Bakı. Trend:
Sui-qəsd nəticəsində güllələnən Slovakiyanın baş naziri Robert Fitso ən azı bir neçə ay öz işinə qayıda bilməyəcək.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri Yuray Blanar deyib
"Onun səhhəti yaxşılaşır, lakin baş nazir vəzifəsinə tam olaraq qayıtması üçün daha bir neçə ay lazım olacaq”, - deyə nazir qeyd edib.
Qeyd edilir ki, Fitso mayın 30-da "Banska Bystrica" (Mərkəzi Slovakiya) xəstəxanasından buraxılıb. O, müalicəsini evində davam etdirir.
Qeyd edək ki, mayın 15-də hökumətin səyyar iclasının keçirildiyi Handlovo şəhərində 71 yaşlı Yuraj Sintula küçədə Fitsoya bir neçə dəfə atəş açıb. Yaralanan Baş nazir Ruzvelt xəstəxanasına aparılıb və orada iki əməliyyat keçirib.
Dindirilmə zamanı Sintula hücumu hökumətin siyasətini bəyənməməsi ilə izah edib. O, prezident seçkilərinin nəticələrindən, həmçinin, ölkə hakimiyyətinin Ukraynaya silah tədarükü ilə bağlı mövqeyindən narazı qaldığını bildirib.
Baş nazirə atəş açan şəxs adam öldürməyə cəhddə ittiham olunur. İstintaq bağlı qapılar arxasında aparılacaq.