neft və qaz sektorunun sürətli yüksəlişi sayəsində hər il təqribən orta hesabla 14,8 faiz inkişaf etmişdir ki, hesablamalara görə, 2009-cu ildə Ümumi Daxili Məhsulun (ÜDM) 47 faizini neft-qaz sektoru təşkil edir. Qeyri-neft sahəsi neft-qaz sektorunun tikinti və xidmət sektorlarına göstərdiyi təsirdən bəhrələnir, bunun nəticəsində həmin sektorlarda eyni dövr ərzində müvafiq olaraq 13,1 və 11,8 faiz artım baş verib.
Aralıq müddət ərzində Azərbaycanda ÜDM artımı əsasən, neft və qaz sektorlarından asılı olmaqda davam edəcək. 2010-cu ildə ÜDM-in 4 faizə qədər artımı gözlənilir.
AYİB-in Türkiyə, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə icraçı direktoru Olivier Deskamps qeyd edib ki, Azərbaycan artıq inkişaf üçün vacib olan islahatları həyata keçirmişdir və qeyri-neft sahəsində böhrandan çıxışın başlanğıcının qoyulması müsbət əlamət olub. Lakin o, sözlərinə bunu da əlavə edib ki, struktur islahatların həyata keçirilməsinin gedişi qeyri-sabit olub. Ölkə iqtisadiyyatının əksər sektorlarında ciddi keçid problemləri qalır.
AYİB-in 2010-cu ildə yaydığı son Keçid Dövrü Barədə Hesabata görə, Azərbaycanın qarşısında duran başlıca vəzifə ölkənin öz iqtisadiyyatını şaxələndirməsidir. Ölkədə qeyri-neft sektoruna aid məhsulların ixracatını artırmaq üçün işgüzar mühitin yaxşılaşdırılması, rəqabətin stimullaşdırılması və daha çox xarici strateji sərmayədarların cəlb edilməsi zəruri olacaq. Ölkənin maliyyə sektoru ciddi böhranla üzləşdiyindən mühüm əhəmiyyətə malik əlavə islahatların həyata keçirilməsi tələb olunur. Bu islahatlar gücləndirilmiş rəqabət, özəlləşdirmə və ya tənzimləmə sahəsində dəyişikliklərin aparılması hesabına iqtisadiyyatın güclənməsinə və modernləşməsinə şərait yaratmalıdır.
İslahatların sürətləndirilməsinə yardım etmək və Azərbaycanın üzləşdiyi problemlərin bəzilərini həll etmək üçün AYİB öz fəaliyyətlərini, əsasən, ölkədə özəl sektorun inkişafının dəstəklənməsinə və daha cəlbedici investisiya mühitinin yaradılmasına yönəldəcək.
Avropa Yenidənqurma və İnkişaf Bankı qeyri-neft sektorunun inkişafına yardım imkanlarını nəzərdən keçirəcək. Bank aqrar-sənaye sektorunun regional inkişaf baxımından potensialını və vacibliyini nəzərə alaraq, bu sahənin inkişafına xüsusi diqqət yönəltməklə bütün sahibkarlıq sektorlarında investisiya qoyuluşlarını həyata keçirəcək.
Avropa Yenidənqurma və İnkişaf Bankı özəl sektora, ələlxüsus kiçik və orta müəssisələrə səmərəli maliyyələşdirməni təmin etmək üçün maliyyə vasitəçiliyindən istifadəni gücləndirmək niyyətindədir. Bank bu sektorda rəqabətliliyin, konsolidasiyanın, eləcə də xarici sərmayə qoyuluşunun daha da artmasını təşviq edəcək. AYİB ipoteka maliyyələşdirməsi, lizinq və enerjidən səmərəli istifadə üzrə kredit xətlərinin inkişaf etdirilməsi kimi yeni maliyyə alətlərinin inkişaf etdirilməsinə yardım göstərəcək. Bank xüsusi olaraq Azərbaycanın regionlarında mikromaliyyələşdirmənin inkişafına dəstəyini gücləndirəcək və qeyri-bank maliyyə sektorunun genişləndirilməsini təşviq edəcək. Avropa Yenidənqurma və İnkişaf Bankı öz investisiyaları ilə yanaşı, səriştə və bacarıqların yaradılması, borcların təhlili və risklərin idarə olunmasına əsaslı şəkildə texniki yardım təmin edəcək.
Avropa Yenidənqurma və İnkişaf Bankı enerji daşıyıcılarına və elektrikə qənaət olunmasına xüsusi diqqət yönəltməklə Azərbaycanın infrastrukturunun inkişafına dəstəyini davam etdirəcək. Bank Nabukko Qaz Boru Kəməri Layihəsinin maliyyələşdirilməsində iştirak etmək məsələsinə baxmağa hazırdır. Bank öz layihələrində tədarük fəaliyyətlərinin şəffaf aparılmasına şərait yaradacaq. Bank, həmçinin öz dövlət sifarişçiləri arasında kommersiya intizamını da təşviq edəcək, effektivliyi, maliyyə şəffaflığını və korporativ idarəetməni təkmilləşdirəcək.
Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin səlahiyyətli təşkilatlarla investisiya mühiti problemləri ilə bağlı siyasətin işlənib hazırlanması məsələlərinə dair dialoq zamanı digər beynəlxalq maliyyə institutlarını və işgüzar dairələri də bu prosesə cəlb etməyə çalışacaq, öz layihələrinin hazırlanmasında və həyata keçirilməsində, məsləhət yardımının göstərilməsində, təşkilati infrastrukturun yaradılmasında və keçid dövrü üçün hüquqi islahat işinin dəstəklənməsində maliyyə mənbələrini səfərbər edəcək.
Azərbaycanda əməliyyatlara başlayandan bəri AYİB 114 layihəyə təqribən 1,2 milyard avro sərmayə qoyub ki, bu sərmayənin də 60 faizdən çoxu özəl sektorun inkişafına yönəldilib.