...

Arvadını maşınla vurub, sonra bıçaqlayan şəxs qətli uşağa görə törədib - TƏFƏRRÜAT

Gündəm Materials 25 Mart 2022 12:30 (UTC +04:00)
Arvadını maşınla vurub, sonra bıçaqlayan şəxs qətli uşağa görə törədib - TƏFƏRRÜAT
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Goranboy rayonunda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Trend-in əldə etdiyi məlumata görə, hadisə uşaq üstə baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Mehman Süleymanov bir il əvvəl həyat yoldaşı Əfsanə Məmmədovadan ayrılsa da, rəsmi boşanmayıb. Cütlüyün birgə nikahdan iki oğlu, bir qızı var. Ə.Məmmədova bir il əvvəl uşaqları ilə birlikdə Goranboy rayonunun Dəliməmmədli kəndinə, atasının evinə gəlib. Ayrı qaldıqları müddətdə M.Süleymanov bir neçə dəfə həmin kəndə gələrək uşaqları ilə görüşüb.

Məlumata görə, M.Süleymanov Novruz bayramı ilə əlaqədar uşaqlarını gəzməyə aparmaq istəyib. Lakin Ə.Məmmədova buna etiraz edib və uşaqların atası ilə getməsini istəməyib.

Martın 23-də M.Süleymanov Goranboy rayonuna gələrək uşaqlarını həyat yoldaşından tələb etsə də, qadın uşaqları gizlədib.

Martın 24-də M.Süleymanov yenidən kəndə gəlib uşaqlarını istəyib. Ə.Məmmədova növbəti dəfə ona rədd cavabı verib. Həmin gün günorta radələrində Ə.Məmmədova Dəliməmmədli kəndində atasının evindən çıxarkən qəfil M.Süleymanovla rastlaşıb. M.Süleymanov ondan uşaqlarının yerini soruşanda Ə.Məmmədova ona rədd cavabı verib və aralarında mübahisə yaranıb. Qadın M.Süleymanovdan ayrılaraq qaçmağa başlayıb. M.Süleymanov isə dərhal idarə etdiyi "Land Rover" markalı avtomobilinə oturaraq qadını avtomobillə qovub. O Dəliməmmədli musiqi məktəbinin qarşısında qadını maşınla vurub. Hadisə nəticəsində Ə.Məmmədova ağır xəsarətlər alsa da, M.Süleymanov bununla sakitləşməyib. O avtomobilində olan bıçaqla qadına bir neçə zərbə endirərək qətlə yetirib.

Məlumata görə, hadisəni törədən M.Süleymanov Bakı şəhərində sahibkarlıqla məşğul olurmuş. Kifayət qədər imkanlı olan Mehmanın Bakıda 2 mebel sexi, mağazaları, Yevlax şəhərində isə ticarət obyektləri var.

Xatırladaq ki, hadisə martın 24-də Goranboy rayonunun Dəliməmmədli kəndində baş verib. Goranboy Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 24-də saat 14 radələrində 1985-ci il təvəllüdlü Məmmədova Əfsanə Faxrəddin qızının öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, eləcə də zəruri cinayət-prosessual hərəkətlər icra edilib.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Mehman Süleymanov idarə etdiyi «Land Rover Discovery» markalı avtomobillə saat 13 radələrində rayonun Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında öldürmək niyyəti ilə 1 ildir faktiki olaraq ayrı yaşadığı arvadı Əfsanəni vurub, daha sonra avtomobilində gəzdirdiyi mətbəx bıçağı ilə ona bir neçə kəsilmiş-deşilmiş xəsarətlər yetirib.

Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mehman Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayətin törədilməsində istifadə olunmuş bıçaq sonuncudan götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti