...

2009-cu ildə Azərbaycan Dövlət Neft Fondunun aktivləri təqribən 33 faiz artıb

Energetika Materials 26 Yanvar 2010 16:26 (UTC +04:00)
2009-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri 8 176,7 milyon manat, xərcləri isə 5 294,5 milyon manat təşkil edib. Bu barədə çərşənbə axşamı Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov fondun ötənilki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
2009-cu ildə Azərbaycan Dövlət Neft Fondunun aktivləri təqribən 33 faiz artıb

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir E.İsmayılov/

2009-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 8 176,7 milyon manat, xərcləri isə 5 294,5 milyon manat təşkil edib. Bu barədə çərşənbə axşamı Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov fondun ötənilki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, fondun büdcəsinin mədaxil hissəsi 97,8 faiz, məxaric hissəsi isə 99,5 faiz yerinə yetirilib.

Fonda daxil olan vəsaitin böyük hissəsi (93,4%) mənfəətli neft və qaz satışından gəlib. Neft müqavilələrinin həyata keçirilməsindən gələn gəlir 7870,8 milyon manat səviyyəsində olub. O cümlədən neft və qaz satışından 7702,6 milyon manat, "Bakı-Tbilisi-Ceyhan" layihəsi üzrə dividendlərdən 156,8 milyon manat, akrlarla ödəmələr üzrə 1,1 milyon manat, bonuslardan 0,8 milyon manat, tranzit ödəmələrindən isə 8,9 milyon manat gəlir əldə olunub.

Hesabat dövrü ərzində xarici sərmayədarlar tərəfindən verilən aktivlərdən 0,6 milyon manat gəlir əldə olunub. Neft Fondu vəsaitlərinin idarəsindən ötən il 305,9 milyon manat gəlir əldə olunub. Məzənnə müxtəlifliyindən yaranmış müsbət saldo ilə əlaqədar olaraq fondun qeyri-büdcə gəlirləri 97,6 milyon manat təşkil edib.

Fondun xərclər strukturunda qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərə 89,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin bərpası üzrə layihənin maliyyələşdirilməsinə 130 milyon manat, Oğuz-Qəbələ zonasından Bakıya qədər su kəmərinin çəkilməsinə 120 milyon manat ayrılıb. Gürcüstanda Bakı-Tbilisi-Qars dəmiryolunun inşası layihəsinin maliyyələşdirilməsi üçün 22,1 miylon manat, azərbaycanlı gənclərin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsil alması ilə bağlı dövlət proqramına 7,9 milyon manat ayrılıb. Dövlət büdcəsinə köçürmələr 3685 milyon manat təşkil edib.

Fondun idarəsinə dair xərclər 9,6 milyon manat olub.

ARDNF-nin 2010-cu il yanvarın 1-nə aktivləri ötən ilə nisbətən 32,8 faiz artaraq 11 966,5 milyon manat təşkil edib.

Yanvarın 26-na olan rəsmi məzənnə təşkil 0,8034 AZN/USD edir.

Xəbər lenti

Xəbər lenti