Bakı. Trend:
Polşa mülki hava limanlarını hərbi tapşırıqları yerinə yetirmək üçün uyğunlaşdırır.
Trend PAP agentliyinə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış məlumat verib.
"Bizim həm mülki, həm də hərbi məqsədlər üçün istifadə edilə bilən daha çox hava limanına ehtiyacımız var. Hər bir hava limanı ordunun əməkdaşlıq edə biləcəyi şəkildə uyğunlaşdırılmalıdır. Polşada bəzi hava limanları həm mülki, həm də hərbi məqsədlərə xidmət edir. Buna ən yaxşı nümunə Krakov-Balise hava limanıdır. Varşava Şopen hava limanının bir hissəsi də hərbi limandır", – deyə nazir qeyd edib.
Kosiniak-Kamış xüsusilə Jeşuv-Jasenka hava limanının strateji əhəmiyyətinə diqqət çəkib.
Hazırda Polşanın Müdafiə Nazirliyi ilə İnfrastruktur və İnkişaf Nazirliyi arasında 15 mülki hava limanının hərbi istifadəyə uyğunlaşdırılması ilə bağlı danışıqlar aparılır. Bu, ölkədəki hərbi hava limanlarının sayından iki dəfə çoxdur.