...

Yunan-Roma güləşçilərimiz Avropa Oyunlarına belə hazırlaşırlar (FOTO)

Baku 2015 : EUROGAMES Materials 12 May 2015 19:52 (UTC +04:00)
Təlim-məşq toplanışı mayın 17-dək davam edəcək.
Yunan-Roma güləşçilərimiz Avropa Oyunlarına belə hazırlaşırlar (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend/

Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri I Avropa Oyunlarına hazırlığı Xaçmaz Olimpiya İdman Kompleksində davam etdirir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, mayın 7-dən başlayan təlim-məşq toplanışında baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə yığmanın bütün üzvləri iştirak edir. Təlimlərə ümumilikdə 30 yaxın güləşçi dəvət olunub. Bununla yanaşı, məşqlərin səmərəsini artırmaq üçün üç gürcü pəhləvan da təlimlərə cəlb olunub. Məşqçilər korpusu gündə iki dəfə keçirilən məşqlərdə əsasən texniki hazırlıqlara üstünlük verir.

Baş məşqçi C.Xeyrabadi yığma komanda üzvlərinin həm taktiki, həm də texniki baxımdan tam hazır olduqlarını bildirib: "Həm öz adımdan, həm bütün məşqçilər heyəti adından, eyni zamanda komanda üzvləri adından deyə bilərəm ki, komanda tam hazırdır. Azarkeşlər bizdən yüksək nəticələr gözləyirlər. Var gücümüzlə çalışırıq ki, yüksək əyarlı medallar, qızıl medallar qazanaq və bütün Azərbaycanı sevindirək".

Komandanın böyük məşqçisi N.Rəcəbov bildirib ki, birinci Avropa Oyunlarına təxminən bir ay vaxt qaldığından fiziki təlimləri azaldaraq əsasən döşək üzərində fərdi məşqlər keçirilir. "Fevralda keçirilən dünya kuboku yarışlarında güləşçilərimiz qalib gəldiklərindən birinci Avropa Oyunlarına da çox iddialı qatılacaqlar. İdmançılarımızın hazırlığı yüksək səviyyədədir. Bunun müqabilində biz də əlimizdən gələni edirik ki, qatıldığımız hər bir yarışda yüksək yerlər qazanaq. Güləşçilərimiz ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarında iştirakın məsuliyyətini tam dərk edirlər. Onların hər biri fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa iddialıdır".

Yığma komandanın üzvü Elvin Mürsəliyev də birinci Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə keçdiyini bildirərək deyib: "Qarşıdakı yarışa çox ciddi hazırlaşırıq. Doğma meydanda azarkeşlərimiz qarşısında çıxış etmək bizə əlavə güc verəcək. Ümidləri doğruldub birinci olmağa çalışacağıq. Birinci Avropa Oyunlarının Bakıda təşkil olunması bu ölkənin vətəndaşı kimi məni çox qürurlandırır".

Təlim-məşq toplanışı mayın 17-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti