Bakı. Trend:
Fransanın Kot d’Azur bölgəsinin mənzərəli şəhəri Kann bu gün 78-ci dəfə dünya kinosunun ən nüfuzlu tədbirlərindən biri olan Kann Film Festivalına ev sahibliyi edir.
Trend-in məlumatına görə, festival 13-24 may tarixlərində keçiriləcək və ənənəvi olaraq dünyanın aparıcı kino ulduzlarını, rejissorlarını və prodüserlərini bir araya gətirəcək.
Festivalın əsas mükafatı olan “Palma budağı” artıq Kann festival sarayına çatdırılıb. Hər il olduğu kimi, iki bərabər nüsxədə hazırlanmış mükafatdan biri bu il Amerika kino sənayesinin əfsanəsi Robert De Nirona təqdim olunacaq. 1960-cı illərdə aktyorluq karyerasına başlayan De Niro bu günə qədər 110-dan çox tammetrajlı filmdə rol alıb və bir çox əsəri kino klassikasına çevrilib.
İkinci “Palma budağı” isə on günlük rəsmi müsabiqə proqramı başa çatdıqdan sonra qalib filmə təqdim olunacaq. Festivalın builki proqramı həm sənət, həm də kommersiya filmlərinin, o cümlədən debütant rejissorların işlərinin nümayişi ilə zəngindir.