Bakı. Trend:
Çili hökuməti ölkənin bir sıra bölgələrində genişmiqyaslı elektrik kəsintisi səbəbindən fövqəladə vəziyyət elan edib və gecə saatlarında hərəkət məhdudiyyəti tətbiq edib.
Trend xəbər verir ki, bu barədə Çilinin daxili işlər naziri Karolina Toa məlumat verib.
"Respublika Prezidenti bütün zərər çəkmiş bölgələrdə fövqəladə vəziyyət elan etmək qərarına gəlib", – deyə o, mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi üçün əlavə qüvvələr cəlb olunub və bu çərçivədə axşam saat 22:00-dan səhər 06:00-a qədər komendant saatı tətbiq ediləcək.
Çilinin şimaldan cənuba bir neçə bölgəsinə, o cümlədən paytaxta təsir edən kütləvi elektrik kəsintisi çərşənbə axşamı günortadan sonra baş verib. Hakimiyyət orqanları hələlik elektrik enerjisinin nə vaxt bərpa olunacağı barədə məlumat verməyib.