...

Ziyad Səmədzadə: "Azərbaycanın 1,8 milyard dollar xarici borcu var ki, bu da çox aşağı göstəricidir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2006 12:41 (UTC +04:00)

Azərbaycanın 1,8 milyard dollar xarici borcu var. Trend xəbər verir ki, bu barədə Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə bildirib. Akademik onu da bildirib ki, keçid dövrünü yaşayan Azərbaycanın iqtisadi inkişafını həyata keçirmək və dünya inteqrasiyasına qoşulmaq üçün borclar, kreditlər alır ki, bunların da əsasında iqtisadiyyat yeniləşir: "Bu da borc siyasətinin təkmilləşməsini və proseslərin qanunla tənzimlənməsini zəruri edir. Azərbaycanın borc siyasəti dövlətin inkişaf strategiyasının tərkib hissələrindən biridir. Azərbaycanın 1,8 milyard dollar xarici borcu var. Bu borcun ümumidaxili məhsula nisbəti 9,2 faizdir. Bu çox aşağı göstəricidir".

Millət vəkili onu da vurğulayıb ki, Azərbaycanda adambaşına 215 dollar borc düşür. MDB məkanında ölkələr var ki, onların borcu ümumdaxili məhsula nisbətən 50-60 faizdir: "Bu risklidir. Azərbaycanda borc siyasətinin yeni bir istiqaməti ondan ibarətdir ki, biz aldığımız kreditlərdən daha səmələri istifadə edək. Daxili borcun miqdarını artıraq ki, bunun hesabına büdcə kəsiri örtürülsün, xarici investisiya layihələri həyata keçirilsin". Z.Səmədzadə gələcəkdə Azərbaycanın borc alan dövlətdən borc verən dövlətə çevrilməsi üçün geniş iş aparılmasını zəruri hesab edib: "Neft Fondundan gələn vəsaitlər çoxalacaq, neftin satışından gələn gəlirlərin miqdarı 100 milyard dollardan çox olacaq. Belə olan şəraitdə elə etməliyik ki, artıq olan vəsaitlərimiz inkişafa yönəlsin".

Millət vəkili onu da qeyd edib ki, dünyanın əksər dövlətləri borc alıb, borc verirlər. Bu qloballaşan dünyanın ən prinsipial xüsusiyyətlərindən biridir: "ABŞ kimi nəhəng bir ölkənin dövlət borcu istehsal etdiyi ümumi məhsulun xeyli hissəsini təşkil edir və dünya üzrə toplanan borcun dörddə biri ABŞ-ın payına düşür. Yəni varlı, inkişaf etmiş ölkələr də borc alır, borc verir. Borc alır ona görə ki, öz daxilində büdcə kəsirini maliyyələşdirir, borc verir ona görə ki, həmin ölkələrdə daha yüksək mənfəət götürür".

Xəbər lenti

Xəbər lenti