...

ABŞ Çindən poçt göndərişlərinə qoyulan rüsumları 54 faizə qədər azaldacaq

Dünya xəbərləri Materials 13 May 2025 15:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ştatlar Çindən göndərilən poçt bağlamalarına tətbiq olunan rüsumları 120 faizdən 54 faizə endirəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın imzaladığı icra sərəncamında bildirilir.

Sənədə əsasən, dəyişikliklər ABŞ-nin şərq sahili vaxtı ilə 14 may saat 00:01-dən (Bakı vaxtı ilə 07:01) qüvvəyə minəcək. Bununla yanaşı, hər bir göndəriş üçün minimal sabit rüsum əvvəlki kimi 100 dollar təşkil edəcək.

Tramp daha əvvəl Çindən ABŞ-yə göndərilən bağlamalara tətbiq olunan tarifin 120 faizə qədər artırılacağını elan etmişdi. O, həmçinin, bəyan etmişdi ki, 2 may tarixindən etibarən dəyəri 800 dollara qədər olan Çin malları artıq gömrük rüsumlarından azad edilməyəcək.

ABŞ Çin idxalına əlavə tarifləri üç dəfə artırmış və nəticədə bu tariflər 145 faizə çatmışdı. Cavab tədbiri olaraq, Çin də aprel ayında bütün Amerika məhsullarına tətbiq olunan tarifləri simmetrik şəkildə qaldıraraq 125 faizə çatdırmışdı.

ABŞ və Çin arasında ticarət-iqtisadi məsələlərə dair danışıqlar 10-11 may tarixlərində İsveçrədə baş tutub. Əldə olunmuş razılaşmaya əsasən, tərəflər 14 may 2025-ci ildən etibarən rüsumların qarşılıqlı şəkildə azaldılacağını bəyan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti