Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.İsmayılov/
İşlənmə altında olan torpaqlarda və boru kəmərlərinin təhlükəsizliyi zonalarında yerləşən qanunsuz tikililərin sökülməsi ilə bağlı məhkəmənin qərarı icraya göndərilməyəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakının Xətai rayonunda belə tikililərin sahibləri ilə görüşən ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) vitse-prezidenti Mikayıl İsmayılov deyib.
Onun sözlərinə görə, artıq vətəndaşların yaşadığı qanunsuz tikililər sökülməyəcək, ARDNŞ-nin məhkəməyə müraciəti isə beynəlxalq auditlərin keçirilməsi və beynəlxalq reytinq agentlərinin şirkətə reytinq verməsi çərçivəsində zəruridir.
İstehsalat sahələrində qanunsuz tikililərin mövcudluğu beynəlxalq auditin keçirlmə prosesinə və ARDNŞ-nin reytinqlərin verilməsi ilə bağlı müraciətlərinin nəzərdən keçirilməsinə mənfi təsir edir. Öz növbəsində, ARDNŞ-yə yüksək reytinqlər Azərbaycandan kənarda iri layihələrin həyata keçirilməsi üçün zəruri kreditlərin alınması üçün lazımdır.
İsmayılovun sözlərinə görə, müvafiq olaraq, məhkəməyə müraciət ARDNŞ-nin qanunsuz tikinti prosesi ilə əlaqəsinin olmamasına təminatdır.
Bununla belə, ARDNŞ bundan sonra işlənmə altında olan və digər istehsalat məqsədləri üçün nəzərdə tutulan ərazilərdə qanunsuz tikililərə yol verməyəcək.