Bakı. Trend:
Mayın 13-də Kanadanın Baş naziri Mark Karni ölkənin yeni hökumət tərkibini elan edəcək.
Trend xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Məlumata görə, hazırda nəqliyyat naziri vəzifəsini icra edən, rusofob mövqeyi ilə tanınan Kristia Friland yeni kabinetdə yer almayacaq. Halbuki, daha əvvəl Kanada mediası onun hökumətdə qalacağını istisna etmirdi. Qeyd olunur ki, Friland ilə Karni uzun illərdir dostluq münasibətlərinə malikdir və baş nazir onun övladlarından birinin xaç atasıdır.
Friland dəfələrlə Rusiyanın xarici siyasətini sərt şəkildə tənqid edib və 2014-cü ildən etibarən Rusiyanın sanksiya siyahısında yer alır.
Telekanalın məlumatına görə, yeni hökumət tərkibinin 50 faizdən çoxu yenilənəcək. Yeni Nazirlər Kabinetində 30-dan az nazirin yer alacağı gözlənilir. Hazırda isə bu rəqəm 23-dür.
Xatırladaq ki, 2024-cü il dekabrın 16-da o vaxtkı baş nazirin müavini və maliyyə naziri olan Friland, Castin Trüdonun onu başqa vəzifəyə keçirmək qərarına görə istefa verdiyini açıqlamışdı. Bu hadisə Trüdonun kabinetə nəzarəti itirdiyi haqda tənqidlərə səbəb olmuşdu.
Nəticədə Trüdo hakim partiyanın liderliyindən və baş nazir postundan istefa verdi. Onun yerinə Mark Karni təyin edildi və o, Frilandı yenidən hökumətə gətirərək nəqliyyat naziri vəzifəsini ona tapşırdı.
Aprelin 28-də keçirilən növbədənkənar parlament seçkilərində Liberal Partiyanın qalib gəlməsindən sonra Karni baş nazir postunu saxladı.