...

MM-də Fransanın müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələri ilə görüş keçirilib (FOTO)

Siyasət Materials 26 Fevral 2025 12:47 (UTC +04:00)
MM-də Fransanın müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələri ilə görüş keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisdə parlamentdə yaradılan Korsika xalqına dəstək qrupunda təmsil olunan deputatlar Cavanşir Feyziyev, Tural Gəncəliyev, Şahin İsmayılov və Azər Kərimli ilə ölkəmizdə səfərdə olan Fransa müstəmləkələrindən bir qrup media nümayəndələrinin görüşü olub.

Trend xəbər verir ki, deputat Cavanşir Feyziyev qonaqları səmimi salamlayaraq onları Milli Məclisdə görməkdən məmnunluğunu ifadə edib.

O, təəssüf hissi ilə Fransa kimi ölkələrin bu gün də öz müstəmləkəçilik siyasətini davam etdirdiyini, yerli xalqları əsarətdə saxladığını, müstəmləkə ərazilərini istismar etdiyini, oradakı milli azlıqların hüquqlarının pozulduğunu bildirib. Millət vəkili Azərbaycanın hazırda Fransanın kolonialist siyasətindən əziyyət çəkən xalqları onların müstəmləkəçiliyə qarşı mübarizəsində dəstəklədiyini qeyd edib. Prezident İlham Əliyevin bütün beynəlxalq platformalarda neokolonializm məsələsini gündəmə gətirdiyini vurğulayıb.

Deputat Azər Kərimli görüşün Azərbaycanda Xocalı faciəsinin qurbanlarının anıldığı günə təsadüf etdiyini bildirib, Ermənistanın Xocalıda törətdiyi soyqırımı, habelə Azərbaycan xalqının müstəqillik tarixi barədə məlumat verib. O, Fransanın neokolonializm siyasətinin bütün sivil bəşəriyyətə, humanizm prinsiplərinə qarşı olduğunu deyib.

Millət vəkili Şahin İsmayılov Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların dəstəklənməsində, onların səsinin dünyaya çatdırılmasında mətbuatın rolundan danışıb, bu məsələdə beynəlxalq hüququn prinsiplərinə əməl edilməsinin vacibliyini qeyd edib.

Deputat Tural Gəncəliyev qarşılıqlı əməkdaşlığın önəmli olduğunu deyib. O, qeyd edib ki, bu gün Fransanın dənizaşırı ərazilərdə olması neokolonializm kimi qəbul edilir. Fransanın həmin ərazilərdə siyasi və iqtisadi təsirini saxlamaqda davam etdiyini təəssüflə söyləyib, bu stereotiplərə qarşı mübarizənin vacibliyindən bəhs edib.

Söhbətdə Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparmaq məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradıldığı diqqətə çatdırılıb və Qrupun bu istiqamətdə fəaliyyəti yüksək dəyərləndirilib. Eyni zamanda Qoşulmama Hərəkatının tədbirlərində, COP29 çərçivəsində bu məsələnin gündəmdə saxlanıldığı söylənilib. Həmçinin qeyd edilib ki, Fransa kimi ölkələr onların müstəmləkəçilik siyasətinə qarşı çıxan Azərbaycana təzyiq göstərməyə çalışırlar. Buna baxmayaraq, biz öz mövqeyimizdən çəkinməyəcəyik və bütün imkanlar vasitəsilə bu mübarizədə bu xalqların yanında olacağıq.

Görüşdə iştirak edən Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov müstəmləkə ərazilərinin azadlığı uğrunda aparılan mübarizəyə Qrupun verdiyi dəstəkdən söhbət açıb. Təşkilat tərəfindən müstəmləkəçilik və neokolonializmlə mübarizə sahəsində ardıcıl işlərin görüldüyünü diqqətə çatdırıb.

Fikir mübadiləsi zamanı Yeni Kaledoniya, Sen-Martin, Qvadelup, Fransız Qvianasından olan media nümayəndələri ölkəmizin dekolonizasiya prosesindəki rolundan danışıblar. Fransa hakimiyyətinin bu xalqların həyatına etinasız yanaşdığını söyləyiblər. Azərbaycanın onların müstəmləkəçiliklə mübarizəsinə verdiyi dəstəyi yüksək qiymətləndiriblər. Fransanın müstəmləkəçilik siyasətinə qarşı Beynəlxalq Azadlıq Cəbhəsinin yaradıldığını və bunun müsbət nəticələr verəcəyinə inamlarını qeyd ediblər.

Xarici mətbuat təmsilçiləri, habelə iqtisadi, mədəni, humanitar əlaqələrin qurulması, media sahəsində əməkdaşlıq və informasiya mübadiləsinin vacibliyindən də söhbət açıblar.

Görüş zamanı qonaqları maraqlandıran bir sıra suallar ətraflı cavablandırılıb.

Tədbir çərçivəsində Fransa müstəmləkələrindən olan media nümayəndələri Milli Məclisin plenar iclas zalı, orada deputatların səmərəli fəaliyyəti üçün yaradılan şəraitlə yaxından tanış olublar, yerli mətbuata müsahibə veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti