Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir E.Əliyev/
Azərbaycanda aparılan düşünülmüş iqtisadi siyasət hər il Ümumdünya İqtisadi Forumu (UİF) tərəfindən dərc olunan rəqabətə davamlılıq reytinqində ölkənin yüksək göstəricinin zəmanəti olub. Bu barədə çərşənbə axşamı "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyanın reallaşdırılması üzrə Milli Fəaliyyət Qrupunun ilk iclasında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Nazirin sözlərinə görə, son on ildə ölkənin əldə etdiyi iqtisadi uğurlar öz əksini beynəlxalq təşkilatların hesabatlarında tapır: "Ötən həftə Ümumdünya İqtisadi Forumu tərəfindən rəqabətə davamlılıq üzrə qlobal indeks açıqlanıb. Azərbaycan bu reytinqdə ötən illə müqayisədə yeddi pillə irəliləyərək 148 ölkə arasında 39-cu pilləni tutub".
Ş.Mustafayevin sözlərinə görə, milli iqtisadiyyat artıq beş ildir ki, reytinqdə MDB ölkələri arasında liderliyi öz əlində saxlayır: "Bu nüfuzlu reytinqdə bizim ölkəmiz üçün çox uğurlu olan bir sıra göstəricilər nəzərə alınır. İllik inflyasiyanın səviyyəsinə görə biz birinci, ümumimilli gəlirin ÜDM nisbətində 10-cu, ümumi xarici borcun ÜDM nisbətdə 13-cü, dövlət tərəfindən qabaqcıl texnologiya məhsullarının alınmasına görə 14-cü yeri tutmuşuq".
Nazir vurğulayıb ki, ölkənin ÜİF hesabatında yüksək göstəricisi Azərbaycanda aparılan praqmatik iqtisadi siyasətin birbaşa göstəricisidir: "Qeyd olunan uğurların əldə olunmasında həlledici rolu ölkədə qurulan siyasi və makroiqtisadi sabitlik, əlverişli işgüzar və investisiya iqlimi oynayıb. Son illər Azərbaycanın yalnız sərmayələrin yatırıldığı əlverişli region deyil, həm də sərmayə ekspertinə də çevrildiyi faktını da qeyd etməmək olmaz. Yerli sahibkarlar inkişaf edir, dünya bazarlarına çıxmağa başlayır və xaricə sərmayələr yatırırlar. Bütün bunlar, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan uzaqgörən iqtisadi siyasət ona gətirib çıxardı ki, Azərbaycan bütün sahələrdə regionda liderdir, Cənubi Qafqaz iqtisadiyyatının dördə üç hissəsi bizim ölkəmizdə formalaşır".
Azərbaycan rəqabətə davamlılıq indeksinə görə artıq beş ildir ki, MDB ölkələri arasında liderdir. Daha sonra Qazaxıstan (50-ci yer), Rusiya (64-cü yer), Gürcüstan (72-ci yer), Ermənistan (79-cu yer), Ukrayna (84-cü yer) və s. gəlir.