...

Azərbaycanda yeni Gömrük Məcəlləsinin qəbulu ölkənin sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artmasına əlverişli şərait yaradacaq – DGK sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2011 15:29 (UTC +04:00)
Trend gömrükçülərin qarşıdan gələn peşə bayramı ilə əlaqədar olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə müsahibəni təqdim edir.
Azərbaycanda yeni Gömrük Məcəlləsinin qəbulu ölkənin sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artmasına əlverişli şərait yaradacaq – DGK sədri

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir Ü.İsmaylova/

Trend gömrükçülərin qarşıdan gələn peşə bayramı ilə əlaqədar olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə müsahibəni təqdim edir.

2010-cu il ərzində Dövlət Gömrük Komitəsinin daxilomaları hansı səviyyədə olmuşdur? Gömrük orqanları qarşısında qoyulmuş proqnoz göstəriciləri nə dərəcədə yerinə yetirilmişdir?

- Qeyd edim ki, hesabat dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və onun yerli orqanları fəallıq göstərərək Azərbaycan Respublikasının "2010-cu il Dövlət büdcəsi haqqında" Qanununa uyğun olaraq, Komitə üçün nəzərdə tutulan 1 milyard 100 milyon manat illik büdcə proqnozuna qarşı 1 milyard 101,73 milyon manat gömrük vergi və rüsumlarının toplanaraq dövlət büdcəsinə köçürülməsini təmin etmiş, bununla da proqnoza 100,16 faiz əməl edilmişdir.

Dünyada baş verən proseslər Dövlət Gömrük Komitəsinə 2010-cu ildə fiskal funksiyalarını yerinə yetirməkdə nə qədər təsir edib? Bununla əlaqədar olaraq ölkəyə idxal edilən mallara vergi və gömrük rüsumlarının ödənilməsindən azad olunmaların sayının azaldılması məsələsinin nəzərdən keçirilməsi nə dərəcədə aktualdır?

-Dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yer alan Azərbaycan həyata keçirilən uğurlu siyasətin məntiqi nəticələrindən biri kimi sosial-iqtisadi tərəqqi sahəsində özünə məxsus mütərəqqi bir modelin əsasını yaradaraq qüdrətlənən bir ölkəyə çevrilib. Son iki ilin maliyyə iqtisadi böhranından cüzi itkilərlə çıxmış Azərbaycanda iqtisadi artım davam edərək bir sıra qlobal layihələrinin reallaşdırılması bir qədər də sürətləndirildi və iqtisadi inkişaf dinamikasına görə ölkəmizin regionda liderlik mövqeyi daha da möhkəmləndi.

Belə ki, 2010-cu ildə ölkənin xarici ticarət dövriyyəsi artaraq, ixrac əməliyyatları idxalı üstələmiş 14,7 milyard ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. Ötən dövr ərzində ölkənin dövlət, qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 147 dövlətlə 27,9 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparmışlar ki, bu əməliyyatların da 6,6 milyard ABŞ dolları idxal malları və 21,3 milyard ABŞ dolları isə ixrac olunan mallar təşkil etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev büdcə gəlirlərinin artırılması, azadolmalardan sui-istifadə hallarının aradan qaldırılması və ümumiyyətlə şəffaflığın artırılması məqsədi ilə 31 may 2005-ci il tarixli "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında", 15 sentyabr 2008-ci il tarixli "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" və digər Fərman və Sərəncamları ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi qarşısında gömrük vergi və rüsumları üzrə tətbiq edilən azadolmaların sayının azaldılması məsələsini qoymuşdur. Qeyd olunan tapşırıqların nəticəsi olaraq son illər bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir ki, onlardan ən önəmlisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli, 11 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" 30 dekabr 2007-ci il tarixli 220 nömrəli qərarı olmuşdur.

Lakin ötən 2008, 2009 və 2010-cu illər ərzində bir sıra hallarda zəruriyyət yarandığı üçün konkret sahələrin inkişafı məqsədi ilə gömrük ödənişlərindən azadolmalara yer ayrılmışdır.

Bununla yanaşı, ötən illər və o cümlədən 2010-cu il ərzində səhiyyə, energetika, turizm, elm və sairə bu kimi bir çox dövlət əhəmiyyətli sahələrin inkişaf etdirilməsi və taxıl fondunun formalaşması məqsədi ilə qanunvericiliyə dəyişikliklər edilməklə yeni azadolmalar tətbiq edilmişdir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, gömrük vergi və rüsumları üzrə tətbiq edilən azadolmaların siyahısının qısaldılması və ya artırılması çevik proses olaraq günün tələblərinə uyğun həyata keçirildiyini nəzərə alaraq, 2011-ci ildə azadolmaların tətbiqi üzrə qeyd olunun hər iki istiqamət üzrə hər hansı tədbirin həyata keçirilməsi mümkün ola bilər.

"Elektron Gömrüyün" yaradılması layihəsi çərçivəsində hansı tədbirlər nəzərdə tutulub və bu prosessin yekunlaşdırılması neçənci ilə qədər davam edə bilər?

- "Elektron gömrük" "Elektron Azərbaycan" proqramının tərkib hissəsidir. Bu yeni mexanizm ticarətə yardım və təhlükəsizliyin təmin olunması prinsiplərini həyata keçirməklə əvvəlcədən məlumatlandırmaya və elektron bəyannamələşdirməyə (bəyan etməyə) əsaslanır. "Elektron gömrük" imkan verəcək ki, xarici əlaqə iştirakçısı malları istənilən yerdən (öz ofisindən, evindən və ya istənilən digər yerdən) elektron şəkildə bəyan edə bilsin. "Elektron gömrüyün" yaradılmasının aşağıdakı mərhələlərini ayırmaq olar:

İnformasiya-kommunikasiya şəbəkəsinin müasir qaydada yenidən qurulması. Bu mərhələ demək olar ki, başa çatdırılmışdır. Bütün gömrük sistemini birləşdirən əsasən optik rabitə kanalları əsasında fəaliyyət göstərən gömrük sisteminin korporativ şəbəkəsi istismardır. Yüksək sürətli informasiya xidməti göstərən müasir serverlər quraşdırılmışdır. Təhlükəsizlik tədbirləri həyata keçirilmişdir.

DGK-nin müasir tələblərə cavab verən internet informasiya resurslarının yaradılması. Bu mərhələ də həyata keçirilmişdir. Bu gün istifadəçilərə müxtəlif elektron xidmətlər göstərən müasir tələblərə cavab verə bilən DGK-nin internet saytı fəaliyyət göstərir.

Elektron bəyanetmə mexanizminin təkmilləşdirilməsi. Bu sahədə XİF (xarici iqtisadi fəaliyyət) iştirakçılarına internet vasitəsilə mallarını bəyan etməyə imkan verən proqram təminatı hazırlanmışdır. Lakin hələlik bu hüquqdan bəyanetmə hüququ olan brokerlər istifadə edə bilərlər, proqramın geniş tətbiqi respublikamızda elektron imzanın geniş tətbiqindən sonra mümkün olacaqdır, yəni ləngimə təhlükəsizlik məsələləri ilə bağlıdır.

Rəsmiləşdirmə prosesində iştirak edən digər dövlət qurumlarının informasiya sistemləri ilə onlayn informasiya mübadiləsinin aparılması. Hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar Xidmətinin, Sanitar-Karantin Xidmətinin, Baytarlıq Xidmətinin informasiya sistemləri və İAMAS-la (İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi) onlayn məlumat mübadiləsi aparılır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Xəzinədarlıq İdarəsinin və respublikada fəaliyyət göstərən bankların informasiya sistemləri ilə əlaqələrin yaradılması nəzərdə tutulur.

Elektron imzanın tətbiqi ilə bağlı işlərin görülməsi. Yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Elektron sənəd dövriyyəsinin bütün gömrük sistemində tətbiqi. Bu sahədə işlər il ərzində başa çatdırılacaqdır.

Gömrük -keçid məntəqələrində tətbiq olunmuş "bir pəncərə" prinsipini necə giymətləndirirsiniz və onun təkmilləşdirilməsi sahəsində hansı işlər ğörülür?

- İlk növbədə qeyd etmək lazımdır ki, dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqi özü özlüyündə müasir və təkmilləşdirilmiş bir sistemin istifadəsi deməkdir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, "Bir pəncərə" prinsipinin tətbiqi müasir dövrdə beynəlxalq təcrübədə istifadə olunan yeni qaydadır və beynəlxalq ticarətin inkişafina, ölkələr arasında əmtəə dövriyyəsinin surətlənməsinə müsbət təsir göstərən özünüdoğruldan üsuldur.

Ölkəmizdə beynəlxalq ticarətin inkişaf etdirilməsi, ticarət axınına əlverişli şərait yaradılması məsələsi daima diqqət mərkəzində saxlanılır və müasir tənzimləmə vasitələri və rasional prosedur qaydalarının tətbiqi ilə qeyd olunan proseslərə yardım göstərilir.

Məlum olduğu kimi, gömrük sahəsində "Bir pəncərə" prinsipinin tətbiqinə 2009-cu ildən başlanılmışdır. Həmin dövrdən başlayaraq bu sahə inkişaf mərhələsini keçmiş və onun tətbiqi istiqamətində bir çox ciddi işlər aparılmış, hüquqi, təşkilatı məsələlərin həlli istiqamətində zəruri tədbirlər görülmüş, müvafiq dövlət qurumları ilə əməkdaşlıq əlaqələrinin və məlumatlandırma işinin keyfiyyəti artırılmış, yeni qaydaların tətbiqində genişmiqyaslı informasiya texnologiyalarının istifadəsinə başlanılmışdır.

"Bir pəncərə" prinsipinin tətbiqi vasitəsi ilə nəzarət metodlarının səmərəliliyinin artırılmasına nail olunmuş, texniki nəzarət vasitələrindən istifadə imkanları xeyli dərəcədə yaxşılaşmış, müvafiq yoxlamalara və bununla bağlı gözləmələrə sərf olunan vaxt azaldılmışdır.

Yeni sistemdən istifadə edərək iqtisadi operatorlar, nəqliyyat şirkətləri və digər maraqlı tərəflər beynəlxalq yük daşımalarında gözləmə və rəsmiləşmə vaxtının azalması ilə iqtisadi ticarət səmərililiyi əldə edilməsinə nail olurlar və nəticə etibarı ilə onlar öz fəaliyyələrini həyata keçirmək üçün daha əlverişli şərait əldə edirlər.

Dövlət Gömrük Komitəsi tərəfindən "Bir pəncərə" prinsipinin tətbiqi istiqamətində görülən işlər göstərilən məsələlərlə yekunlaşmır, qarşıda bu sistemin davamlı surətdə inkişaf etdirilməsi və tam masştablı e-gömrük sisteminin işinə inteqrasiya etməsi üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Üç səviyyəli diferensiyallaşdırılmış tarif sisteminə keçidi nəzərdə tutan gömrük tariflərinin yeni modelinin tətbiqi nə vaxta gözlənilir?

-Üç səviyyəli diferensiyallaşdırılmış tarif sisteminə keçid bir sıra incə məqamların nəzərə alınmasını tələb edir. Məhz bu səbəbdən 2007-ci ildən Komitə tərəfindən hazırlanmış layihə bütün aidiyyatı dövlət orqanları ilə birgə müzakirə olunaraq təkmilləşdirilmiş və layihənin son variantı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Ümid edirik ki, 2011-ci ildə üç səviyyəli diferensiyallaşdırılmış tarif sistemi qəbul ediləcəkdir.

Gömrük Məcəlləsinin yeni variantının qəbulu hansı mərhələdədir və dünya prosesləri nöqteyi-nəzərindən sənədə hansı yeniliklər əlavə olunub?

-Xatırladım ki, hal-hazırda Gömrük Məcəllənin layihəsi Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasında baxılmağa hazırlıq mərhələsindədir.

Məcəllədə beynəlxalq təcrübəyə uyğun olaraq ğömrük təmsilçiliyin, səlahiyyətli iqtisadi operator, ğömrük orqanlarının malların təsnifatı, mənşə ölkəsi və qiymətləndirmə metodoloğiyası ilə bağlı məcburi qərarları, məlumat mübadiləsi, məlumatların mühafizəsi, ğömrük orqanlarının elektron məlumat sistemi, malların ğömrük ərazisinə ğətirilməsi və bu ərazidən aparılması və bununla baglı qısa idxal bəyannaməsinin, gömrük bəyannaməsinin və digər sadələşdirilmiş bəyannamələrin tərtib olunması, yoxlanılması, bəyannaməyə düzəlişlər edilməsi və onun ləğv edilməsi, gömrük statusu, gömrük prosedurları, o cümlədən daxili və xarici tranzit, saxlanc, xüsusi istifadə prosedurlarından ibarət xüsusi gömrük prosedurları, malların yenidən yüklənməsi və malların kabotaj daşınması, yardım yükləri, gömrük orqanları tərəfindən təsdiq edilən malların təhlükəsiz ixrac sxemi, gömrük tarifi və malların tarif təsnifatı, malların preferensianal və qeyri preferensianal mənşəyi, malların idxalı və ixracı üzrə gömrük borcu və borcun ləğv edilməsi qaydaları, gömrük borcu və təminatlar, təminatlardan istifadəyə dair müddəalar, gömrük ödənişlərinin məbləğinin müəyyənləşdirilməsi və borclu şəxsə bildirilməsi, gömrük ödənişlərinin qaytarılması, gömrük qiymətləndirilməsi, azad zonalar, azad zonaların yaradılması və ləğv edilməsi, beynəlxalq poçt göndərişləri, boru kəməri nəqliyyatı və elektrik ötürücü xətlər vasitəsi ilə malların gömrük sərhədindən keçirilməsinin xüsusiyyətləri, risklərin idarə edilməsi və qiymətləndirilməsi, gömrük auditi, gömrük orqanları tərəfindən həyata keçirilən ixrac nəzarəti, gömrük işində informasiya sistemləri və informasiya texnologiyaları, gömrük prosedurlarının elektron modeli, mallar barədə məlumatların qabaqcadan elektron formada gömrük orqanlarına təqdim edilməsi, şəxslərin və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması və bu ərazidən yola salınması ilə bağlı və digər yeni normalar nəzərdə tutulmuş və bir sıra mövcud normalar (gömrük brokeri, gömrük ödənişləri, gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişi, ilkin qərarlar, mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi, gömrük rejimləri, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti, gömrük orqanlarının təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyəti, Azərbaycan Respublikası gömrük orqanlarının qərarlarından, hərəkət və hərəkətsizliyindən şikayətvermə) isə beynəlxalq təcrübədə qəbul edilmiş normalara, eləcə də mövcud qanunvericiliyə uyğunlaşdırılmışdır.

Yeni Gömrük Məcəlləsinin qəbulu gömrük sisteminin maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə, gömrük infrastrukturunun müasir tələblərə uyğun şəkildə qurulmasına, dövlət büdcəsinin gəlirlərinin artmasına, idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunmasına, Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesinin sürətlənməsinə, gömrük sistemində avtomatlaşdırılmış idarəetmənin tam tətbiq edilməsinə, gömrük nəzarətinin həyata keçirilməsinin səmərəliliyinin artırılmasına, gömrük tarif siyasətinin təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə, ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində gömrük sisteminin rolunun artırılmasına, gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinə, ölkənin sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artmasına, gömrük tənzimlənmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələrinə uyğunlaşmasına, ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə əlverişli şərait yaradacaqdır.

Gömrük nəzarətinin təkmilləşdirilməsi və gücləndirilməsi sahəsində 2011-ci ildə hansı tədbirlərin ğörülməsi nəzərdə tutulur?

-Bildiyiniz kimi, Azərbaycan Respublikasında gömrük orqanları qarşısında gömrük nəzarətinin təkmiləşdirilməsi, gücləndirilməsi, onun mükəmməl əsaslara söykənən formada həyata keçirilməsi məsələləri mühüm vəzifələr kimi qarşımızda durur. Hər il olduğu kimi bu ildə bizim fəaliyyətimizdə bu fundamental vəzifələrin həyata keçirilməsi üçün zəruri tədbirlər müəyyənləşərək bu sahədəki iş ardıcıl surətdə davam ediriləcəkdir.

İlk növbədə qeyd etmək lazımdır ki, yeni dövrün çağırışlarına və dəyişən dünyada meydana gələn yeni tələləblərə cavab vermək imkanların artırılması üçün ölkəmizdə gömrük fəaliyyətinin tənzimləyən yeni Gömrük Məcəlləsinin layihəsi hazırlanmış və artıq parlament səviyyəsində baxılma ərəfəsindədir.

Hesab edirəm ki, yeni Gömrük Məcəlləsi gömrük işi sferasında mütərəqqi formaların tətbiqi sahəsində yeni imkanlar yaradacaq və müasir tələblər əsasında gömrük nəzarətinin təkmilləşdirilməsi və gücləndirilməsinin ən vacib predmeti olan onun hüquqi əsaslarını müəyyən edəcəkdir.

Təkmilləşdirmə məsələlərində hüquqi əsasları inkişaf etdirməklə yanaşı, gömrük nəzarəti prosesində yüksək texnoloji imkanlara malik olan texniki yoxlama vasitələrindən istifadə məsələləri günləlik fəaliyyətimizin əsas hissəsidir. Bütün gömrük idarələrinin texniki nəzarət vasitələri ilə təchiz olma işi aparılır və malların, nəqliyyat vasitələrinin müayinəsində istifadə edilir. Texniki vasitələrin tətbiqi gömrük nəzarəti prosesini asanlaşdırır, bu işdə vaxta qanaət edilməsinə səbəb olur və aparılan yoxlamaların əsasən keyfiyyət göstəricilərini əməlli qaydada yaxşılaşdırır.

Qeyd etdiyimiz kimi, bu sahadəki iş davam etdiriləcək və texniki nəzarət vasitələrinin hərtərəfli tətbiqi vasitəsi ilə gömrük nəzarətindən gizlədilmə və qaçaqmalçılıq yolları ilə keçirilmə halları müəyyənləşərək bu hallara qarşı ciddi tədbirlər görüləcəkdir.

Digər əsas məsələlərdən biri beynəlxalq ticarət dövriyyəsində olan malların gömrük nəzarəti məsələlərində mürəkkəb olmayan daha sadə qaydalararın tətbiq edilməsidir. Bu sahədə 2011-ci ildə də mövcud qaydaların təkmilləşdirilməsi işi aparılacaqdır. Malların xüsusiyyətlərindən asılı olaraq onların beynəlxalq ticarət qaydaları müəyyən olunur və əsasən, müvafiq Konvensiyalar və ya beynəlxalq sənədlərlə tənzimlənir. Bütün bu məsələləri nəzərə alaraq müvafiq mal növləri üzrə gömrük nəzarət metodlarında beynəlxalq qaydalar nəzərə alınır və bu iş davam etdiriləcəkdir.

Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin tikintisi hansı mərhələdədir?

-Bildiyiniz kimi, Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin açılması təklifi, əvvəlcə 2009-cu ildə Norveç Krallığının Bergen şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında irəli sürülmüş, bu məsələ ilə bağlı Azərbaycan nümayəndə heyəti iki hissəli təqdimatla çıxış etmişdir. 2009-cu il iyunun 25-dən 27-dək Belçika Krallığının Brüssel şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının 113-114-cü sessiyası zamanı yeganə regional ofisin Azərbaycanda açılması təklifi dəstəklənmiş və ofisin Bakı şəhərində təsis edilməsi qərara alınmışdır. Nəhayət, 2009-cu ilin noyabrında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Respublikasının Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumu" imzalanmışdır. Hal-hazırda tikinti yekunlaşmaq üzrədir və ümid edirəm ki, yaxın aylarda regional ofisin təntənəli açılış mərasimi həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti