...

"YAY" sərgi salonunda "Başqa bir şəhər" sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 28 Sentyabr 2013 13:35 (UTC +04:00)
Bakıda "YAY" sərgi salonunda "YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə azərbaycanlı rəssamlar Hüseyn Haqverdiyev və Rəşad Ələkbərovun "Başqa bir şəhər" adlı sərgisi açılıb.
"YAY" sərgi salonunda "Başqa bir şəhər" sərgisi açılıb (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir V.İmanov/

Bakıda "YAY" sərgi salonunda "YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə azərbaycanlı rəssamlar Hüseyn Haqverdiyev və Rəşad Ələkbərovun "Başqa bir şəhər" adlı sərgisi açılıb.

Trend-in məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, "ÜNS" Yaradıcılı Səhnəsinin bədii rəhbəri, professor Nərgiz Paşayeva, "YARAT!" Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova, görkəmli ictimai, incəsənət və mədəniyyət xadimləri, diplomatik missiyaların nümayəndələri iştirak ediblər.

"Başqa bir şəhər" Azərbaycan rəssamları H.Haqverdiyev və R.Ələkbərovun əbədiyyən cavan, heç vaxt yuxuya getməyən, daima yenilənən və dirçələn meqapolis ruhunu yenidən düşünərək hiss etmək cəhdidir. Sərgi YAY qalereyasında sentyabrın 27-dən oktyabrın 15-dək keçirilir.

Rəssamların nəzərində şəhər çoxşəkillidir: dinamik və tikanlıdır, saxta, eyni zamanda çox dürüstdür, gümrah və insanı sarsıdandır, cəlb edən və mənfurdur. O bizi tənha və sərbəst hala salır, əsəblərimizi cilovlayır, stereotiplərdən və xofdan azad edir, lakin yeniləri ilə də əvəz edir.

Onun binalarının divarlarında bizim kölgələrimiz titrəyir, özümüz isə ciyərlərimizə tüstünü dolduraraq, onun işıq və dumanlarına qovuşuruq.

Meqapolisdə həyatını keçirdən rəssamın hissləri kəskinləşir, o, beton plitələrin gözəlliyini görməyi, metal konstruksiyaların romantikasına valeh olmağı öyrənir. Müasir şəhər artıq şəhər divarlarının arxasında gizlənmir, o, şüşə və metaldan tikilmiş ofis binalarının qüllələri ilə seçilir. Şəhər polad təkin bərk əsəb, məhdud məkanlarının nizamı, mövcudatın dəqiq alqoritmi deməkdir...

R.Ələkbərov elə şəhər mühitinin özünə bənzəyən, metal konstruksiyalardan qurulmuş instalyasiyalar yaradır. Lakin bu instalyasiyalar elə ağlasığmaz, ecazkar tərzdə yığılıb ki, onların saldığı kölgələr insan portretlərini təşkil edir. Rəssam yaradıcılığının nəticələri insanı heyran edir. Onun səbrlə yaratdığı kompozisiyalarının hamısı əslində soyuq divar üzərində işıq və kölgə ilə şəkil çəkmək cəhdidir...

H.Haqverdiyevin qrafik işlərində də həmin ciddilik, yekrənglilik, xəttlərin dəqiqliyi açıq-aşkar qeyd edilir və şəhərin boz-qəhvəyi rənglər palitrası ilə həmahəngdir. Onun yaratdığı bütün qrafik işlərdə şəhər damlarından və mansardalardan görülən yol hərəkəti ilə bağlı fikirləri yaradır. Həmin işlərə diqqətlə baxsaq gözümüzün önündə sıralara düzülmüş səs-küylü maşın karvanları və yüksəkvoltlu məftillər və parabolik antenalar xanaları ilə bəzədilmiş alatoran səma peyda olacaq. Bu şanaşəkilli mənzillər və onların içində salınmış və özünü nəhəng bir qarışqa yuvasında hiss edən sakinlərin şəhəridir. Bu şəhər uğuldayır və əsir, həyəcanlı həftəiçi günlər və kədərli oyanışlarla doludur. Tozlu dalanlarda məqsədsiz gəzintilər və siqaret tüstüsü bu şəhəri xarakterizə edir.

Lakin fransız filosofu Jil Delenin dediyinə görə, "hər bir şəhərin içində hər zaman başqa bir şəhər var". Müasir sərt və müvəffəqiyətli insanlara məxsus böyük ümidlər və məyusluq şəhərlərin içində sirli bir şəhər mövcuddur.

Dərin psixoloji təsirə malik R.Ələkbərovun işlərinə nəzər yetirdikdə bunu yəgin anlayırsan. Kölgə və işıq oyunu ətraf dünyanın xəyali olması hissini doğurur. Kabus şəhəri və orada yaşayan əcaib məxluqatlar gecə peyda olurlar və yalnız dan yeri sökülərkən qeybə çəkilirlər. Rəssamın yaratdığı əsərlər çox zərifdir və yalnız qaranlıq otaqlarda gözə görünür. Müəllifin hökmü ilə dünyaya göz açan portretlər xatirələr pərdəsini yortan, çoxdan unudulmuş keçmişin surətləri rolunu ifa edirlər.

RƏSSAMLARIN TƏRCÜMEYİ-HALLARI

Hüseyn Haqverdiyev 2003-cü ildən etibarən Azərbaycan xalq rəssamı fəxri adını daşıyır, Əzim Əzimzadə adına Bakı Dövlət Peşə Məktəbinin (1975) və Muxina adına Sankt-Peterburq Akademiyasının (1980) məzunudur. Rəssam müxtəlif vəsaitlərlə və müxtəlif janrlarda, o cümlədən heykəltəraşlıq, rəngkarlıq, şəkil, monumental incəsənət sahələrində işləyir; yaratdığı işlərdə əsasən irihəcmli formalara üstünlük verir. O, Bakı Kafedral Kilsəsində yerləşdirilən Müqəddəs Məryəm heykəlinin, habelə Sənqəçal Terminalında epik məzmunlu mozaik pannonun müəllifidir.

Rəşad Ələkbərov 1979-cu ildə dünyay göz açıb və Azərbaycan Dövlət Universitetini "tətbiqi incəsənət" ixtisası üzrə 2001-ci ildə bitirib. Kölgə və işıq oyununun məharətli istifadəsi ciddi tarixi və mədəni mövzularla qovuşan əsərlər Rəşad Ələkbərova şöhrət qazandırıb. 2012-ci ildə Rəşad Ələkbərov BƏƏ-nin Şərcə şəhərində keçirilən İslam İncəsənətinin Festivalında iştirak edib. Onun ərsəyə gətirdiyi işlər iki dəfə Beynəlxalq Venesiya Biennalesində təmsil olunmuşdu: 2007-ci ildə Azərbaycanın rəsmi pavilyonunda və 2013-cü ilin yaz mövsümündə "Love me Love me not" sərgisi çərçivəsində "YARAT" pavilyonunda.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti