Bakı. Trend:
Hesabat ilində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi məqsədilə keçirilən 30 səyyar yoxlama zamanı 1 002 işçidən 57-nin əmək və ya xidməti (mülki) müqaviləsinin olmadığı aşkarlanıb, 12 işəgötürən hüquqi və fiziki şəxs barəsində 105 min manat məbləğdə inzibati cərimə tətbiq edilib.
Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.
Məlumata əsasən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalarla isə 676 (+164) şəxsin əmək müqaviləsi olmadan işləməsi müəyyən edilərək işəgötürənlər ümumilikdə 2 643 000 (+268 600) manat məbləğdə, habelə 7 fakt üzrə işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxslər 8 min manat məbləğdə cərimələnib.
Daxil olan müraciətlərə baxılması zamanı aşkarlanan 15 yaşına çatmamış şəxsi işə cəlb etməklə bağlı daha 2 fakt üzrə təqsirkar şəxslər barəsində ümumilikdə 4 min manat inzibati cərimə tətbiq edilib.
Keçirilən reydlər zamanı isə küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 616 azyaşlı müəyyən edilərək onları hüquqazidd əməllərə təhrik edən 354 valideyn haqqında qanunauyğun tədbirlər görülüb, eyni zamanda icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq strukturlarına uşaqların sosial problemlərinin həlli məqsədilə 490 material göndərilib.
Qeyd edək ki, bu hesabat “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluq, Ombudsman Aparatı, Vəkillər Kollegiyası, beynəlxalq təsisatlar, 20 qeyri-hökumət təşkilatı, 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanı, eləcə də Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının və ərazi polis orqanlarının məlumatları, o cümlədən xüsusi polis qurumunun apardığı monitorinq və təhlillər əsasında hazırlanıb.