...

Aİ və Ukraynaya daha çox Azərbaycan qazı lazımdır - Bakı öz tərəfdaşlarının enerji təhlükəsizliyini möhkəmləndirməyə hazırdır

Energetika Materials 18 İyun 2024 14:45 (UTC +04:00)
Aİ və Ukraynaya daha çox Azərbaycan qazı lazımdır - Bakı öz tərəfdaşlarının enerji təhlükəsizliyini möhkəmləndirməyə hazırdır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Xüsusilə artan tələbat və geosiyasi qeyri-sabitlik şəraitində enerji təhlükəsizliyi və enerji təchizatı mənbələrinin şaxələndirilməsi Avropa İttifaqının əsas prioritetlərindən biridir. Bu kontekstdə Azərbaycan mühüm tərəfdaş kimi çıxış edərək, Avropanın enerji ehtiyaclarını ödəmək üçün mühüm təbii qaz ehtiyatları təklif edir. Azərbaycan avropalı tərəfdaşlarının tələb və ehtiyacları çərçivəsində fəaliyyət göstərməklə müstəsna olaraq enerji təhlükəsizliyini və sabitliyi təmin etməyi hədəfləyir.

Prezident İlham Əliyevn iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxışında dediyi kimi, bu gün səkkiz ölkə Azərbaycandan qaz alır.

"Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir.

Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir. Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər.

Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb", - dövlət başçısı deyib.

Azərbaycan qitənin enerji təhlükəsizliyinə töhfə vermək üçün avropalı tərəfdaşların xahişi ilə hər zaman yardım əlini uzatmağa hazır olduğunu bildirib. İndi də Avropa Azərbaycan qazını Ukrayna vasitəsilə nəql etmək imkanını nəzərdən keçirir. Məsələ burasındadır ki, Ukrayna Rusiyanın "Qazprom" şirkəti ilə 5 illik müqaviləni yeniləməyəcəyini açıqlayıb. Ukrayna vasitəsilə qazın keçmiş əsas alıcıları Avstriya, Slovakiya, İtaliya, Macarıstan, Xorvatiya, Sloveniya və Moldovadır. Avstriya qazın böyük hissəsini hələ də Ukraynadan alır, digər ölkələr isə öz mənbələrini şaxələndirib və tələbatı azaltmaq üçün addımlar atıb.

Avropalı məmurlar və hökumət nümayəndələri Ukrayna tərəfi ilə Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair sazişin müddətini 2025-ci ilə qədər uzatmaq barədə danışıqlar aparır. Müzakirə olunan variantlardan biri də Azərbaycandan qazın alınması və onun Ukrayna ərazisindən Rusiyanın qaz kəmərləri vasitəsilə nəqlidir.

Bu hadisələrin fonunda Qərb mediasında təşəbbüsün guya Azərbaycandan gəldiyi ilə bağlı fərziyyələr ortaya çıxıb. Lakin əslində, bu planı fəal şəkildə irəli sürən Ukrayna və Avropa İttifaqıdır. Ukrayna öz ərazisi vasitəsilə qaz tranzitini saxlamaqda maraqlıdır ki, bu da ona əhəmiyyətli gəlir gətirir və Avropanın enerji sistemində ölkənin mövqeyini möhkəmləndirir. Avropa İttifaqı isə öz növbəsində enerji təhlükəsizliyi üçün potensial risklərdən qaçmaq üçün qaz tədarükünü şaxələndirmək yollarını axtarır.

Slovakiya və Avstriya kimi ölkələr üçün sabit qaz təchizatı həyati əhəmiyyət kəsb edir. Ukrayna ərazisi vasitəsilə tranzitə dair razılaşma uzadılmayacağı təqdirdə, onlar lazımi həcmdə qazdan məhrum olmaq riski ilə üzləşirlər. Azərbaycandan qazın satın alınması və onun Ukrayna vasitəsilə nəqli tədarüklərdə mümkün fasilələrin qarşısını almağa kömək edəcək strateji qərardır.

Qeyd etmək lazımdır ki, Azərbaycan qazının Ukraynaya tədarükü ideyası uzun tarixə malikdir və indiki hadisələrdən xeyli əvvəl müxtəlif səviyyələrdə müzakirə olunub. 2020-ci ilin yanvarında Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Ukraynanın infrastruktur naziri Vladislav Kriklinin rəhbərlik etdiyi iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasında Ukraynanın Cənub Qaz Dəhlizinə qoşulması variantları müzakirə edilib. Nazirlikdən bildirildiyi kimi, Ukrayna təbii qazın nəqli marşrutlarının və mənbələrinin şaxələndirilməsində maraqlıdır.

"Ukrayna qaz kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsinin ikinci və üçüncü fazaları çərçivəsində Azərbaycandan qaz ala biləcək. Bundan başqa, Azərbaycandan Ukraynaya xam neftin tədarükünün təşkili məsələləri üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq və maye təbii qaz tədarükləri imkanını gözdən keçirməyə hazırıq", - deyə nazirlikdən bildiriblər.

Bütünlükdə, Cənub Qaz Dəhlizinin (CQD) inşası ideyası yarananda əsas məqsəd Avropa ölkələrini Xəzər dənizinin enerji resurslarına birləşdirməklə tədarükün şaxələndirilməsindən ibarət idi. Bu infrastruktur Avropanın ən çətin enerji böhranı dövründə öz əhəmiyyətini sübut etdi. Təsadüfi deyil ki, 2022-ci ilin iyulunda Avropa İttifaqı Azərbaycanla CQD-nin imkanlarının iki dəfə artırılmasına dair memorandum imzalayıb. Bu istiqamətdə ilk addımlar artıq atılıb. CQD-nin Avropa hissəsi olan Trans-Adriatik Boru Kəməri 2025-ci il dekabrın 31-dək ildə əlavə olaraq 1,2 milyard kubmetr qaz tədarük edəcək. 2027-ci ilə qədər isə sistemin gücünün ildə 20 milyard kubmetrə qədər artacağı gözlənilir.

Avropada kəskin enerji böhranı şəraitində Azərbaycan qazına tələbat sürətlə artır. Azərbaycan daima avropalı tərəfdaşlarının istək və ehtiyacları çərçivəsində fəaliyyət göstərir. Qaz tədarükləri üzrə bütün fəaliyyət Avropada sabitliyin qorunmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Azərbaycan rəsmilərinin ölkənin Avropa bazarının artan tələbatını ödəməyə hazır olduğunu vurğulayan çoxsaylı bəyanatları da bundan xəbər verir.

Azərbaycan öz qaz tədarüklərinə təzyiq və ya digər enerji mənbələri ilə rəqabət vasitəsi kimi baxmır. Əksinə, əsas məqsəd Avropa ölkələri üçün enerji təchizatının sabitliyini və təhlükəsizliyini təmin etməkdir. Ukrayna ərazisindən qaz tranziti sazişinin müddətinin uzadılmasına dair danışıqların aparılması və Azərbaycandan qazın alınması variantlarının müzakirəsi müasir Avropa enerji siyasətinin mürəkkəbliyini və çoxşaxəli xarakterini vurğulayır. Qərb mətbuatında müxtəlif interpretasiyalara baxmayaraq, Ukrayna qaz kəmərləri ilə əlavə qaz tədarükünün təmin edilməsi təşəbbüsü regionun enerji təhlükəsizliyini gücləndirməyə çalışan Ukrayna və Avropa İttifaqından irəli gəlir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti