Bakı. Trend:
Honduras prezidenti Siomara Kastronu daşıyan helikopter, ölkənin mərkəzindəki cəngəllikdə məcburi eniş edib.
Trend xəbər verir ki, bu barədə El Heraldo nəşri məlumat yayıb.
Qəzetin məlumatına görə, prezident Kastro işgüzar səfərdən San Pedro Sula şəhərinə gedib və Tequsiqalpaya qayıdırmış. Lakin Kortes departamentinin El Balin kəndi ərazisində helikopter təcili eniş edib.
Kastro və onunla birlikdə olan sərnişinlərin heç bir xəsarət almadığı bildirilir. Videogörüntülərdə helikopterin cəngəllikdə boş bir yerə endiyi görünür. Bundan əlavə, prezidentin hadisə yerinə gələn yerli KİV nümayəndələri ilə ünsiyyət qurduğu fotoşəkillər də dərc edilib.
El Heraldo nəşri Kastroya istinadən yazır ki, qatı duman səbəbindən zəif görmə şəraitində ekipaj əvvəlcə San Pedro Sulaya qayıtmağı planlaşdırsa da, sonradan təyyarəni cəngəllikdə endirməyə qərar veriblər.