...

Dövlət qeydiyyatından kənarda qalan 23 körpə doğulub, 86 küçə uşağı ailəsinə verilib

Cəmiyyət Materials 13 May 2025 10:00 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat ilində doğumu dövlət qeydiyyatından kənarda qalmış uşaqların vaxtında müəyyən edilməsi məqsədilə qeydiyyat şöbələri ilə icra hakimiyyəti nümayəndəlikləri arasında surətli əlaqələndirmənin təşkili və yaranan problemlərin operativ həlli məqsədilə “Whatsapp” sosial şəbəkəsində sorğulama qrupu yaradılıb.

Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Məlumata əsasən, həyata keçirilən tədbirlərlə 23 uşağın doğumu qeydə alınıb, 56 uşağın valideynlərinə doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə hüquqi yardım göstərilib, habelə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri əks etdirən normativ sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Davamlı olaraq aparılan monitorinqlərlə aşkarlanan 100 küçə uşağından 86-sı ailəsinə səfər edilib, baxımsız vəziyyətdə olan 5 uşaq Sosial Xidmətlər Agentliyinin sığınacağına, 1 uşaq körpələr evinə yerləşdirilib, 30 uşağın şəxsiyyətini təsdiq edən sənədlərin alınmasına dəstək verilib, təhsildən yayınan uşaqlar Elm və Təhsil Nazirliyi, sağlamlıq problemləri ilə əlaqədar isə TƏBİB-ə yönləndirilib.

Qeyd edək ki, bu hesabat “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluq, Ombudsman Aparatı, Vəkillər Kollegiyası, beynəlxalq təsisatlar, 20 qeyri-hökumət təşkilatı, 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanı, eləcə də Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının və ərazi polis orqanlarının məlumatları, o cümlədən xüsusi polis qurumunun apardığı monitorinq və təhlillər əsasında hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti