...

YARAT! Müasir İncəsənət Məkanı Moskva biennalında "PAT vəziyyəti" adlı kurator işini təqdim edəcək (FOTO)

Mədəniyyət Materials 6 İyul 2012 18:06 (UTC +04:00)
12 iyul-12 avqust tarixində Moskvada, “MAR`S” Müasir İncəsənət Mərkəzində gənc sənətçilərin III Moskva Beynəlxalq Biennalında YARAT! Müasir İncəsənət Məkanı “PAT vəziyyəti” adlı əlaqələndirici layihə təqdim edəcək.
YARAT! Müasir İncəsənət Məkanı Moskva biennalında "PAT vəziyyəti" adlı kurator işini təqdim edəcək (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

12 iyul-12 avqust tarixində Moskvada, "MAR`S" Müasir İncəsənət Mərkəzində gənc sənətçilərin III Moskva Beynəlxalq Biennalında YARAT! Müasir İncəsənət Məkanı "PAT vəziyyəti" adlı əlaqələndirici layihə təqdim edəcək.

YARAT!-dan daxil olan məlumatda qeyd olunduğu kimi, birgə mövcudluğun dəyişən şərtləri kontekstində kişi və qadın münasibətləri məsələləri müasir dünyada olduqca aktualdır. Gender sahəsində onillik sosial-mədəni araşdırmalardan sonra cinslərin münasibətlərinin şəklinin nəinki daha aydın olduğunu, həm də daha çox çətinləşdiyini demək mümkündür. Çətinliklərin artması həm də onunla bağlıdır ki, müasir dünyada postmodernizmdən X adlandırıla biləcək qeyri-müəyyənlik dövrünə keçid baş verir. Bu dövr müxtəlif zamanları özündə birləşdirir: ənənəvi cəmiyyətlərin və müasirlik rejiminin yaşadığı dövr. Amma ölkələrin əksəriyyəti müvəqqəti rejimlərin qarışdırılmış zonasındadır ki, onlar gender problemlərini yalnız radikallaşdırmır, həm də yaradıcılıq üçün maraqlı material verir.

əsələn, Azərbaycandan olan gənc rəssamlar - Azərbaycanda yaşayan əfqanıstanlı rəssam və üç azərbaycanlı rəssam qız. Əfqanıstanlı rəssam Rza şəriət qanunları ilə idarə olunan bir ölkədəndir. Rzanın yaradıcılığı xüsusi patriarxal xarakter daşıyır: rəssam yaradıcılığında olduqca ənənəvi materiallardan - karandaş və kağızdan istifadə edir. Onun qəlbində Şərq/Cənub ilə Qərb/Şimal mübarizə aparır, çünki xanım həmkarlarından fərqli olaraq, özünün İslam ölkəsindən dünyəvi dövlət olan Azərbaycana gəlib və buraya adaptasiya olunmalıdır.

Qızlar isə dünyaya gələndən bəri sekulyar cəmiyyətdə yaşayıblar. Onların işləri dünyagörüşlü yetərlilik, ətraf aləmin özünə inamlı qavramını təqdim edir.

Onların öz layihələrini həyata keçirmək vasitələri də kifayət qədər genişdir - bunlar heykəltaraşlıq installyasiyaları, videodur...

İki dünya qavramı və gender mövqelərinin bir qrup daxilində toqquşmasının özünün də maraqlı sonucları var - kimin baxışları daha orijinal və tamaşaçı üçün maraqlı olacaq, müasirlik şüalarını öz sərt, kompromissiz dünyabaxışına yönəldən ənənəvi, sırf kişi optikasımı, yoxsa patriarxal "fallosentrikliyi" seyrəldən problemlərə qadın baxışımı?

Cemma Səttar "Tarakanlarla insan" adlı heykəltaraşlıq işini təqdim edəcək. Müəllifin sözlərinə görə, hər kəsin beynində öz tarakanı var, sadəcə, bəziləri bu tarakanları əhliləşdirirlər, bəziləri isə yox.

"Tarakanların canı o qədər bərkdir ki, bir neçə həftə ərzində başsız da yaşaya bilərlər. Ürəkdən gələn hər bir fikir başla razılaşmır. Sözlər, sadəcə olaraq, bizim beynimizdə yaranan saysız-hesabsız fikirlərin solğun kölgəsidir. Fikirlər nə gecə, nə də gündüz insanı tərk etmir. Hamı kimi danışırsınız, lakin özünüz kimi düşünürsünüz. Fikirlər birə kimi insandan-insana keçir, hamını dişləmir. Fikir görünməzdir. "Öz fikirlərinizə diqqət edin, onlar əməllərin başlanğıcıdır" (Lao Tszı)".

Onun "Qərb-Şərq" videosu (5 dəq.) da təqdim olunacaq.

Videoçarxın müəllifi belə deyir:

"Necə olur ki, izdihamın içində insanla qarşı-qarşıya gəlirsən, lakin onu keçə bilmirsən?! Hansı tərəfə keçmək istəsən, o da həmin tərəfə keçir.

İki qız qarşılaşır - biri Şərqin, digəri Qərbin təcəssümüdür. Bütün məsələ nisbilikdədir. Qızlardan biri vücuduna görə sola, digəri isə sağa addım atır. Fəqət, onlar bir-birlərinin keçidinə imkan verməyərək eyni istiqamətdə hərəkət edirlər".

Fidan Seyidova və onun "İfrat laqeydlik" adlı videosu (5 dəq). Fidan öz fikirlərini belə ifadə edir:

"İnsan-cəmiyyət" münasibətləri sosiumun təkamülünün göstəricisidir. İnsanların istənilən toplumlarında "doğma" və "yad" anlayışları mövcuddur. Bəhs olunan məsələ də təkamülün nəticəsidir ki, həmin bölgü də öz başlanğıcını ailədən, məktəbdən və s.-dən götürür.

İnsanların etnik, dini və ərazi bölünmələri "özününkü" anlayışını dəqiq diktə edir. Altruizm cəmiyyətin geniş yayılmış xarakterik cəhəti deyil, buna görə də çox vaxt başqalarının problemləri bizi o qədər də maraqlandırmır və bəhs olunan prosesə görə də televizor qarşısında əyləşərkən şüuraltı şəkildə münaqişəli ölkələrin problemləri ilə müqayisədə insan özünün məişət problemlərinə üstünlük verir və səmimi bir şövqlə özünün şəxsi problemləri barədə narahat olur.

Video filmlərin səciyyəvi epizodlarına əsasən çəkilib: qəhrəmanlar üzlərində donuq ifadə, özlərindən sonra partlayan və alovlanan maşınlarla evləri qoyub gedərkən olduğu kimi... Bu, münasibətlərin göstəricisi olmasa da, bəşəriyyətin formalaşmasının min illər ərzində yaranmış simvoludur. Səhərlər evdən çıxanda hər birimiz axşamlar minlərlə laqeyd gözlərin baxacağı xəbərlərdə ola bilərik".

Nəzrin Məmmədova özünün "Et cetera" adlı fotosunu təqdim edəcək. Öz işini şərh edərkən gənc rəssam belə deyib:
"İnsanın mövcudluğu izsiz və xatirəsiz mümkündürmü? Əks halda yaddaş yaşanmış anlar və sübutlarla birgə nə qədər yaşaya bilər? Hərdən biz emosional şəkildə elə güclü bir anın içində baş vermiş hadisələrlə rastlaşırıq ki, həmin hadisə ömürlük bizim beynimizə həkk olunur. Mənim üçün fotoqrafiya fasiləsizlik və dünyada mövcudluğun əhəmiyyətli olduğu duyğusunu yaratmaq üçün yeganə üsuldur.

Bu fotolar seriyasında əks olunanlar hər gün baş verənləri yaddaşa həkk etmək cəhdidir.
Burada özümə aid olan, mənə olduqca aydın olan, lakin gözümdən yayınan hadisələri kateqoriyalara bölməyə çalışmışam.

Bu müxtəlif parçalara bölünmüş həyatı formaya salmaq əslində bütövləşdirmək, birləşdirmək cəhdidir; belə ölümsüz tarix indikinin mövcudluğudur. İndiki ilə narahatedici bir maraq, mücərrəd və xəyali yolların araşdırılması və özünütanıma, özünə tapınma istəyi yaranır. O keçid ki, mən özümü bilavasitə görürəm - ətrafdakı hər şey mənim istəklərimlə hərəkət edir.
Bəhs etdiklərim həm insan, həm də rəssam kimi mənim üçün müəyyən xəyal, ideya, hiss və ya inam deyil. Həmin anlar sürəkli təkrarlananın fərdi yoluna - anlaşılmaz, izaholunmaz melodiyaya bənzəyir.

Rza Xəzəri "Sürgündə" adlı qrafik işini təqdim edəcək.

"Ənənəvi cəmiyyətdə həyatın mənası və böhran, eyni zamanda mühacirət işlərimdə əks olunub. Vətəndaş müharibəsindən sonra xalqımın başına gələnlər, insani dəyərlərin və əsas hüquqların yoxluğu və mənim ailəmin sürgünlüyü. Müxtəlif situasiyalardakı insanların düşüncələri və davranışlarındakı paradoks. Unudulmuş insanın daha yaxşı vəziyyətə, məmnuniyyətə və sakitliyə nail olması üçün çağırış".

ARAYIŞ:

Cemma Səttar (1990)
A.N.Kosıgin adına MDTU-nun tələbəsi (TİF)

Sərgilər:
2011 onlayn-layihə Workshop#2 "Holzgarten Accessories"
2011 "Suqino" məktəbinin qrafik işlərinin Yapon Milli sərgisi. Moskva, Rusiya
2011 "ÖN SÖZ" müasir incəsənət sərgisi, YARAT! Müasir İncəsənət Məkanı. Bakı, Azərbaycan.
2011 "Vətən mülkü" qumdan hazırlanan monumental heykəllər sərgisində "Georgi lenti" aksiyası. Moskva, Rusiya.
2011 Beynəlxalq qrafik işlər sərgisi. Berlin, Almaniya.
2010 Concourse international des creatures de mode. Monte-Carlo
2010 "İncəsənət insanı necə sağaldır" Mərkəzi Rəssamlar Evi. Moskva, Rusiya.

Fidan Seyidova (1990)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi

Sərgilər:
2011 "ÖN SÖZ" müasir incəsənət sərgisi, YARAT! Müasir İncəsənət Məkanı. Bakı, Azərbaycan.
2011 Fransanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan müasir incəsənət sərgisi. Bakı, Azərbaycan.

Nəzrin Məmmədova (1989)
Avrasiya Diplomatik Akademiyasının məzunu (Azərbaycan)

Sərgilər:
2011 "ÖN SÖZ" müasir incəsənət sərgisi, YARAT! Müasir İncəsənət Məkanı. Bakı, Azərbaycan.
2010 ART BAZAR, Müasir incəsənət sərgisi, Bakı, Azərbaycan.
2010 "Alüminium" 4-cü Beynəlxalq müasir incəsənət biennalesi. Bakı, Azərbaycan.
2009 "Azərbaycan qadını" Muzey mərkəzində fotosərgi. Bakı, Azərbaycan.

Rza Xəzəri (1987)
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi

Sərgilər:
2010 "Yaradan" qalereyasında nəqqaşlıq sərgisi. Bakı, Azərbaycan.
2009 "Corner" qalereyasında nəqqaşlıq sərgisi. Bakı, Azərbaycan.
2008 "Nizami" rəsm qalereyasında nəqqaşlıq sərgisi. (İran rəssamlar təşkilatı)
2007 "Momayez" rəsm qalereyasında nəqqaşlıq sərgisi. (İran rəssamlar təşkilatı)
2006 "Merin" rəsm qalereyasında nəqqaşlıq sərgisi.

Xəbər lenti

Xəbər lenti