...

Oqtay Əsədov: Azərbaycanın 2012-ci il dövlət büdcəsinin xarakterik cəhəti qeyri-neft sektoruna diqqətin artırılmasıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2011 13:24 (UTC +04:00)
Azərbaycanın 2012-ci il dövlət büdcəsinin xarakterik cəhəti qeyri-neft sektoruna diqqətin artırılmasıdır.
Oqtay Əsədov: Azərbaycanın 2012-ci il dövlət büdcəsinin xarakterik cəhəti qeyri-neft sektoruna diqqətin artırılmasıdır

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın 2012-ci il dövlət büdcəsinin xarakterik cəhəti qeyri-neft sektoruna diqqətin artırılmasıdır. Trend-in məlumatına görə, bu barədə spiker Oqtay Əsədov 2012-ci il və sonrakı üç il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasında müzakirələri zamanı bildirib.

"2012-ci ildə ÜDM-in 57 faizə yaxını qeyri-neft sektorunun payına düşəcək. Gələn il diqqət ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasına, xidmət, emal sənayesi, turizm, kənd təsərrüfatı və başqa sektorların inkişafına yönəldiləcək", - Əsədov deyib.

Onun sözlərinə görə, 2012-ci ildə ölkə iqtisadiyyatına 14 milyard manat yönəldiləcək ki, bu da ötən ildəkindən 10 faiz çoxdur.

"70 fazidən çoxu daxili investisiyaların payına düşür", - Əsədov qeyd edib.
Bununla yanaşı, onun sözlərinə görə, orta aylıq əməkhaqqı 432 manat səviyyəsində nəzərdə tutulub ki, bu da 2011-ci ildəkindən 11,6 faiz çoxdur.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, artıq bir neçə ildir ki, Azərbaycanda dövlət büdcəsinin gəlir hissəsinin formalaşması ilə bağlı problem yoxdur.

"Gəlirlərdə neft sektorunun payının artması obyektiv tələbatdır. Əgər 2005-ci ildə gəlirlərin 60 faizi qeyri-neft sektorunun payına düşürdüsə, indi nisbət neft sektorunun xeyrinə dəyişib", - Səmədzadə deyib.

Onun sözlərinə görə, son üç ildə büdcə xərclərinin 44 faizlik artımı çox yaxşı, dünyadakı çox nadir göstəricilərdən biridir.

"Əgər 2003-cü ildə adambaşına xarici borcun həcmi adambaşına büdcə gəlirlərinin həcmini üstələyirdisə, 2011-ci ildə bu nisbət dəyişdi. İndi adambaşına büdcə gəlirləri xarici borcu 4,2 dəfə üstələyir", - Səmədzadə deyib.

Onun sözlərinə görə, ölkənin gələcəyi iqtisadiyyatın real sektorunun inkişafı ilə bağlıdır.

Maliyyə naziri Samir Şərifov plenar iclasda 2012-ci il dövlət büdcəsinin proqnozlarını təqdim edib.

Onun sözlərinə görə, gələn il üçün dövlət büdcəsinin gəlirləri 16 436,4, xərcləri 16 984,4 milyon manat həcmində proqnozlaşdırılır. 2011-ci ilin proqnozları ilə müqayisədə büdcə gəlirlərinin artımı 5,67 faiz, xərcləri 6,5 faiz səviyyəsində gözlənilir.

Dövlət büdcəsinin kəsiri 548 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da gələn il üzrə proqnozlaşdırılan ÜDM-in 1,3 faizini təşkil edir.

2012-ci il dövlət büdcəsi layihəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 27,8 faiz təşkil edir və bu xərclər 4 713,4 milyon manat səviyyəsində (2011-ci ilə nisbətən 9,7 faiz, 2010-cu ilə nisbətən 27,3 faiz artımla) proqnozlaşdırılır.

Dövlət büdcəsində kapital qoyuluşları 7827,9 milyon manat (büdcə xərclərinin 46,1 faizlik xüsusi çəkisi ilə) nəzərdə tutulub ki, bu da 2011-ci ilə nisbətən 0,6 faiz azdır, 2010-cu ilə nisbətən isə 55,7 faiz artacaq.

Noyabrın 22-nə rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti