...

İraqda 70-ə yaxın şəxs terror aktının qurbanı olub

Dünya xəbərləri Materials 15 Avqust 2011 18:13 (UTC +04:00)
Bazar ertəsi İraqda baş verən silsilə terror aktları nəticəsində azı 66 nəfər həlak olub, 230 nəfərdən çox şəxs yaralanıb
İraqda 70-ə yaxın şəxs terror aktının qurbanı olub

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Bazar ertəsi İraqda baş verən silsilə terror aktları nəticəsində azı 66 nəfər həlak olub, 230 nəfərdən çox şəxs yaralanıb. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi yerli hakimiyyətin təqdim etdiyi məlumatlara əsasən xəbər verib.

Ölkənin müxtəlif ərazilərində ondan çox şəhər hücumlara məruz qalıb.

Genişmiqyaslı terror aktı səhər Bağdadın cənub-şərqinin təxminən 160 kilometrliyində yerləşən Əl-Kut şəhərində olub. Hüquq-mühafizə orqanları nümayəndələrinin məlumatına görə, partlayışlar yerli vaxtla saat 8:00-da şəhərin mərkəzində insanların çox toplaşdığı yerdə baş verib. Əvvəlcə meydanların birinin yaxınlığında yolun kənarında quraşdırılan partlayıcı qurğu işə düşüb. Hadisə yerinə polis əməkdaşları gələn kimi yaxınlaqda dayanmış minalanmış avtomobil göyə uçub.

Son məlumatlara görə, hücum nəticəsində 40 nəfərdən çox şəxs həlak olub, 65 nəfər yaralanıb. Bundan başqa, bazar ertəsi kamikadze Xan-Bəni-Səad şəhərində bələdiyyə binası yaxınlığında minanın quraşdırıldığı avtomobili partladıb. Nəticədə 10 nəfər həlak olub, təxminən bir o qədər sayda insan yaralanıb.

Tiqritdə - Səddam Hüseynin doğma şəhərində terrorçu-intiharçıların iki hücumunun qurbanı 3 polis olub, 10 nəfərdən çox şəxs xəsarət alıb. Hüquq-mühafizə orqanlarındakı mənbələrə istinad edən "Reyter" agentliyinin məlumatına görə, polis bölməsinin terror əleyhinə mənzil-qərargahı hücuma məruz qalıb. Məlumata görə, hücum edənlər həbsdə olan "Əl-Qaidə" döyüşçülərini azad etməyə çalışıblar.

Bundan başqa, bazar ertəsi şiələrin müqəddəs Ən-Nəcəf şəhərində minanın quraşdırldığı iki avtomobil partlayıb. Hücumların hədəfi polis binası olub. Hücum nəticəsində 3 nəfər həlak olub, 19 nəfər yaralanıb.

Partlayışlar bazar ertəsi Bağdad, Kərbəla, Ər-Ramadi, Mosul və İraqın digər şəhərlərində də baş verib.

Xəbər lenti

Xəbər lenti