...

ARDNŞ yanvar-noyabrda Bakı-Tbilisi-Ceyhan kəməri ilə 25 milyon tondan çox neft ixrac edib

Energetika Materials 3 Dekabr 2010 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-noyabr aylarında ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 25,4 milyon tona yaxın neft ixrac edib. Bu göstərici ötən ilin yanvar-noyabr aylarında 23,16 milyon ton olub. Bu barədə cümə günü idarənin məlumatında deyilir.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.

BTC-nin tikintisi dörd milyard dollara başa gəlib. Bu, inşaat işlərinə, boru kəmərinin doldurulmasına çəkilən xərclər və maliyyə xərcləridir. Bank faizlərinin ödənilməsi bura daxil deyil. Maliyyə kreditinin ümumi həcmi 2,6 milyard dollar təşkil edir.

BTC-nin səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), "Chevron" ( 8,90 faiz), "Statoil" (8,71 faiz), TPAO (6, 53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), "Itochu" (3,40 faiz), "Inpex" (2,50 faiz), "ConocoPhilips" (2,50 faiz) və "Hess" (2,36 faiz) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti