...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında kompromisə gəlmək vaxtı çatıb – ATƏT sədri Kanat Saudabayev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2010 12:48 (UTC +04:00)
Münaqişənin həll edilməməsi regiondakı vəziyyətə mənfi təsir göstərir, regional layihələrin həyata keçirilməsinə mane olur. ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi - xarici işlər naziri Kanat Saudabayev belə hesab edir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında kompromisə gəlmək vaxtı çatıb – ATƏT sədri Kanat Saudabayev

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir V.Javoronkova/

Münaqişənin həll edilməməsi regiondakı vəziyyətə mənfi təsir göstərir, regional layihələrin həyata keçirilməsinə mane olur. ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi - xarici işlər naziri Kanat Saudabayev belə hesab edir.

"Mən danışıqların gedişini diqqətlə izlədiyimizi qeyd etmək istərdim və hesab edirik ki, kompromisə gəlmək üçün qərarın qəbul edilməsi vaxtı çatıb", - Trend-ə müsahibəsində Saudabayev bildirib.

"Bu münaqişənin sülh yolu ilə həll olunmasına alternativ yoxdur", - ATƏT sədri belə düşünür.

"Möhkəm sülhə yalnız kompromis əsasında nail olmaq olar. Danışıqlar prosesinin dinamikasının saxlanılması üzrə mühüm işlər görən ATƏT-in Minsk qrupunun həmsədrlərinin sülhməramlı səylərini dəstəkləyirik", - Saudabayev qeyd edib.

Nazirin sözlərinə görə, hər üç vasitəçinin (Fransa, Rusiya və ABŞ) münaqişənin tezliklə həll olunmasında səmimi qəlbdən maraqlı olduqlarını göstərmələri çox vacibdir. Buna bariz sübut kimi, cari ilin iyununda Torontoda "Böyük səkkizliy"in sammitində üç ölkənin prezidentlərinin bəyanatı olub.

Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prezidentləri Kanadada keçirilən "Böyük səkkizliy"in zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan rəhbərlərini sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün münaqişənin həll olunmasının əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıblar.

Bəyanatda bildirilib ki, prezidentlər hər iki tərəfin münaqişənin bir sıra prinsiplərə, o cümlədən Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, Dağlıq Qarabağın təhlükəsizliyi və özünüidarəsi üçün təminat verən keçid statusu və Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək dəhliz kimi prinsiplərə əsaslanması zərurətini anlaması faktını irəliyə doğru mühüm addım sayıblar.

Bunlar yenilənmiş Madrid prinsiplərini əsas müddəalarıdır: qalan iki rayonun beş ildən sonra azad olunması şərti ilə birinci mərhələdə yeddi rayondan beşinin azad edilməsi, kommunikasiyaların açılması (bu məsələdə Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi gündəmə gələcək), bərpa işlərinin aparılması, qaçqınların öz evlərinə qayıtması, əhalinin təklükəsizliyini təmin etmək üçün sülhməramlı qüvvələrin yerləşdirilməsi, Dağlıq Qarabağa geniş özünüidarəetməni təmin edən aralıq statusunun verilməsi; və ancaq sonda tərəflər arasında etibarın bərpa olunmasından sonra sakit şəraitdə Dağlıq Qarabağın son statusunu müzakirə etmək mümkün olacaq.

Saudabayevin sözlərinə görə, Qafqaz qlobal proseslərdə, o cümlədən enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

"Region vasitəsilə Xəzər dənizinin neftinin əsas axını nəql edilir. İnvestorlar dünya bazarlarında onların birbaşa enerji resurslarına və dəyərinə təsir edən təhlükəsizlik və sabitliklə bağlı vəziyyətə heç də biganə deyillər", - o deyib.

ATƏT sədrinin sözlərinə görə, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək Qazaxıstan Respublikasının ATƏT-dəki sədrliyinin prioritetini təşkil edir. "Qazaxıstan sədrliyi sülhün və təhlükəsizliyin bərqərar olması, bu regionda əməkdaşlığın yaradılması naminə fəal vasitəçiliyə hazırdır", - nazir qeyd edib.

"Biz hesab edirik ki, Azərbaycan və Ermənistanla ümumi tarixə malik olan Qazaxıstan, ATƏT-in rəhbəri kimi məsələnin tarixini anlamaq və bilməklə danışıqlar prosesinə, Bakı və Yerevan arasında inamın möhkəmlənməsinə müsbət impuls verə bilər. Bundan başqa, bizim münaqişə tərəflərinin dövlət rəhbərimizə göstərdikləri inam kimi nüfuzumuz var", - Saudabayev bildirib.

"Qazaxıstan sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına göstərdiyi diqqəti, mənim ATƏT-in fəaliyyətdə olan sədri kimi Azərbaycan və Ermənistana səfərim sübut edir", - nazir vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti