...

Fəal antiböhran tədbirləri Azərbaycanda makroiqtisadi sabitliyi və bank sektorunun likvidliyini təmin edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2016 17:22 (UTC +04:00)
Müasir dövrdə hər bir dövlətin tərəqqisi “insan meyarı”, yəni həyat keyfiyyətinin, şəxsiyyətin dövlət tərəfindən təmin olunan vəziyyətinin önə çəkilməsi ilə ölçülür.
Fəal antiböhran tədbirləri Azərbaycanda makroiqtisadi sabitliyi və bank sektorunun likvidliyini təmin edəcək

"Texnikabank" ASC-nin Müşahidə Şurasının sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Etibar Əliyev

Müasir dövrdə hər bir dövlətin tərəqqisi "insan meyarı", yəni həyat keyfiyyətinin, şəxsiyyətin dövlət tərəfindən təmin olunan vəziyyətinin önə çəkilməsi ilə ölçülür. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası qlobal böhrana rəğmən insan amilinin hökumət üçün prioritet məsələ olduğunu bir daha təsdiqləmişdir.

Ümumilikdə, hökumətin son iclası Azərbaycanın dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrdə yeni qlobal iqtisadi və siyasi çağırışlara adekvat olaraq islahatları davam etdirmək, idarəetmə sistemini çevik, şəffaf və səmərəli mexanizmlər əsasında formalaşdırmaq, biznes mühitini liberallaşdırmaq, makroiqtisadi sabitliyi təmin etmək istiqamətində islahatlar aparmaq, milli iqtisadiyyatı yeni şəraitə uyğunlaşdırmaq istəyini bariz şəkildə təcəssüm etdirir.

2015-ci ildə qeyri-neft sektorunun ümumi daxil məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar Prezident İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır. Bunun nəticəsi olaraq ötən il ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz artmışdır.

Qlobal maliyyə-iqtisadi qurumlarının proqnozlarına baxmayaraq, yola saldığımız 2015-ci ildə dünya iqtisadiyyatının inkişaf templəri azalmışdır. Qlobal böhranın yeni fazasının əsas səciyyəvi cəhətləri dünya istehlakının artım templərinin və qlobal ticarətin zəifləməsi, bununla əlaqədar qiymət şoklarının, əsasən də xammallar üzrə qiymətlərin kəskin enməsidir. Belə bir şəraitdə ölkəmizin əsas ixrac məhsulu və xarici valyuta daxilolmalarının mənbəyi olan xam neftin qiymətinin 3 dəfədən çox azalması, 2000-ci illərin əvvəllərindəki səviyyələrə enməsi ölkənin xarici ticarət balansının müsbət saldosunu və valyuta daxilolmalarının digər mənbələrini kəskin azaltmışdır.

Neftin qiymətlərinin dəfələrlə aşağı düşməsi səbəbindən ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi neqativ təzyiqlərin yaranması nəzərə alınaraq hökumət obyektiv zərurət kimi ötən ilin fevral və dekabr aylarında manatın devalvasiyasını həyata keçirmiş, beləliklə, bir tərəfdən ölkənin strateji valyuta ehtiyatlarının sürətlə azalmasının qarşısı alınmış və tədiyə balansı tarazlaşdırılmış, digər tərəfdən milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi artırılmışdır.

Dövlətimizin başçısı Nazirlər Kabinetinin son iclasında bununla bağlı demişdir: "Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərmişdir. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək".

Ümumilikdə, ölkə başçısının həmin iclasdakı dərin məzmunlu nitqində verdiyi vacib tapşırıqları aşağıdakı 5 tezisdə ümumiləşdirmək mümkündür:

- ölkə iqtisadiyyatının böhran dövrünün reallıqlarına adaptasiya edilməsi, büdcə vəsaitlərindən qənaətlə istifadə olunması, yalnız ən zəruri və təxirəsalınmaz investisiya layihələrinin maliyyələşdirilməsi;

- biznes mühitinin liberallaşdırılması, sahibkarlar üçün daha əlverişli imkanların yaradılması istiqamətində islahatların davam etdirilməsi, vergi və gömrük orqanlarının fəaliyyətinin optimallaşdırılması;

- devalvasiya prosesləri ilə əlaqədar vətəndaşlara dəymiş ziyanın maksimum dərəcədə kompensasiyası, sosialyönümlü tədbirlərin həyata keçirilməsi;

- bank sisteminin dayanıqlılığının və likvidliyinin təmin edilməsi, iqtisadiyyatın real sektoruna sərmayələrin yatırılmasının dəstəklənməsi, nağdsız ödənişlərin həcminin artırılması;

- Ölkədə çevik və qlobal böhran dövrünün çağırışlarına adekvat cavab verə biləcək hökumət modelinin formalaşdırılması, şəfflaflığın və hesabatlılığın artırılması.

Əksər region ölkələrini iflic duruma salan maliyyə böhranının mənfi təzahürlərinin dəf edilməsi istiqamətində atılan çevik addımlar inkişafın Azərbaycan modelinin dayanıqlığını təsdiq edir. Son 2 ildə geosiyasi səbəblər üzündən neftin qiymətlərinin 3 dəfəyədək azalması, ortamüddətli dövrdə ölkə iqtisadiyyatına, habelə bank sektoruna neqativ psixoloji təsirlərin artması, xarici iqtisadi mühitin pisləşməsi, dövlət və özəl sektorların gəlirlərinin - işgüzar-maddi fəallığın səngiməsi fonunda maliyyə-bank sektorunun dayanıqlığının qorunub saxlanılması zərurəti hökumət qarşısında bir sıra çağırışları aktuallaşdırmışdır.

Bu çağırışlar nəzərə alınmaqla tərtib olunan və ölkə başçısının 7 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının 2016-cı il üçün dövlət büdcəsi qlobal böhran mərhələsinin reallıqlarına adekvat ali maliyyə sənədi sayıla bilər. Bu ilin büdcəsi qlobal iqtisadi proseslərin ölkəmizin iqtisadi inkişafına mümkün təsirləri, o cümlədən valyuta daxilolmalarının və tədiyyə balansının müsbət saldosunun azalması, milli valyutanın qismən dəyərsizləşməsi, iqtisadi artım sürətinin zəifləməsi, habelə neftin qiymətinin kəskin azalması nəzərə alınmaqla realist ssenarilər əsasında hazırlanmışdır.

Ölkə başçısının müəyyənləşdirdiyi vəzifələrə müvafiq olaraq bu il qeyri-neft sektorunun büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, eyni zamanda, iaşədə, ticarətdə və inşaat sektorunda tətbiq edilən güzəştlərin sadələşdirilməsi, bununla da sahibkarlığın fəallığının stimullaşdırılması, dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması əsas prioritetlər sırasında olmuşdur. Bundan başqa, müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olunmaqla, prioritetlik daşımayan xərclər üzrə, eləcə də büdcə təşkilatlarında israfçılığa qarşı sərt qənaət rejiminin tətbiqi, sosialyönümlü xərclərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcəkdir.

Böhranın dərinləşməsinə baxmayaraq, Azərbaycanın 40 milyard dollardan çox strateji valyuta ehtiyatları, habelə cəmi 6,7 milyard dollar olmaqla ümumi daxili məhsulun 12,4 faizini təşkil edən xarici borcu, beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştirak etməməsi maliyyə böhranının təsirini zəiflədən əsas amillər sırasındadır. Hazırkı şəraitdə hökumətin bütün səyləri özəl sektoru böhranın mümkün mənfi təsirlərindən qorumaq, istehsal sahibkarlığını inkişaf etdirmək, rəqabət qabiliyyətliyi təmin etmək, ixrac potensialını gücləndirməkdir.

Yalnız son aylarda bazarın haqsız rəqabətdən, inhisardan azad olunması istiqamətində davamlı addımların atılması, sahibkarlığın inkişafına mane olan bürokratik amillərin aradan qaldırılması, iş adamlarının pozulmuş hüquqlarının bərpası, dövlət idarəçiliyinin müasirləşdirilməsi, özəl sektor üçün problemlər yaradan bəzi dövlət qurumlarının ləğvi ölkə başçısı İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin mahiyyətindən irəli gəlir. Ölkə başçısı tərəfindən atılan qətiyyətli addımlar - sahibkarlıq fəaliyyəti üçün xüsusi lisenziyaların alınması prosesinin sadələşdirilməsi və "ASAN Xidmət" mərkəzlərində həyata keçirilməsi, sahibkarlıq subyektlərində yoxlamaların 2 il müddətində dayandırılması, Vergi Məcəlləsində mütərəqqi dəyişikliklərin edilməsi də sahibkarlığın inkişafına əməli dəstəkdir.

Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin böyük əksəriyyəti məhz vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılmasına xidmət edir. Mühüm bir dəyişikliklə ƏDV-nin məqsədləri üçün ərizəvermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək artırılmasıdır. Məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200 min manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcək və bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, həmin vergi ödəyicilərinin vergi yükünün azaldılmasını təmin edəcəkdir.

Hökumətin yürütdüyü siyasətin məqsədi həm də iqtisadiyyatın lokomotivi olan bank sektorunu qlobal böhranın mənfi təsirlərindən maksimum şəkildə qorumaq, real sektorun kreditləşməsini təmin etməkdir. Azərbaycan Mərkəzi Bankının xarici və daxili iqtisadi mühit üzrə gözləntilər, qlobal risklər və milli iqtisadiyyatın qarşısında duran aktual çağırışlar nəzərə alınmaqla hələ 2015-ci il üçün müəyyənləşdirdiyi pul və məzənnə siyasəti reallığa adekvat olmuşdur. Qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesin maliyyələşməsinə, əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə 13 iyul 2015-ci il tarixindən etibarən Mərkəzi Bankın uçot dərəcəsi 3,5 faizdən 3 faizə endirilmişdir.

Dəhlizin digər parametrlərində dəyişiklik edilməmiş, dəhlizin yuxarı həddi 5 faiz, aşağı həddi isə 0,1 faiz səviyyəsində saxlanılmışdır. Faiz dərəcələrinin enməsinə şərait yaratmaqla iqtisadi artıma dəstək vermək məqsədilə Mərkəzi Bankın müəyyən etdiyi məcburi ehtiyat norması 2 faizdən 0,5 faizə endirilmişdir.

Bu tədbirlər eyni zamanda, bank sisteminə etimadın, sistemin sağlamlığı və dayanıqlığının, bank sektorunun iqtisadiyyatda maliyyə vasitəçisi rolunun dəstəklənməsinə yönəlmişdir. İqtisadi subyektlərin banklara inamını qorumaq və daha da artırmaq mühüm vəzifələrdən biri olaraq qalmış, bank sisteminin likvidliyinin adekvat səviyyədə saxlanması siyasəti davam etdirilmişdir. Bütün bunların nəticəsi olaraq ötən il bankların kredit portfelinin keyfiyyətinin əhəmiyyətli pisləşməsi və əmanətlərin bank sektorundan qaçışı, bankların ödəniş qabiliyyətinin pisləşməsi, iqtisadiyyatın kreditləşməsinin dayanması kimi neqativ hallara geniş rast gəlinməmişdir.

Azərbaycan Mərkəzi Bankının 2016-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı göstərir ki, respublikamız bu il qlobal maliyyə-iqtisadi böhranın təsirlərinə maksimum müqavimət əzmi nümayiş etdirəcəkdir. Bəyanatda qeyd olunduğu kimi, "Orta müddətli dövrdə milli iqtisadiyyatın "yenidən balanslaşdırılması," özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə ("təklif iqtisadiyyatı") keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi iqtisadi siyasət qarşısında duran strateji çağırışdır. Bu çağırışa uyğun olaraq milli iqtisadiyyatın yeni makroiqtisadi dayanıqlıq müstəvisinə keçirilməsi, bu əsasda iqtisadi siyasətin bütün istiqamətlərinin daha effektiv sinxronlaşdırılması vasitəsilə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bank hökumətlə birlikdə kompleks tədbirlər həyata keçirəcəkdir".

2016-cı ildə Mərkəzi Bank pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcəkdir. Banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər görüləcəkdir. Maliyyə infrastrukturunun inkişafı, nağdsız hesablaşmaların və elektron ödəniş sistemlərinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcəkdir.

Qeyd olunur ki, manatın formalaşmış yeni əlverişli məzənnəsi neftin daha aşağı qiymətində belə idxalın əhəmiyyətli azalmasını və yerli istehsalla əvəzlənməsini, qeyri-neft ixrac potensialının reallaşmasını təmin etməklə tədiyə balansının tarazlaşmasına, habelə strateji valyuta ehtiyatlarının yüksək səviyyədə (hazırda ÜDM-in 100 faizindən çox) qorunub saxlanmasına gətirib çıxarmalıdır.

Bütün bunlar böhran dövründə ölkənin bank sisteminin sabit idarə olunduğunu göstərir. Şübhəsiz, yeni böhran dalğası ilə bağlı neqativ iddiaların baş qaldırdığı hazırkı şəraitdə bankların özləri də təşəbbüskarlıq nümayiş etdirməli, məqsədyönlü kreditləşmə siyasəti həyata keçirərək hər bir riski ciddiliklə nəzərə almalı, real sektorun maliyyə resurslarına olan ehtiyaclarını təmin etməyə çalışmalıdırlar. Bankların risk menecmenti real sektorun tələblərini ətraflı öyrənməli, müvafiq qiymətləndirmə işi aparmalı, yaranan çətinlikləri maliyyə resursları hesabına həll etməlidir. Bu zaman maliyyə resursları daha aşağı faizlə və daha uzun müddətə verilməlidir.

Ölkə başçısı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bankların faiz dərəcələri nə qədər aşağı olarsa, iş adamları üçün mənfəətlə investisiya qoymaq imkanları bir o qədər yüksək olar və kredit vəsaitlərinə tələb çoxalar. Son illər ölkədə həyata keçirilən pul-kredit siyasəti faiz dərəcələrinin aşağı düşməsinə yaxşı şərait yaradır. Mərkəzi Bank müxtəlif tənzimləmə alətləri vasitəsi ilə ölkədə pul kütləsinin həcminə, eyni zamanda kommersiya banklarının kreditə olan tələbatlarının səviyyəsinə təsir göstərir.

Azərbaycanın ən iri banklarından olan "Texnikabank" ASC də fəaliyyətini ölkə başçısının müəyyənləşdirdiyi vəzifələrə uyğun qurmaqla, böhran şəraitində inkişaf strategiyasını düzgün müəyyənləşdirmişdir. Bu siyasət AMB-nin müəyyən etdiyi "məsuliyyətli kreditləşmə" siyasətinə əməl edilməsinə, real sektorun aşağı faiz dərəcələri ilə kreditləşməsinin təmin edilməsinə, habelə əmanətçilər və müştərilər qarşısında götürülən öhdəliklərə vaxtı-vaxtında əməl edilməsinə yönəlmişdir. Ölkə başçısının siyasi iradəsi ilə formalaşmış liberal biznes mühitinin məntiqi nəticəsi olaraq son aylarda bankda sağlamlaşdırma məqsədilə ciddi struktur, kadr islahatları həyata keçirilmiş, onun əvvəlki adı və işgüzar imici özünə qaytarılmışdır.

Şübhəsiz, "Texnikabank" sistem əhəmiyyətli banklardan biri olaraq ölkə iqtisadiyyatının inkişafı baxımından üzərinə düşən məsuliyyətin fərqindədir və bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirir. İnanırıq ki, Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan inkişaf dinamikasını qarşıdakı ildə də qoruyub saxlayacaq, neqativ proseslərə qarşı müqavimət potensialını gücləndirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti