Bakı. Samir Əli - Trend:
EHİM “Rəqəmsal icra hakimiyyəti” portalı üzrə yerli icra hakimiyyətləri ilə təlimlərə başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılmış “Rəqəmsal icra hakimiyyəti” portalının onlayn rejimdə təqdimatı keçirilib. Portal barədə geniş təlim Gəncə şəhəri, Quba və Masallı rayonlarının yerli icra hakimiyyətləri üçün ayrı-ayrılıqda təşkil olunub. Onlayn görüşdə qeyd edilən rayonların icra hakimiyyətlərinin aidiyyəti əməkdaşları iştirak ediblər.
Öncə iştirakçılara layihə haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması Dövlət Agentliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” layihəsi çərçivəsində həyata keçirilir.
Sonra portalın funksionallığı haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, portal vətəndaş qəbulu, elektron xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla dörd istiqamətdə vətəndaşlara xidmət göstərəcək.
Belə ki,
• “Vətəndaş qəbulu” bölməsi vasitəsilə bölgədə yaşayan vətəndaşlar yerli icra hakimiyyəti orqanları ilə onlayn və ya fiziki görüş təyin edə bilərlər;
• “Elektron xidmətlər” bölməsində elektronlaşdırılması mümkün olan xidmətlər təqdim olunub;
• “Elektron iştirakçılıq” bölməsində yerli icra hakimiyyəti orqanları həyata keçirilməsi planlaşdırılan layihələr və yeniliklər haqqında vətəndaşların fikir və münasibətlərini öyrənə biləcəklər. Bununla yanaşı, burada vətəndaşlar və yerli icra hakimiyyəti orqanları onlayn sorğu yaratmaq və vətəndaş səsvermələrini izləmək imkanı əldə edəcəklər. Bu bölmə regionlarda data əsaslı qərarvermə və vətəndaş inklüzivliyinə dəstək göstərmək məqsədilə yaradılıb;
• “Məlumatlandırma” bölməsi vasitəsilə yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlər haqqında məlumat əldə etmək mümkün olacaq.
Təqdimatda portalın bütün modulları təqdim edilib, vətəndaşlar tərəfindən xidmətlərə müraciət prosesi, eyni zamanda yerli icra hakimiyyətləri üçün yaradılmış idarəetmə panelində iş axını, hesabatlılıq modulu və s. əyani olaraq göstərilib.
Görüş zamanı yerli icra hakimiyyəti nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri ətrafında geniş müzakirələr aparılıb.
“Rəqəmsal icra hakimiyyəti” portalının tezliklə vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.
Xatırladaq ki, Dövlət Agentliyi ilə GİZ arasında həyata keçirilən layihənin digər istiqaməti “Yerli icra hakimiyyətlərində ASAN standartlarının tətbiq edilməsi”dir.
Layihə qərar qəbuletmə prosesində operativliyin artırılmasına, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsinə, vətəndaşların vaxtına qənaət edilməsinə, müraciət prosesinin asanlaşdırılmasına, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib.