...

Yeni nəsil qazma qurğularının tətbiqi işləri xeyli sürətləndirir

Energetika Materials 20 Sentyabr 2016 13:19 (UTC +04:00)
Yeni nəsil qazma qurğularının tətbiqi qazma işlərini əhəmiyyətli dərəcədə sürətləndirir
Yeni nəsil qazma qurğularının tətbiqi işləri xeyli sürətləndirir

SOCAR-AQŞ MMC-nin Baş direktoru Ramin İsayev

Yeni nəsil qazma qurğularının tətbiqi qazma işlərini əhəmiyyətli dərəcədə sürətləndirir

Müstəqil Azərbaycan Respublikasının müasir yüksəliş dövrünün əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının uğurları ilə qoyulmuşdur. Məhz həmin strateji kursun həyata keçirilməsi nəticəsində Azərbaycan nefti tarixdə ilk dəfə mənsub olduğu xalqa xidmət etməyə başlamışdır. “Əsrin müqaviləsi”nin həyata vəsiqə alması ilə gənc, müstəqil Azərbaycan dövləti karbohidrogen ehtiyatlarından sərbəst surətdə istifadə etmək imkanı qazanmışdır. Ötən müddətdə neft strategiyası çərçivəsində əldə olunmuş uğurlar Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırmış, ölkəmiz qlobal enerji və nəqliyyat layihələrinin əsas təşəbbüskarı və fəal iştirakçısına çevrilmişdir. Artıq Cənubi Qafqaz dövlətləri arasında lider mövqeyi qazanmış Azərbaycanda gedən sürətli inkişaf və tərəqqi beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunur.

“Əsrin müqaviləsi” ilə başlanan neft strategiyasının uğurla reallaşdırılması dünyanın transmilli neft şirkətlərinin Azərbaycana inamını xeyli gücləndirmiş və bunun da nəticəsində ölkəmizin karbohidrogen ehtiyatlarının birgə işlənməsinə maraq artmışdır. Elə bu marağın nəticəsi olaraq Cənubi Qafqaz Boru Kəməri, Trans Anadolu Boru Kəməri və Trans Adriatik Boru Kəməri kimi layihələrin işlənib hazırlanması Cənub Qaz Dəhlizinın əsasını qoydu. Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində ən mühüm və ən iddialı layihələrdən biridir. Bu möhtəşəm layihə çox sayda müxtəlif maraqlı tərəfləri – o cümlədən yeddi ölkəni və 11 şirkəti özündə birləşdirən kompleks bir hədəfdir.

Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Ulu öndərin müəllifi olduğu neft strategiyasının icraçısı olan SOCAR hazırda regional və qlobal əhəmiyyətli layihələr həyata keçirir, ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verir. Yeni yataqların kəşfi və istismarı sayəsində Azərbaycanın enerji ehtiyatları artır və bununla da ölkəmizin ixrac imkanları genişlənir.

Yeni yataqların istismarı, regional və qlobal əhəmiyyətli digər layihələrin gerçəkləşməsi üçün etibarlı əsas yaratmaqdadır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının uğurla reallaşdırılması nəticəsində Azərbaycan bazarına müasir dövrün tələblərinə uyğun yaradılmış və ən mütərəqqi texnolgiyalar əsasında fəaliyyət göstərən çoxsaylı əməliyyat, tikinti, qazma, təchizat şirkətləri daxil olmuşdur.

Azərbaycanın qazma sənayesində xüsusi yeri olan SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. SOCAR-AQŞ MMC-nin əsas fəaliyyəti Xəzər dənizinin neft və qaz yataqlarında quyuların qazılmasından ibarətdir. Müəssisəmiz fəaliyyətə başladığı ilk vaxtlarda SOCAR-ın Azneft İstehsalat Birliyinin sifarişi ilə Günəşli yatağında yerləşən 11 və 13 saylı dərin dəniz özüllərində neft və qaz quyularının qazılması və quyu tikintisi işlərini həyata keçirmişdir. Müəssisəmizin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının maili və horizontal qazılması, quyuların mənimsənilməsi, əsaslı təmiri, yan lülələrin qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Bu il SOCAR-AQŞ APİ Q2 sertifikatlaşdırma auditinin 2-ci mərhələsini uğurla başa çatdırmış və nəticədə APİ Auditorları tərəfindən sertifikatlaşdırmaya təqdim olunmuşdur. Yeri gəlmişkən, beynəlxalq qazma layihələrində inamla iştirak etməyimiz və rəqabətə davamlı müəssisəyə çevrilməyimiz üçün bu sertifikatın əldə edilməsi zəruridir.

Müəssisəmiz əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin ötən aylarında da yüksək göstəricilərə imza atmışdır.

Qürurla qeyd etmək istəyirəm ki, Günəşli yatağında 2016-cı ildə yeni istismara verilmiş 7 və Bulla yatağında 6 saylı stasionar dəniz özüllərindən qazma işlərinin aparılması məhz SOCAR-AQŞ-yə həvalə olunmuşdur. Hazırda SOCAR-AQŞ Günəşli yatağında dayazsulu hissəsində yerləşən 7 və 11 saylı, Qərbi Abşeron yatağının 20 saylı, Ümid yatağında 1 saylı və Bulla yatağında 6 saylı dərin dəniz stasionar özüllərində qazma işləri aparır.

“Əsrin müqaviləsi”- nin imzalanmasının 22-ci ildönümünü və 20 Sentyabr - "Neftçilər Günü" peşə bayramını uğurlu göstəricilərlə qarşılayan kollektivimiz qazma sahəsində ən yüksək texnologiyaları mənimsəməklə yanaşı, sifarişləri vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirməyə müvəffəq olmuşdur. 2016-cı ilin səkkiz ayı ərzində 16 min 628 metr qazma işi həyata keçirilmişdir. Qazmaçılarımızın səyi nəticəsində ilin əvvəlindən ötən dövr ərzində 8 quyu sifarişçiyə təhvil verilmişdir. Bütövlükdə isə SOCAR-AQŞ yarandığı gündən 2016-cı il sentyabrın 1-nə kimi 57 quyuda qazma işlərinə başlamışdır. Ötən dövr ərzində 54 quyuda işlər yekunlaşdırılaraq sifarişçiyə təhvil verilmişdir.

2016-cı ilin sentyabr ayının 1-nə isə müəssisəmizin əldə etdiyi qazma keçidi 169 min 97 metr təşkil edir. Yeri gəlmişkən, son zamanlar yeni texnika və texnologiyaların tətbiqi boşdayanma hallarını minimuma endirməklə yanaşı, qazma işlərinin sürətini də xeyli artırmağa imkan yaradır. Belə ki, Günəşli yatağında yenicə istismara verilmiş 7 saylı özüldə 318 saylı quyuda kommersiya sürəti 1775 metr/dəzgah/ay təşkil etmişdir.

Sevindirici haldır ki, Neftçilərin peşə bayramı ərəfəsində müəssisəmiz 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2900 m olan 318 saylı quyunun tikintisi işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl uğurla yekunlaşdıraraq sifarişçiyə təhvil verdi.

SOCAR-AQŞ bu ilin mart ayında Günəşli yatağının dayazsulu hissəsində istismara verilmiş 7 saylı dərin dəniz stasionar ozülündə qazma işlərini yerinə yetirmək üçün müasir standartlara cavab verən iki ədəd yeni qazma qurğusundan istifadə edir. Bunlardan biri ZJ 70/4500 DZ tipli Çin istehsalı olan qazma kompleksidir. Digəri isə Almaniya istehsalı olan Bentec 3000HP AC modul tipli qurğudur. Xatırladaq ki, yeni nəsil qazma avadanlığı olan bu quğunun imkanları daha böyükdür. Belə ki, qurğu vasitəsilə 9 min metr dərinliyə quyuların qazılması mümkündür.

SOCAR-AQŞ Azərbaycanın milli müəssisəsi kimi ilk dəfə olaraq analoqu olmayan yeni nəsil qazma qurğularının Azərbaycana gətirilməsində mühüm rol oynayır. Belə ki, müəssisəmiz tərəfindən istifadə olunan bütün texnika müasir tələblərə cavab verir, qazma qurğuları yüksək texnologiyalara əsaslanır və beynəlxalq standartlara uyğundur. Bizim istifadə etdiyimiz texnika və texnologiyalar əsasən Rusiya, Qərbi Avropa və ABŞ istehsalıdır. Bu baxımdan platformada və Baş İnzibati ofisdə quraşdırılmış, qazma işlərinə onlayn nəzarət etmək imkanı verən sistemi, qazma işlərində istifadə olunan müasir qurğuları, aparıcı podratçı şirkətlərin gətirdyi müxtəlif texnologiyaları xüsusi qeyd etmək istərdim. Bununla yanaşı müəssisə olaraq qazma vaxtı karotaj-ölçü işlərinin aparılması (LWD) və Geopilot avadanlığından istifadə etməyimiz bizim yeni uğurlar silsiləsindəndirlər. Daha bir maraqlı fakt ondan ibarətdir ki, bizimlə yanaşı sifarişçi şirkətin əməkdaşları da öz ofislərində qazma vaxtı quyuda gedən prosesləri anbaan izləyə bilirlər.

İstismarda olan yataqlar arasında öz zənginliyi ilə seçilən Qərbi Abşeron yatağında da son zamanlar qazma işləri xeyli intensivləşib. 20 saylı özüldən 20, 22, 24, 25, 26, 27 və 28 saylı quyular qazılaraq sifarişçiyə təhvil verilmişdir. Bu özüldə çalışan peşəkar işçi heyətimizin xüsusi fədakarlığı sayəsində 48-51 gün müddətində qazılaraq təhvil verilməli olan quyular orta hesabla 20-25 günə qazılaraq sifarişçiyə təhvil verilir.

Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində Ümid yatağının işlənməyə daxil edilməsi ölkə neft sənayesinin misilsiz nailiyyətlərindən sayılır. İlkin hesablamalara görə, sözügedən yatağın çıxarıla bilən ehtiyatları 200 milyard kubmetr qaz və 30-40 milyon ton kondensat həcmində qiymətləndirilir. Hazırda həmin ehtiyatların işlənməyə cəlb edilməsi məqsədilə qazma işləri uğurla davam etdirilir. Yeri gəlmişkən, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf edilmiş ilk yataq olaraq Ümid-də alınan nəticələr, həm də Xəzərin Azərbaycan sektorundakı strukturların məhsuldarlıq perspektivlərini yüksəltmiş, yeni lay və yataqların açılması ehtimalını artırmışdır. Ümid yatağında qazılmaqda olan 14 saylı quyuda faktiki dərinlik 6341 metrə çatdırılımışdır. Yaxın günlərdə quyu tikintisinin tam yekunlaşdırılaraq sifarişçiyə təhvil verilməsi gözlənilir.

Sadaladığım uğurlar sözsüz ki, peşəkar işçi heyətimizin gərgin əməyi sayəsində əldə olunur. SOCAR-AQŞ işçi heyətini özünün əsas sərvəti hesab edir. Məhz buna görə də işçilərin sağlamlığı və təhlükəsizliyi, gənc kadrların püxtələşdirilməsi bizim qarşımızda duran ən vacib məsələlərdəndir.

Məlumat üçün bildirmək istəyirəm ki, işçilərin karyera inkişafını sürətləndirmək üçün SOCAR-AQŞ yeni FASTRAK proqramını yaratmış və bu proqram uğurla tətbiq edilir. İlkin olaraq FASTRAK proqramı qazma heyəti üçün nəzərdə tutulmuşdur. Hər bir FASTRAK iştirakçısına onların effektiv hazırlanmasını təmin etmək üçün həm ofis, həm də özüllərdə xüsusi təlimləndirilmiş Hamilər təyin olunub.

FASTRAK iştirakçıları özüllərdən qayıtdıqdan sonra ofisdə həftəlik tədrislə məşğul olurlar. Yardımçı vasitə olaraq Qazma və Tamamlamanın bütün aspektlərini əhatə edən 30 moduldan ibarət Tədris Proqramı hazırlanmışdır. Proqram çərçivəsində iştirakçıların yeni biliklər və praktiki bacarıqlar əldə etmələri müxtəlif üsullarla qiymətləndirilir. İştirakçıların tədris fəaliyyətini effektiv təmin etmək üçün FASTRAK Bilik Mərkəzi-ndə müvafiq şərait yaradılmış, kitabxana, elektron tədris materialları və s. ilə təmin olunmuşdur.

Yaxın gələcəkdə bizim məqsədimiz proqramın əhatə dairəsini genişləndirərək geoloqların və texniki xidmət üzrə mühəndislərin də proqramda iştirakını təmin etməkdir. FASTRAK proqramı SOCAR-AQŞ-nin işçilərin təlim və təkmilləşdirilməsinə və karyerada inkişafına verdiyi diqqətin bariz nümunəsidir.

Bununla yanaşı müəssisəmiz hər il ali təhsil müəssisələrinin tələbələri üçün “Yay İstehsalat Təcrübəsi” proqramını elan edir. Bu proqramın əsas məqsədi neft və qaz sahəsində karyera qurmaq istəyən tələbələri müəssisənin müxtəlif strukturlarının fəaliyyətinə fəal şəkildə cəlb etməklə onlara zəngin təcrübə toplamaq imkanı yaratmaqdır. Bununla yanaşı, proqramı uğurla tamamlayan tələbələr müəssisənin potensial əməkdaşına çevrilirlər. Qeyd etmək yerinə düşərdi ki, proqram çərçivəsində tələbələr bu ilin iyul-sentyabr aylarında Qərbi-Abşeron yatağındakı 20 saylı özülə səfər edərək yeni nəsil qazma qurğusu, eləcə də özüldə horizontal quyuların qazılması prosesi ilə tanış olublar.

2015-ci ildən etibarən müəssisəmiz neft və qaz mühəndisliyi ixtisası üzrə yüksək potensiallı kadrların yetişdirilməsi istiqamətində ali məktəblərdə təhsil alan və tədrisdə yüksək nailiyyətlər əldə etmiş tələbələr üçün müəssisənin Tələbə Təqaüdü Proqramını təsis edib. Bu proqram vasitəsilə biz tələbələri öz bilik və bacarıqlarını daha da inkişaf etdirməyə, seçdikləri ixtisası daha dərindən öyrənməyə ruhlandırırıq.

Yeri gəlmişkən, qarşıdan gələn “Neftçilər günü” peşə bayramı ərəfəsində Bakı Ali Neft Məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kursunda təhsil alan 2 tələbə müəssisə tərəfindən təşkil olunmuş müsabiqəni uğurla keçərək 2016-2017-ci tədris ili ərzində SOCAR-AQŞ Tələbə Təqaüdünün qalibi olmuşdurlar.

Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft strategiyasının uğurları, bütün neft sənayesi işçiləri kimi, SOCAR-AQŞ-nin kollektivini də nailiyyətlərə ruhlandırır. 20 Sentyabr – ‘’Neftçilər Günü’’nü və “Əsrin müqaviləsi”nin imzalanmasının 22-ci ildöünümünü yüksək nailiyyətlərlə qeyd edən qazmaçlarımız 2016-cı ili də uğurlu göstəricilərlə başa vurmaq əzmindədirlər!

Fürsətdən istifadə edərək SOCAR-AQŞ kollektivi adından respublikamızın neft və qaz sənayesinin inkişafı üçün gərgin əmək sərf edən hər bir neftçini peşə bayramı münasibəti ilə ürəkdən təbrik edir, sizlərə cansağlığı, uzun ömür və işlərinizdə yeni-yeni nailiyyətlər arzu edirəm!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti