Bakı. Trend:
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumunun açılışı olub.
Trend xəbər verir ki, mayın 13-15-də keçiriləcək tədbiri Ümumdünya Poçt İttifaqı (ÜPİ) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin, tərkibində fəaliyyət Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə birgə təşkil edib.
“Növbəti üfüqlər: Gələcək mükəmməllik üçün elektron ticarət, innovasiya və təchizat zəncirinin naviqasiyası” mövzusuna həsr olunmuş forumda 30-dan çox ölkənin 150-dən artıq təmsilçisi iştirak edəcək. Onlar arasında milli poçt xidmətlərinin rəhbərləri, e-ticarət və texnologiya şirkətlərinin yüksəkvəzifəli nümayəndələri, eləcə də sahə üzrə beynəlxalq ekspertlər yer alıb.
Forumun məqsədi regional müzakirələr və müqayisələr, bilik mübadiləsi və innovasiyalar üçün strateji bir platforma yaratmaqdır. Müzakirələr qlobal tendensiyalar və rəqəmsal pozuntulara cavab olaraq poçt sektorunun transformasiyasına yönəlib.
Gündəliyə poçt şəbəkələrində elektron ticarətin artan rolu, rəqəmsal transformasiya, davamlı logistika təcrübələrinin tətbiqi, poçt əməliyyatlarında inam və təhlükəsizliyin qorunması üçün kibertəhlükəsizliyin əhəmiyyətinin artırılması kimi aktual mövzular daxildir.
Forum sənaye liderləri və maraqlı tərəflər arasında dialoqu asanlaşdırmaqla müştərilərin və bizneslərin dəyişən tələblərinə uyğun, gələcəyə yönəlik strategiyaların və innovativ həllərin inkişaf etdirilməsinə təkan verir. Eyni zamanda tədbir ÜPİ-nin regional inkişafı təşviq etmək və beynəlxalq poçt əməkdaşlığını gücləndirmək istiqamətindəki öhdəliyini də bir daha təsdiqləyir.
ÜPİ-nin İnkişaf və əməkdaşlıq üzrə direktoru Mutua Muthusi bildirib ki, Ümumdünya Poçt İttifaqı (ÜPİ) inkişaf etməkdə olan ölkələrdə rəqəmsal keçidin həyata keçirilməsinə hərtərəfli dəstək göstərir.
“Bizim əsas missiyamız – xidmətləri hələlik müəyyən edilmiş standartlara cavab verməyən ölkələrə və poçt idarələrinə həmin səviyyəyə çatmaqda yardım etməkdir. Bu, nəticə etibarilə beynəlxalq poçt şəbəkəsinin güclənməsinə xidmət edir”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Ümumdünya Poçt İttifaqı müxtəlif formalarda - texniki avadanlıqların təmin edilməsindən tutmuş insan resurslarının inkişaf etdirilməsinə qədər - dəstək göstərir.
“Biz yüksək səviyyəli təlim tədbirləri təşkil edirik, məhz bu forum da belə təşəbbüslərdən biridir. Bu yalnız mütəxəssislərin bilik və bacarıqlarını artırmaqla kifayətlənmir, eyni zamanda, poçt sahəsinin rəhbərləri arasında bilik və təcrübə mübadiləsi üçün platforma yaradır”, – deyə o əlavə edib.
Mutua Muthusi belə forumların dünyada davamlı və texnoloji baxımdan inkişaf etmiş poçt sistemlərinin formalaşmasına mühüm töhfə verdiyinə əminliyini ifadə edib.
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov qeyd edib ki, Azərbaycan qlobal poçt sisteminin inkişafına aktiv töhfə verməyə can atır və bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirməyə hazırdır.
O bildirib ki, Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) İdarəetmə Şurası və Poçt Əməliyyatları Şurasına rəsmi namizədliyini irəli sürüb. Həmin orqanlara seçkilər 2025-ci il sentyabrın 7-dən 19-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək ÜPİ-nin 28-ci Konqresi çərçivəsində baş tutacaq.
“Azərbaycan poçt sektorunun səmərəli fəaliyyətini təmin etməyə yönəlmiş əsas təşəbbüslərin həyata keçirilməsinə töhfə verməkdə maraqlıdır. Biz qlobal poçt şəbəkələrinin möhkəmləndirilməsi və universal xidmət standartlarının artırılması məqsədilə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa can atırıq”, – deyə S.Məmmədov vurğulayıb.
Nazir müavini forumun gündəliyinə daxil edilən mövzuların aktuallığını da qeyd edib:
“Elektron ticarət, innovasiyalar, logistika və rəqəmsal transformasiya – bunlar müasir poçt sektorunun inkişafı üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdir”.
Azərbaycanın prioritetlərindən danışan Samir Məmmədov beynəlxalq əməkdaşlığın vacibliyini önə çəkib:
“Biz ikitərəfli və çoxtərəfli formatlarda beynəlxalq əməkdaşlığa xüsusi önəm veririk. Ümumdünya Poçt İttifaqının effektiv, inklüziv və dayanıqlı qlobal poçt xidmətlərinin təşviqində mühüm rolunu xüsusilə vurğulamaq istərdik”.
S.Məmmədov, həmçinin, Azərbaycanın ÜPİ-dəki fəaliyyətinə verdiyi töhfədən də söz açıb:
“Azərbaycan 1993-cü ildən etibarən Ümumdünya Poçt İttifaqının üzvüdür. Hazırda milli poçt operatoru “Azərpoçt” dünyanın 173 ölkəsi ilə əməkdaşlıq edir, onlardan 126-sı ilə qeydiyyatlı göndərişlər üzrə birgə əməliyyatlar həyata keçirir”.
Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosunun baş direktorunun müavini Maryan Osvald bildirib ki, elektron ticarət ÜDM-in artırılması üçün gələcəyin infrastrukturudur.
Sənayenin perspektivlərindən söz açan Osvald dövlətlərlə poçt operatorları arasında sıx əməkdaşlığın zəruriliyini vurğulayıb:
"Elektron ticarət sahəsində böyük imkanlar var. Bununla belə, elektron ticarət təkcə dövlət xidməti deyil, həm də konkret ölkənin ÜDM-ni əhəmiyyətli dərəcədə artıra bilən istiqamətdir", - Osvald vurğulayıb.
Onun sözlərinə görə, poçt rabitəsinin inkişafına təkcə infrastrukturun bir hissəsi kimi deyil, həm də tam hüquqlu iqtisadi mühərrik kimi, xüsusilə də rəqəmsal keçid kontekstində baxmaq lazımdır.