Bakı. Trend:
"Amazon" son 20 il ərzində ilk dəfə olaraq korporativ loqosunu və dizayn üslubunu əhəmiyyətli dərəcədə dəyişdirib.
Trend xəbər verir ki, bu barədə "Dezeen" portalı məlumat yayıb.
Məlumata görə, yenilənmiş vizual kimlik beynəlxalq "Koto" dizayn studiyası və "Amazon"un daxili dizayn komandası tərəfindən hazırlanıb. Dəyişikliklərin əsas məqsədi brendi daha emosional və cəlbedici şəkildə təqdim etmək, həmçinin 50-dən çox subbrend üçün vizual uyğunluğu təmin etməkdir.
Əgər əvvəlki loqoda vurğu ox işarəsində idisə, indi diqqət daha çox "Amazon"un gülümsəyən xəttinə yönəlib. Bu element şirkətin əsas dəyərləri olan müştəri məmnuniyyəti və sadəlik ideyasını əks etdirir.
Yeni korporativ şrift "Amazon Logo Sans" adlanır və "Amazon Smile", "Echo", "Cash", "Jobs" kimi alt brendlərdə istifadə olunacaq. Həmçinin, "Kindle" ilə əlaqəli "Ember" şriftinə də kiçik dəyişikliklər edilib.
Dizayndakı digər yeniliklərə daha parlaq rəng palitrası, vahid ikon sisteminin tətbiqi və "Prime", "Alexa", "Amazon Grocery" və "One Medical" kimi əsas xidmətlərə vizual prioritetin verilməsi daxildir.
Şirkət qeyd edir ki, bu dəyişikliklər "Amazon"un tanınan korporativ simasını qoruyaraq, onu müasir tələblərə uyğunlaşdırır və brendin gələcək hədəflərinə daha aydın şəkildə xidmət edir.