Azərbaycan, Bakı, 19 iyun / Trend /
Norveçin Statoil Hydro şirkəti İrandakı seçki sonrası vəziyyət ilə əlaqədar olaraq ölkədəki xarici əməkdaşlarının ailə üzvlərinin hamısına bu ölkədən çıxarılması üçün pul ödəyəcək. Bu barədə Energy Intelligence Group yazır.
Prezident seçkilərinin rəsmi nəticələrinin açıqlanmasından sonra Tehranda iğtişaşlar baş verib. Səsvermənin nəticələrindən narazı qalan müxalifətin minlərlə tərəfdarı paytaxt küçələrinə çıxıb, qanun keşikçiləri ilə etirazçılar arasında toqquşmalar baş verib. İranda iyunun 16-da baş vermiş iğtişaşlar nəticəsində yeddi nəfər həlak olub.
İranda şirkətin 120 min əməkdaşı çalışır, onların yarısı əcnəbilərdir. Şirkət onların ailələrinə və qohumlarına ölkədən çıxması üçün pul təklif edib, onlardan 17-i artıq təklifi qəbul edib.
Statoil Hydro İranın böyük qazkondensat yatağının 6,7 və 8-ci fazalarının işlənməsi üzrə operatordur. İyunun əvvəllərində şirkət yataqda bu il layihənin başa çatdırılmasını elan edib. Həmçinin bəyan edib ki, hələlik İrana investisiyanın qoyulmasını davam etdirməyi planlaşdırmır.
Bundan əlavə, şirkət quru yataqlarının işlənməsi və xüsusilə Anaran yatağında qazma işlərinin aparılması ilə də məşğuldur. Hazırda bu layihə üzrə işlər dayandırılıb. Şirkət Xorram Abab yatağı layihəsi üzrə seysmik kəşfiyyat işləri aparmalı və kəşfiyyat quyuları qazımalıdır.