Bakı. Trend:
Keyptaunda bu çərşənbə günü Cənubi Afrikanın sədrliyi ilə G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin ilk iclası öz işinə başlayacaq.
Trend yerli KİV-ə istinadən xəbər verir ki, görüşə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa başçılıq edəcək. İclas qlobal iqtisadiyyatdakı vəziyyət, borc və davamlı maliyyələşdirmə məsələləri, beynəlxalq vergitutma problemləri kimi vacib mövzulara həsr olunacaq.
İki gün davam edəcək bu iclasda G20-nin bütün ölkələrindən və təşkilatlarından nümayəndələr iştirak edəcək. Rusiya nümayəndə heyətinə maliyyə naziri Anton Siluanov başçılıq edir.
Lakin, ABŞ Cənubi Afrikanın sədrliyi altında keçirilən G20 toplantılarında təmsilçiliyini aşağı salıb. ABŞ Maliyyə Naziri Scott Bessent son dərəcə məşğul olduğu üçün Keyptaunda keçiriləcək hazırkı toplantıya qatılmayacağını açıqlayıb.
Bundan əvvəl isə, ABŞ dövlət katibi Marko Rubio keçən həftə Yohannesburqda keçirilən G20 xarici işlər nazirlərinin toplantısında iştirak etməkdən imtina edib. Rubio görüşü Cənubi Afrikanın anti-Amerika siyasəti ilə əlaqələndirib və uğursuz gündəmi səbəb göstərib.