Bakı. Trend:
Saxalində "Vostok" balıqçı gəmisinin itməsi ilə əlaqədar cinayət işi açılıb.
Trend-in məlumatına görə, bu barədə Uzaq Şərq Nəqliyyatda İstintaq İdarəsindən bildiriblər.
Təhqiqat RF Cinayət Məcəlləsinini 236-cı maddəsinin 3-cü bəndi üzrə (Dəniz nəqliyyatının hərəkəti və istismarı üzrə təhlükəsizlik qaydalarının pozulması - ehtiyatsızlıqdan 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) aparılır.
"Vostok" gəmisi Koreya Respublikasının Donqhe limanından Saxalin vilayətinin Holmsk limanına hərəkət edirmiş. Gəminin göyərtəsində 21 nəfər olub. Yanvarın 24-ü gecə qəza siqnalından sonra gəmi ilə əlaqə kəsilib. Axtarışlar davam edir.
Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Azərbaycanın Yaponiyadakı səfirliyi Yapon dənizində itən gəmidə Azərbaycan vətəndaşının olub-olmamasını araşdırır.
Rusiya Fövqəladə Hallar Nazirliyindən isə Trend-ə deyiblər kİ, gəminin göyərtəsində hansı ölkələrin vətəndaşlarının olduğu hələ məlum deyil.
Qeyd edək ki, Yapon dənizində göyərtəsində 21 nəfər olan balıqçı gəmisi itib. Məlumatlı mənbə RİA Novosti-yə bildirib ki, ekipaj üzvlərindən biri azərbaycanlıdır.