Bakı. Trend:
Mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilatların sertifikatlaşdırılması qaydası təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qəarar imzalayıb.
Belə ki, bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış, həmçinin “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyanın 83 bis maddəsinə əsasən uçuşa yararlılıq öhdəlikləri Azərbaycan Respublikasına keçmiş mülki hava gəmilərinə və onların komponentlərinə texniki xidmət göstərən təşkilatlara təsdiq və tanınma sertifikatlarının verilməsi, habelə bu sertifikatlara dəyişikliklərin edilməsi, onların etibarlılıq müddətinin uzadılması, o cümlədən sertifikatlaşdırma prosesi ilə bağlı digər tələbləri müəyyən edir.
Bu Qayda ilə tənzimlənməyən məsələlər Qanuna, Konvensiyaya və Konvensiyaya 8 nömrəli Əlavə - “Uçuşa yararlılıq” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən “Doc 9760, uçuşa yararlılıq üzrə Təlimat”a uyğun olaraq həyata keçirilir.
Mülki hava gəmilərinə və onların komponentlərinə texniki xidmət göstərən təşkilatlara nəzarət Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının ərazisində texniki xidmət fəaliyyəti təsdiq sertifikatı əsasında həyata keçirilir.
Təsdiq sertifikatı və tanınma sertifikatı yalnız hüquqi şəxslərə verilir. Hər bir hüquqi şəxsin yalnız bir təsdiq və ya tanınma sertifikatı ola bilər.