...

İlham Əliyev: Biz çalışmalıyıq ki, Azərbaycanda məhsullar yerli xammal əsasında istehsal olunsun və ixrac edilsin

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2017 23:57 (UTC +04:00)
Biz çalışmalıyıq ki, Azərbaycanda məhsullar yerli xammal əsasında istehsal olunsun və ixrac edilsin.
İlham Əliyev: Biz çalışmalıyıq ki, Azərbaycanda məhsullar yerli xammal əsasında istehsal olunsun və ixrac edilsin

Bakı. Trend:

Biz çalışmalıyıq ki, Azərbaycanda məhsullar yerli xammal əsasında istehsal olunsun və ixrac edilsin.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Prezident bildirib ki, keçən il kənd təsərrüfatının inkişafında uğurlu il olub: “Biz artıma nail ola bildik. Bu il bu artım hesab edirəm ki, daha da böyük rəqəmlərlə ölçülməlidir. Kənd təsərrüfatı ilə bağlı bir neçə əsas istiqaməti qeyd etmək istərdim. Mən çox şadam ki, biz ilk növbədə Azərbaycanda uzun illər ərzində tənəzzülə uğrayan pambıqçılığı bərpa edə bilmişik. Artıq bərpa prosesi başlayıb. Biz pambıqçılığın şöhrətini qaytarırıq. Keçən il bir qədər gecikməyimizə baxmayaraq, biz yaxşı nəticələr əldə etdik. Əgər 2015-ci illə müqayisə etsək, - 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir, - görərik ki, 2016-cı ildə artıq 51 min hektarda pambıq əkilmişdir. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük olunubsa, keçən il təxminən 90 min tona yaxın pambıq tədarük edilib. Bu il üçün bizim böyük planlarımız var. Bu planlar bu yaxınlarda qəbul ediləcək Dövlət İnvestisiya Proqramında da öz əksini tapacaq. Biz bu il pambıq sahələrini yenə də artırmalıyıq. Əgər keçən il 51 min hektarda pambıq əkilibsə, bu il ən azı 120 min hektarda pambıq əkilməlidir. Yəni, bu, real rəqəmdir, bir qədər az, bir qədər çox ola bilər, amma biz işimizi təxminən bu rəqəmlər ətrafında qurmalıyıq. Bütün lazımi tədbirlər görülüb, keçən il texnikalar alınıb, bu il də alınacaq. Lazımi aqrotexniki tədbirlər görülür. Yeni torpaq sahələrinə suyun verilməsi təmin edilir. Burada həm Prezident Administrasiyası, yerli icra orqanları, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Meliorasiya və digər qurumlar fəal işləyiblər. Biz bu il daha da yaxşı nəticələr gözləyirik. Ancaq bu il icra ediləcək bu layihə çərçivəsində 200 minə yaxın insan işə cəlb ediləcək. Biz subsidiyaları da, pambıq tarlalarında işləyənlərin tariflərini də qaldırmışıq və məşğulluğu da təmin edəcəyik. Qeyd etməliyəm ki, hazırda 27 rayonda pambıqçılıq inkişaf edir və biz bu il təxminən 200 min ton, ondan da çox pambıq tədarükünü gözləyirik”.

Dövlət başçısı qeyd edib ki, keçən il baramaçılıqla bağlı çox ciddi addımlar atılıb: “Mən burada da bir neçə rəqəmi qeyd etmək istərdim. Əfsuslar olsun ki, bu sahə də tamamilə yaddan çıxmışdır. Əfsuslar olsun ki, əvvəlki illərdə tut bağlarının böyük hissəsi kəsilmişdir, dağıdılmışdır. İndi biz bunu bərpa edirik. 2015-ci ildə 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir, təkcə bir rayonda, Şəki rayonunda. 2016-cı ildə görülmüş tədbirlər nəticəsində bu rəqəm 70 tona çatıb. Bu il barama tədarükü keçən ilə nisbətən ən azı iki dəfə artmalıdır. Keçən il 1 milyon 700 min tut tingi əkilmişdir. Bölgələrdə bu sahəyə çox böyük maraq var. 30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar. Hazırda 37 rayonda baramaçılıq inkişaf edir. Əgər 2015-ci ildə bir rayonda idisə, hazırda 37 rayondadır və əlbəttə ki, bu coğrafiya da genişlənməlidir. Bax, əkilən bu tinglərin nəticəsində biz 2019-cu ildə 1300 ton barama istehsalını gözləyirik. Biz Şəki ipək kombinatının tam gücü ilə işləməsini də təmin edəcəyik.

Bizə kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən fındıqçılıqdır və xurma bağlarından əldə edilən məhsulun ixracıdır. Ona görə, biz bu iki istiqamətə də çox ciddi fikir vermişik. Keçən il 13 min hektarda fındıq bağları salınmışdır. Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi fındıq bağlarının sahəsi təxminən 30 min hektara yaxındır. Yəni, onun üçdəbir hissəsindən çoxunu biz bir il ərzində salmışıq və bu proses davam edir. Qarşıya məqsəd qoyulub ki, 2016-cı ildən başlayaraq bir neçə il ərzində biz əlavə 40 min hektarda fındıq bağları salaq və bu proses gedir. Bu, fermerlərin də böyük marağına səbəb olub. Bu, yaxşı gəlir mənbəyi olacaqdır. Burada da dövlət öz üzərinə böyük vəzifə götürüb. Çünki bütün bu lazımi avadanlıq, texniki tədbirlər və tinglərin alınması dövlət hesabına həyata keçirilir. Dövlət bunu alır və fermerlərə pulsuz verir. Bax, dövlətin bir daha demək istəyirəm ki, siyasəti özünü bu istiqamətdə də göstərir. Biz fındıqçılığın coğrafiyasını da genişləndiririk və hazırda 13 rayonda bu sahədə işlər gedir”.

İlham Əliyev deyib ki, valyuta gətirən ixrac məhsullarından biri olan badam Azərbaycanda əfsuslar ki, çox az istehsal edilir: “Biz hətta özümüzü bu məhsulla təmin edə bilmirik. Cəmi 1000 hektar badam bağlarımız var. Onların da böyük əksəriyyəti Naxçıvan Muxtar Respublikasındadır. Halbuki Abşeron yarımadasında, Bakıətrafı qəsəbələrdə və digər bölgələrdə badamçılıq üçün çox münbit təbii iqlim var. Ona görə, bu istiqamətdə də işlər görülməlidir, lazımi tədbirlər görülür, göstərişlər verilib, bax, bu sahə də inkişaf edəcək.

Zeytunçuluq. Əfsuslar olsun ki, biz özümüzü zeytunla təmin edə bilmirik. Yeni zeytun massivləri, plantasiyaları salınacaq və yığım tam təmin edilməlidir. Bəzi hallarda zeytun ya ağaclarda qalıb çürüyür, ya da yerə tökülüb zay olur. Burada da bütün işlər tənzimlənməlidir. Biz nəinki özümüzü tam təmin etməliyik, hətta böyük ixrac potensialımız da yaradılmalıdır”.

Azərbaycan Prezidenti tütünçülüklə bağlı tədbirlərin görüldüyünü də bildirib: “Artıq biz quru tütünü ixrac etmək üçün müvafiq danışıqlar aparmışıq və razılaşmalar əldə edilibdir. Keçən il 3500 ton quru tütün tədarük edilib. Bizim məqsədimiz birinci mərhələdə onu 3 dəfə artırmaqdır. Yəni, Azərbaycanda 10 min ton quru tütün istehsal olunmalıdır, oluna bilər. Sovet vaxtında 50-60 min ton quru tütün istehsal olunurdu. Bunun ərazisi də bəllidir və həmin torpaqdır. Sadəcə olaraq, fermerlərə kömək etmək lazımdır. Bu köməyi edirik və ondan sonra biz bunun ixracını da təmin etməliyik. Yeni ixrac bazarlarının axtarılması ilə bağlı çox ciddi addımlar atılır. Bu da valyuta gətirən sahədir. Nar, xurma bağlarının genişləndirilməsi istiqamətində işlər gedir. Üzümçülüklə bağlı hesab edirəm ki, daha da ciddi işlər aparılmalıdır və mənim tərəfimdən müvafiq göstərişlər verilib. Burada da həm yeni üzüm bağlarının salınması, eyni zamanda, şərab zavodlarının səmərəli fəaliyyəti, keyfiyyətin artırılması vahid bir kompleks yaratmalıdır.

Mən statistika ilə maraqlandım. Azərbaycanda il ərzində 20 milyon butulka şərab istehsal olunur. İxrac isə çox azdır. Bizim sahibkarlar şərab ixracından cəmi 2-3 milyon dollar pul əldə edirlər. Ona görə, Azərbaycan şərabını dünya bazarlarına çıxarmaq üçün çox ciddi addımlar atılıb. Biz bir neçə beynəlxalq sərgidə iştirak etmişik, kontraktlar bağlanıbdır. Dost, tərəfdaş ölkələrlə biz birbaşa bu danışıqları aparırıq ki, onlar öz bazarlarında bizim şərabımız üçün kvota ayırsınlar, biz öz şərabımızı ixrac edə bilək. Sahibkarlar da burada daha da fəal olmalıdırlar, onların marağındadır. Amma bizdə şərabçılıqla bağlı olan bu vəziyyət ciddi təhlil edilməlidir, həm iqtisadi qurumlar, həm Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən. Çünki burada çox qəribə bir mənzərə üzə çıxır. Bizim mövcud şərab zavodlarımızın illik istehsal gücü 100 milyon butulkadır. Bu zavodların böyük əksəriyyəti son illər ərzində tikilib, oraya böyük vəsait də qoyulub və müasir avadanlıq quraşdırılıb. Necə ola bilər ki, 100 milyon butulka istehsal gücü olan zavodlarda cəmi 20 milyon butulka şərab istehsal olunur. Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da ki, orada istehsal daha da böyükdür, o qeydiyyata düşmür. Necə deyərlər, orada qanunsuz istehsal baş verir. Ona görə, bu məsələ ciddi araşdırılmalıdır və qeyd etdiyim kimi, bütün müvafiq qurumlar mənə arayış hazırlasınlar və bu sahədə də qayda-qanun yaradılmalıdır. Bu, böyük gəlir gətirə biləcək bir sahədir. Vaxtilə Ulu Öndərin dövründə, 1970-ci illərdə 2 milyon ton üzüm yığılırdı. Kəndlilər böyük vəsait əldə etmişdilər. Əfsuslar olsun ki, sonra həm sovet rəhbərliyi, həm də ki, sovet rəhbərliyinin xoşuna gəlmək istəyən yerli rəhbərlər üzüm bağlarının bir hissəsini qırmışlar. Ancaq biz indi bərpa edirik. Bərpa edərkən biz gərək bütün zənciri nəzərə alaq, yoxsa üzüm bağlarını salacağıq, sonra hara satacağıq, harada emal olunacaq, harada satılacaq? Bax, bu vahid kompleks tədbirlər görülməlidir və burada aydınlıq olmalıdır”.

Dövlətimizin başçısı əlavə edib: “Biz çayçılığı da bərpa edirik. İndi yüzlərlə hektar çay bağları salınıb, çayçılıqla bağlı yeni texnologiyalar var və bu da cənub zonasının iqtisadi inkişafını təmin edəcək. Biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik. Çünki hazırda biz daha çox xaricdən gətirilən çayı burada paketləyib ixrac edirik. O da yaxşıdır. Hər halda çayı idxal etməkdən daha yaxşıdır. Ancaq çalışmalıyıq ki, bizim emal müəssisələri yerli məhsul əsasında fəaliyyət göstərsin və bu, təkcə çayçılığa aid deyil. Biz çalışmalıyıq ki, Azərbaycanda məhsullar yerli xammal əsasında istehsal olunsun və ixrac edilsin. Bax, məqsəd bundan ibarətdir”.

İlham Əliyev deyib ki, keçən il heyvandarlıqla bağlı ciddi addımlar atılıb: “İndi yeni layihələr icra edilir. Biz bundan sonra heyvandarlığı ancaq qapalı şəraitdə inkişaf etdirməliyik. Bu, daha səmərəlidir və eyni zamanda, bizə imkan verəcək ki, bu gün səmərəsiz istifadə olunan örüş torpaqlarından səmərəli şəkildə istifadə edək. Onların təyinatı dəyişdirilməlidir. İndi harada mümkündür işlər gedir və biz onları da əkinə cəlb etməliyik.

Bir sözlə, kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə, mən bu sahəyə bu gün də ümumiyyətlə çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır. Biz ixracı şaxələndirməliyik və ilk növbədə kənd təsərrüfatı məhsulları hesabına. Biz realist olmalıyıq. Biz indi texnologiya ixrac edə bilmirik və edə bilmərik, vaxt lazımdır. Biz istədiyimiz səviyyədə maşın, mexanizm ixrac edə bilmirik. Heç özümüzü də təmin edə bilmirik. Biz nəyi ixrac edə biliriksə, diqqətimizi o real sektora yönəltməliyik. Burada kənd təsərrüfatı, emal sahəsi əlbəttə ki, ən böyük potensiala malikdir. Torpaqlardan səmərəli istifadə etməliyik və ixracımızı şaxələndirməliyik. Hesab edirəm ki, biz görüləcək tədbirlər sayəsində kənd təsərrüfatı məhsulları ixracını iki dəfə artıra bilərik. Bu, ölkəmizə daha çox valyuta, kənddə yaşayanlara isə əlavə vəsait gətirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti