Qazaxıstan, Astana, 13 may / Trend , müxbir K.Konırova/ "Kaşaqan" yatağında neftin sənaye hasilatına başlanma vaxtının dəyişdirilməsi ətrafında yaranan mübahisələr respublika qanunvericiliyində neft sahəsi ilə əlaqədar iki dəfə ciddi dəyişikliyin edilməsinə gətirib çıxarıb. Bu barədə Trend ın xüsusi müxbirinə adının gizli saxlanılmasını istəyən xarici şirkətlərdən birinin məsləhətçisi bildirib.
"Ötən dəfə hər şey belə başladı, əvvəlcə İzmuxambetov [Qazaxıstanın keçmiş energetika naziri] konsorsiumun neft hasilatı vaxtını dəyişdirə biləcəyi ehtimalı barədə məlumat verdi. Sonra Agip KCO konsorsiumu birtərəfli qaydada (Hökumətlə məsləhətləşmədən) vaxtın dəyişdirilməsi və xərclərin artırılması barədə bəyanat verdi. Daha sonra baş nazir bu bəyanata sərt reaksiya göstərdi, bundan sonra isə danışıqlar uzadıldı. Bütün bunlar respublika qanunvericiliyində ciddi dəyişikliklərə səbəb oldu", - deyə həmsöhbət bildirib.
Onun rəyinə görə, sənaye hasilatının başlanma vaxtının növbəti dəfə dəyişdirilməsi ilə yanaşı yeni daha sərt qanunvericilik təşəbbüslərinin tətbiq ediləcəyi qaçılmazdır.
"Yeni müddət layihə üzrə xərclərin yenidən artmasına və daha kəskin danışıqlara gətirib çıxaracaq. Bundan isə bu dəfə bütün digər neftçilər zərər çəkə bilər. Çünki hökumət əlavə "arqument" qismində yenidən "normativ qayka"ları bərkidə və qanunvericiliyi sərtləşdirə bilər və bütün bunlar gömrük rüsumu və FQHV (Faydalı qazıntıların hasilatı üçün vergi) fonunda baş verə bilər", - deyə hüquqşünas yekunlaşdırıb.
Bazar ertəsi Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayev jurnalistlərə bildirib ki, "Agip KCO" konsorsiumunun xarici iştirakçıları "Kaşaqan" yatağında sənaye hasilatının başlanma vaxtının 2012-2013-cü illərə keçirilməsi təklifi ilə çıxış ediblər.
"Agip KCO" 1997-ci ildə 40 il müddətinə imzalanan PSA-ya əsasən, Şimali-Xəzər layihəsini reallaşdırır. Bu layihə Xəzər şelfinin Qazaxıstan sektorunda bir sıra neft yataqlarının işlənməsini nəzərdə tutur. Bu yataqlardan ən irisi isə "Kaşaqan"dır.
Konsorsiumun qazma işləri ilə əlaqədar müqavilə ərazisinə dörd neft strukturu daxildir: Kaşaqan, Kalamkas, Aktotı, Kayran. Bu strukturlar 11 dəniz blokundan ibarətdir və təxminən 5,6 min kv km ərazini əhatə edir.
Kaşaqanın neft hasilatı ehtiyatları minimum 7-9 mlrd. barel, ümumi geoloji neft ehtiyatları isə 38 mlrd. barel həcmində qiymətləndirilir.