...

“Müsəlman qardaşlar”ın süqutu -“neoosmanizm”in güclənməsi

Nəzər nöqtəsi Materials 4 İyul 2013 12:21 (UTC +04:00)
“Müsəlman qardaşlar”ın süqutu -“neoosmanizm”in güclənməsi
“Müsəlman qardaşlar”ın süqutu -“neoosmanizm”in güclənməsi

Rufiz Hafizoğlu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri

Misir ordusunun ölkədə yaranan siyasi xaosdan sonra 52.7 faiz səs çoxluğu ilə seçilən prezidentə ultimatum müddətinin bitməsindən bir qədər keçmiş Qahirədə ordu Prezident Mürsinin səlahiyyətlərinin bitdiyini elan etdi.

Dolayısı ilə ölkədə, sözün əsl mənasında gözlənilən hərbi çevriliş baş verdi. Baş verən çevrilişin səbəblərinə gəlincə isə bunu sadəcə ölkədəki siyasi və dini qrupların "Müsəlman qardaşlar"a olan düşmənçiliyi ilə izah etmək bir qədər doğru olmazdı.
Qeyd etmək lazımdır ki, bütün bunlarla yanaşı ölkədə ciddi iqtisadi problemlər var idi və birillik hakimiyyəti dövründə hakim partiya problemlərin ortadan qaldırılması üçün islahatlar aparsa da, bu islahatlar bir o qədər də ciddi nəticələr verməmişdi.

Bu isə "Müsəlman qardaşlar"ın siyasi və iqtisadi rəqabətə hələ tam hazır olmaması deməkdir.

Məhəmməd Mürsi hakimiyyətinin süqutundan sonra hakimiyyətdə hansı siyasi elitanın təmsil ediləcəyinə baxmayaraq, yeni hökumətin də iqtisadi problemləri asan bir şəkildə həll edəcəyi inandırıcı deyil.

Misirdəki "Müsəlman qardaşlar"ın timsalında "Hürriyyət və Ədalət" partiyasının hakimiyyətə gəlişindən sonra ölkənin islam respublikasına çevriləcəyi və regionda ərəb dünyası üçün ciddi başağrısı hesab edilən İsraillə müharibə edəcəyi barədə ehtimallar öz təsdiqini tapmadı.

Əksinə, məhz islamçıların birillik hakimiyyəti zamanı regionda İsrailin "maraqları" qorunub saxlanıldı.
Bunun bariz nümunəsi kimi hakim "Hürriyyət və Ədalət" partiyasının tarixi Kemp-Devid sazişinə sadiq qalmasını, Qəzza zolağındakı "Həmas" təşkilatının "cilovlanması"nı, Sina yarımadasında təhlükəsizliyin təmin edilməsini və İran İslam Respublikası ilə yaxınlaşmanın olmamasını göstərmək olar.

Bir çox siyasi analitiklər Misirdəki hərbi çevrilişin "Müsəlman qardaşların" nüfuzunu artıracağını və təşkilatın yenidən siyasi arenaya qayıdacağını hesab etsələr də, hazırda bu bir o qədər inandırıcı görünmür.

Ən azından ona görə ki, hakimiyyətin süqutundan sonra təşkilatın fəaliyyətinin əvvəlki illərdəki kimi qadağan edilə biləcəyi ehtimalı böyükdür.

Təbii ki, "Müsəlman qardaşlar" təşkilatının həyata keçirdiyi islahatlarla yanaşı, Mursi hakimiyyətinin ilham qaynağı olan Türkiyədən fərqli olaraq öhdəsindən gələ bilmədiyi işlər də oldu.
Bunlara kadr probleminin həll edilməməsi və Türkiyədə olduğu kimi ordunun siyasətə müdaxilə etməsinin qarşısının alınmamasıdır.

Lakin Misir kimi geostrateji, dini baxımdan monoton olmayan bir ölkədə hərbi çevrilişə səbəb ola biləcək amillərin bir il müddətində ortadan qaldırılması da qeyri-mümkün idi.
Çox güman ki, Misirdə "Müsəlman qardaşlar" hakimiyyətinin süqutu sadəcə ölkəyə deyil, eyni zamanda bu siyasi düşüncədən qaynaqlanan siyasi modellərə də təsirsiz ötüşməyəcək.

Bu gün ərəb və bütünlükdə islam dünyasında baş verən prosesləri izlədikdə, real olaraq iki siyasi düşüncənin - Türkiyədəki Ədalət və İnkişaf partiyasının və Misirdə "Müsəlman qardaşlar" təşkilatını görmək olar.

Lakin Misirdəki "Müsəlman qardaşlar" təşkilatının siyasi iflasa uğraması Türkiyədəki AKP simasında hələ ki, "neoosmanizm" düşüncəsinə alternativin olmadığını göstərir. Lakin bu o demək deyil ki, bu siyasi struktur ərəb ölkələrində tam mənada keçərli olacaq.

Digər tərəfdən, Türkiyədə 2014-cü ildə seçkilər gözlənilir və seçki nəticəsində hansı siyasi partiyanın qalib gələcəyini indidən söyləmək doğru olmazdı.

Lakin məhz Türkiyədə keçiriləcək növbəti seçkilərdə AKP-nin qalib gələcəyi təqdirdə, islam dünyasında "neoosmanizm" düşüncəsinin daha da güclənəcəyi ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti