...

Prokurorluq Lənkəranda iki uşağın ölümü ilə nəticələnən yanğın barədə açıqlama yayıb

Gündəm Materials 11 Noyabr 2020 13:25 (UTC +04:00)
Prokurorluq Lənkəranda iki uşağın ölümü ilə nəticələnən yanğın barədə açıqlama yayıb

Bakı. Samir Əli - Trend:

Bugün saat 05 radələrində Lənkəran şəhərində evin yanması nəticəsində 2 azyaşlının ölməsi faktı ilə bağlı istintaq aparılıb-aparılmadığını öyrənmək məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti ilə əlaqə saxlayan zaman bildirildi ki, Lənkəran şəhəri Səttərxan küçəsi 8 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 2019-cu il təvəllüdlü Quts Emil Cəsarət oğlu və 2014-cü il təvəllüdlü Quts Milana Aleksandrovna həlak olmuş, 2018-ci il təvəllüdlü Quts Artyom Aleksandroviç xəsarət almışdır.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, faktla bağlı FHN-nin İstintaq-Əməliyyat idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

FHN-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, yanğın-texniki ekspertizası və məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti