Azərbaycan, Bakı, 22 avqust/ Trend /"İsrafil Hüseynov"boru tənzimləyici gəmisi müqavilə müddətindən əvvəl Xəzər Dənizinin Rusiya sektorundakı "Yuri Korçagin"yatağında 58 km.-lik neft boru kəmərinin çəkilməsini başa çatdırıb, - сümə günü ARDNŞ-nin yaydığı məlumatda deyilir. İşlər "Lukoyl"şirkətinin sifarişi əsasında aparılıb.
Hazırda gəmi Xəzər Dəniz Neft Donanmasının gəmi təmiri zavodunda təmirdədir. Üç ay ərzində gəmi istismara və Azərbaycandan kənarda yeni sifarişlərin icrasına hazır olacaq. Gəminin ümumi uzunluğu 146 m, eni 33 m, hündürlüyü 50 m-dir.
Bu boru tənzimləyici gəminin suyun 300 m dərinliyində boru kəmərinin çəkilməsinin sutkalıq sürəti 2,5-3 km -dir. Gəmi avtonom rejimdə 30 sutka işləmək qabiliyyətinə malikdir. "Əsrin Müqaviləsi"çərçivəsində neft və qaz magistrallarının tikilməsində boru tənzimləyicinin xidmətindən istifadə edilib. Gəmi Bakıya 1990-cı ildə gətirilib. Onu SSRİ və Finlyandiya mütəxəssisləri birgə hazırlayıblar.