Bakı. Trend:
AZPROMO tərəfindən 2025-ci ildə “WorldFood Moscow 2025”, Köln şəhərində “Anuga” və Şanxay şəhərində 8-ci Çin Beynəlxalq İdxal sərgilərində vahid ölkə stendi ilə sahibkarların iştirakının təmin olunması planlaşdırılır.
Trend xəbər verir ki, bu sözləri AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” Sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Agentliyin dəstəyi ilə Azərbaycan şirkətləri müntəzəm olaraq qlobal və yerli sərgilərdə uğurla iştirak edir, yerli məhsullarımız vahid ölkə stendlərində “Made in Azerbaijan” brendi altında təqdim edilir, ixrac müqavilələri imzalanır, məhsullarımız yeni bazarlara çıxarılır:
"2024-cü ildə AZPROMO-nun dəstəyi ilə ixracatçılarımız 47-ci Beynəlxalq Bağdad Sərgisi, Almaniyada “Greenweek” və “Prowein”, Rusiyada “Prodexpo” və "Russia Halal Expo 2024", Birləşmiş Ərəb Əmirliklərində “Gulfood”, Yaponiyada FOODEX, eləcə də İtaliyanın Rimini şəhərində “Macfrut”, Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində "Saudi Food Show 2024" və Şanxayda 7-ci Çin Beynəlxalq İdxal Sərgisi kimi ümumilikdə 10 beynəlxalq sərgidə iştirak edib".
"Biz bu il də ixracatçılarımıza göstərdiyimiz dəstəyi əsirgəmirik və sərgilərdə aktiv iştirakımız davam edir. Hazırda bizim dəstəyimiz ilə şirkətlərimiz vahid ölkə stendi ilə Ər-Riyad şəhərində “Saudi Food Expo 2025”də iştirak edir, sabahdan isə Kazanda keçirilən “Russia – Halal Expo 2025”də ixracatçılarımızın iştirakı təmin olunacaq. Bugünkü “InterFood” sərgisinə də AZPROMO-nun “Made in Azerbaijan” stendində təbii bal, meyvə-tərəvəz, qurudulmuş meyvələr, spirtli içkilər, şərab və süd məhsullarının istehsalı sahələrində fəaliyyət göstərən 8 şirkət təmsil olunur", - Y. Abdullayev bildirib.
"Əlavə olaraq qeyd etmək istərdim ki, tərəfimizdən 2025-ci ildə “WorldFood Moscow 2025”, Köln şəhərində “Anuga” və Şanxay şəhərində 8-ci Çin Beynəlxalq İdxal sərgilərində vahid ölkə stendi ilə sahibkarların iştirakının təmin olunması planlaşdırılır. Yerli sərgilərdə isə oktyabr ayında keçiriləcək 5-ci “Rebuild Karabakh”da iştirakımız nəzərdə tutulur", - deyə Y. Abdullayev vurğulayıb.