Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Fransanın "Airbus Defence and Space" şirkəti ilə SPOT-7 aşağı orbitli peykin idarə edilməsinin "Azərkosmos" ASC-yə verilməsi üzrə danışıqlar yekun mərhələdədir. Trend-in məlumatına görə, bu barədə bu gün jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Yerin məsafədən zondlanması peyki SPOT-7 2014-cü il iyunun 30-da "Airbus Defence and Space" şirkəti tərəfindən orbitə buraxılıb.
Nazirin sözlərinə görə, sənədin imzalanma üçün razılaşdırılması üzərində işlər başa çatır: "Ümid edirik ki, biz artıq cari ildə bu layihəyə qoşula biləcəyik".
Peykin buraxılması "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti ilə strateji əməkdaşlıq üzrə sazişin reallaşdırılmasının tamamlanması prosesində əhəmiyyətli addımdır. Saziş peyklərin birgə istifadəsini və geoloji informasiya sahəsində ASC-nin imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Qeyd edək ki, "Azərkosmos" və "Airbus Defence and Space" bu ilin mayında saziş imzalayıblar.