...

"Atletlər kəndi"ndəki qəza ilə bağlı şahidlər dindirildi

Hadisə Materials 6 May 2016 15:09 (UTC +04:00)
Məhkəmə prosesi mayın 13-də davam edəcək.
"Atletlər kəndi"ndəki qəza ilə bağlı şahidlər dindirildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı "Atletlər kəndi"ndə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirləndirilən sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" xidmətinin operatoru Elçin Həsənov və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Malik Əliyev, Yunus Abdullayev, Elşad Dəmirçiyev, Arif İsgəndərov, Ramin Məmmədov, Kamran Quliyev və Arif Məmmədov şahid qismində ifadə veriblər.

Məhkəmə prosesi mayın 13-də davam edəcək.

İttihama görə, 2015-ci ilin iyun ayının 11-də "Atletlər kəndi"nin nəqliyyat deposunda "BakuBus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç və Luna Paceri vurub. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq, F.Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti